Aprelin 1-də Slovakiya Milli Şurası 25-ci plenar iclasında “Dağlıq Qarabağ haqqında” qətnamə qəbul edib.
Erməni mediasının yaydığı məlumata görə, “Smer-SD” sosial demokratlar partiyasından olan deputat Marian Kerrinin təşəbbüsü əsasında müzakirəyə çıxarılan sənəd 120 səslə - yekdilliklə qəbul olunub. Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı sənəddən aydın olur ki, qətnamə Azərbaycana qarşı qərəzli xarakterlidir.
Belə ki, “dinc sakinlərin öldürülməsi”, “abidələrin və infrastrukturun”, “mədəni və dini irsin dağıdılmasından”, “üçüncü ölkələrin hərbi iştirakından” narahatlıq ifadə olunub. İddia olunub ki, “Dağlıq Qarabağın statusu” Minsk Qrupunun vasitəçiliyilə həll olunmalıdır. Bundan əlavə, ermənilərin “hərbi əsirlər”adlandırdıqları terrorçularla bağlı narahatlıq da ifadə olunub. Qətnamədən görünür ki, 1949-cu il Cenevrə Konvensiyası da 30 illik erməni işğalına son qoyulduqdan sonra yada düşüb. Parlamentarilər “hərbi əsirlərin azad olunmasını”, “Dağlıq Qarabağ”a beynəlxalq humanitar təşkilatların heç bir məhdudiyyət qoyulmadan buraxılmasını da zəruri hesab ediblər.
Bununla belə, erməni tərəf məmnuniyyətlə xatırladıb ki, 44 günlük müharibə dövründə də - 22 oktyabr 2020-ci il tarixdə Slovakiya Milli Şurası Qarabağa dair qətnamə qəbul edib.
Slovakiyanın belə addım atmasında təəccüb doğuran məqam odur ki, ölkə rəsmiləri “Cənub Qaz Dəhlizi”nin Slovakiyanın enerji təhlükəsizliyi üçün vacib mənbə olduğunu bəyan ediblər. Üstəlik, Slovakiya işğaldan azad edilən ərazilərin bərpasında iştirakda və “ağıllı şəhər” layihələrində maraqlı olduğunu bəyan edib. Bütün bunlar hara, belə bir qərəzli qətnamə qəbul edilməsi hara?
“Azərbaycan Slovakiyaya nota verməli və belə bir qərarın sülhə təhdid olduğunu bildirməlidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə Slovakiyanın bu qərəzli addımını bir sıra amillərlə əlaqələndirdi: “Slovakiyanın bu qərarı son günlər Azərbaycana qarşı bir neçə Avropa dövlətinin formalaşdırdığı qərəz siyasətinin davamıdır. Burada ermeni lobbisinin və Rusiyanın müəyyən dairələrinin də təsirlərini biz görə bilərik. Hesab edirəm ki, Slovakiya Milli Assambleyasının bu qərarı heç nəyi dəyişməyəcək. İlk növbədə, bu, regionda sülhə və təhlükəsizliyə qarşıdır. Bu, Ermənistan və Azərbaycan arasında normal münasibətlərin qurulmaması, müharibədən sonra əlaqələrin bərpa edilməməsi üçün bir qərardır. Azərbaycan müharibəni bitirib və ərazilərini işğaldan azad edib. Slovakiya da yenidənqurma ilə bağlı prosesdə olmaq üçün çalışırsa, bu o deməkdir ki, Slovakiya Azərbaycanı tam dəstəkləyib. İndi belə bir qərarın verilməsi həqiqətən çox əcayibdir. Bu, sözügedən dövlətin qərarının qeyri-ciddi olduğunu göstərir. Hesab edirəm ki, Azərbaycan Slovakiyaya nota verməli və belə bir qərarın sülhə təhdid olduğunu bildirməlidir”.
Politoloq hesab edir ki, sözügedən məsələ ilə bağlı diplomatik müstəvidə səylər artırılmalıdır.
Vidadi ORDAHALLI