"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İsgəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb". Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayişi zamanı deyib. O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Onun sözlərinə görə, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır:
"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda döyüşlər zamanı "İsgəndər" raketlərindən istifadəyə dair iddiaları şərh edib. Jurnalistlərə açıqlamasında Peskov deyib ki, bir neçə gün əvvəl "İsgəndər" raket komplekslərinin Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən tətbiq olunması ilə bağlı məlumatlar alt-üst olmuşdu. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, hazırda Kremldə azərbaycanlı hərbçilərin tapdığı bu kompleks qalıqlarının haradan atılması ilə bağlı heç bir informasiya yoxdur: "Bildiyimə görə, bu yeni məlumatlardır. Hərbçilərin bu barədə müfəssəl məlumata malik olub-olmadığı mənə məlum deyil". Göründüyü kimi, Rusiya Qarabağda ermənilərin “İsgəndər” raketindən istifadə etməsinə dair iddiaları təkzib etməyə çalışır. Rusiyanın bu gedişi nə ilə izah oluna bilər və bu faktdan Azərbaycan öz xeyri üçün hansı formada istifadə edə bilər?
“Həmin raketlərin Ermənistan ərazisindən atılması heç kimdə şübhə doğurmur”
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “İsgəndər” raketləri 70-ci illərin axırları, 80-ci illərin əvvəlində SSRİ-də istehsal edilib: “Zamanının ən müasir silahlarından sayılırdı. Məhz həmin zamanda OSV-1, OSV-2 adlı müqavilələr imzalandı. Həmin müqavilənin şərtlərinə görə, bir çox silah növlərinin istifadəsinə qadağalar tətbiq olundu. Bura “İsgəndər” də aiddir. Dövlətlər öz üzərlərinə öhdəlik götürdülər. Təəssüflər olsun, Rusiyada və onların həmin raketləri satdıqları ölkələrdə “İsgəndər”lər mövcuddur və orduların arsenalında, döyüş növbəsində qalmaqdadır. Müasir dönəm üçün həmin silahlar o qədər də yüksək qiymətləndirilmir. Dünya silah bazarında onun heç alıcıları da yoxdur. Biz görürük ki, apardığımız bütün müharibə dönəmində bizə qarşı ermənilərin vuruşmasına Rusiya ciddi dəstək verib. Bu məsələdə bunun bir daha şahidi olduq. Deyilən raketlər Rusiyanın Ermənistandakı 102-ci bazasında mövcuddur. Onun Şuşaya atılması tam təsdiqini tapır. Hətta belə fikirlər səslənir ki, Ermənistan bir deyil, bir neçə belə raketdən istifadə edib. Həmin raketlərin Ermənistan ərazisindən atılması heç kimdə şübhə doğurmur. Rusiya qadağan olunmuş raketi Ermənistana verdiyi üçün prosesi yayındırır. Şuşa dinc əhalinin yaşadığı şəhər statusunu daşıyır. Elə bir əraziyə bu cür raketin atılması beynəlxalq hərbi cinayət sayılır. Azərbaycan təsdiqini tapan bu faktdan ermənilərin bəşəriyyət əleyhinə olan cinayətlərini ifşa etmək üçün istifadə etməlidir”.
Məhəmmədəli QƏRİBLİ