“Azərbaycan tərəfi əlavə şərtlər irəli sürdüyündən, ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağa səfər edə bilmirlər”. “Novosti Armeniya”ya xəbər verir ki, bunu aprelin 2-də müxalif “İşıqlı Ermənistan” partiyasının sədri, parlamentdəki eyniadlı fraksiyanın sədri Edmon Marukyan bildirib.
“Həmsədrlər indiyədək Qarabağa Laçından keçərək gediblər. Ancaq indi Azərbaycan onların qarşısında şərt qoyub ki, Qarabağa yalnız Ağdamdan keçməklə gedə bilərlər” - deyə o vurğulayıb.
Həmsədrlərin məqsədi Qarağa getməkdirsə, onlar üçün nə fərqi var ki, ora Ağdamdan, yaxud Laçın dəhlizindən gedirlər? Bu, əlbəttə, həmsədrlərin Qarabağa gəlmək istəməməsinə bir bəhanə sayıla bilər.
Azərbaycanın həmsədrlərin qarşısına qoyduğu şərt erməniləri niyə narahat edir?
“...indi çalışırlar ki, bir növ, həmsədrləri Azərbaycana qarşı qıcıqlandırsınlar”
Politoloq Sahil İsgəndərov baki-xeber.com-a bildirdi ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı məlum şərti irəli sürməsi tamamilə qanunauyğundur və ölkəmizin haqqıdır. “Azərbaycanın həmsədrlər qarşısına qoyduğu tələb ki, onlar Qarabağa - keçmiş münaqişə bölgəsinə, elə Xankəndinin özünə yalnız Azərbaycan ərazisindən keçib gedə bilər, bu, Ermənistan tərəfi narahat etməyə bilməz. Çünki sırf geosiyasi reallıq Azərbaycanın qoyduğu tələblər üzərində gedir. Əslində, Azərbaycanın tələbində qeyri-adi bir şey yoxdur. Ona görə ki, Azərbaycan yalnız indi yox, əvvəllər də, hələ münaqişənin həll edilməmiş dövründə dəfələrlə bu iradı tutmuşdu. Ora Azərbaycan ərazisi olduğu üçün onlar gəlib oraya Ağdam ərazisindən getməlidirlər. Doğrudur, əvvəllər olub ki, həmsədrlər bölgəyə gələndə Ermənistana səfər ediblər, sonra Azərbaycana, sonda isə münaqişə bölgəsinə gediblər. Onda, bəli, Azərbaycan həmin reallıqda o tələbi qoymurdu, çünki həmin dövrdə ərazilərimizin xeyli hissəsi, o cümlədən də Ağdam, Şuşa işğalda idi. Ona görə də Azərbaycan ərazisindən ora getməkdə bir çətinlik vardı. Amma indiki geosiyasi reallıqda artıq o torpaqlar işğaldan azad edilib. Azərbaycan hələ münaqişə həllini tapmadığı dövrdə həmsədrlərin “nazı” ilə çox oynayıb, amma indi Azərbaycan tərəf, konkret olaraq, bu tələbi qoyur, həmin tələb də çox düzgün yerinə düşür və haqlıdır ki, bizim ərazimiz olduğuna görə həmsədrlər gəlib mütləq Ağdamdan keçməlidirlər.
Ermənistan tərəfin bundan narahatlıq ifadə etməsinin heç bir məntiqi yoxdur. Yəni, konkret olaraq, beynəlxalq hüquq normaları da bunu tələb edir”.
S.İsgəndərovun qeyd etdiyinə görə, həmsədrlər keçmiş münaqişə bölgəsinə Azərbaycan ərazisindən gəlib keçməlidirlər, çünki o torpaqlar Azərbaycan torpaqlarıdır, baxmayaraq ki, orada müvəqqəti olaraq Rusiya sülhməramlıları kontingenti yerləşir, monitorinq mərkəzi var. “Azərbaycanın tələbi tam haqlıdır. Sadəcə olaraq, Ermənistanı narahat edən bir məsələdir. Ermənistanda çox gözəl başa düşürlər ki, yaranmış indiki reallıqda, konkert olaraq, Azərbaycan ATƏT-in Minsk Qrupu həmsədrlərinin “nazı” ilə oynamayacaq, həmsədrlərin bu və ya digər formada açıq, ya gizli şəkildə ermənilərin əlinə oynaması da artıq bu gün mümkün deyil. Erməniləri əsasən narahat edən budur.
Yeri gəlmişkən, nəzərdən qaçırmayaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bir neçə gün əvvəl tam açıq şəkildə etiraf etdi ki, bunlar, əslində, nə ilə məşğul olublar. İndi həmsədrlər bölgəyə gəlirlərsə, nəyə gəlirlər? Riçard Hoqlandın dediyi kimi, turist səfərinə gəlirlərsə, Azərbaycan tam səlahiyyətlidir ki, ümumiyyətlə, onları əraziyə buraxmasın, əməkdaşlıqdan tam imtina etsin. Çünki onlar özləri etiraf edirlər ki, 30 ildə nə ilə məşğul olublar. Turizmlə məşğul olublar. Bu baxımdan, Azərbaycanın haqlı tələbinin Ermənistanı narahat etməsində mən təəccüblü heç nə görmürəm. Çünki Ermənistan tərəfi reallıığın onların qəti əleyhinə işlədiyini bilir, indi çalışırlar ki, bir növ, həmsədrləri Azərbaycana qarşı qıcıqlandırsınlar, Azərbaycanın mövqeyi möhkəmləndikcə, görün, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qarşı nə qədər tələb irəli sürür. Əslində, xeyr, bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə qarşı yönəlməyib. İkinci bir tərəfdən, ATƏT-in Minsk Qrupu postmünaqişə dövründə hansısa missiya ilə məşğul olmaq istəyirsə, sıfırdan başlamalıdır”.
S.İsgəndərovun sözlərinə görə, həmsədrlər Azərbaycana çağırılmamış qonaq kimi gələndə Prezident İlham Əliyev onların nəzərinə münaqişənin bitdiyini çatdırdı. Ekspert dedi ki, indən sonra postmünaqişə dövründə real, müsbət bir təklif varsa, onlar buyurub bu təklifi versinlər. “Bax, elə keçmiş münaqişə bölgəsinə onların indinin özündə də gəlib Ermənistandan keçmək istəmələrinin özü də göstərir ki, yenə də onlar destruktiv fəaliyyətlə məşğuldurlar, postmünaqişə dövründə də onlar destruktiv mahiyyətlərini qoruyub saxlayırlar. Başa düşmürəm, onlara nə mane olur ki, gəlib Ağdamdan keçib keçmiş münaqişə bölgəsinə getsinlər” - deyə müsahibimiz qeyd etdi.
İradə SARIYEVA