Məşhur rusiyalı jurnalist etirazlara görə Gürcüstanı təcili tərk etməyə məcbur olub. Gürcüstana ad gününü qeyd etmək üçün çərşənbə günü gələn məşhur Rusiya jurnalisti Vladimir Pozner paytaxt Tiflisdə onun səfəri ilə bağlı başlamış kütləvi etirazlara görə artıq ölkəni tərk edib.
Bu barədə rusiyalı jurnalistin özü sosial mediada bildirib. Ötən gün Poznerin Tiflisdə qaldığı otelin qarşısında onun ölkəni tərk etməsi tələbilə kütləvi etirazlar başlamışdı. Etirazçılar Poznerin "Abxaziya heç zaman Gürcüstana qayıtmayacaq" sözlərinə görə və Gürcüstanın ərazi bütövlüyünü tanımadığı səbəbilə onun ölkədə qalmasını yolverilməz hesab ediblər. Bundan əlavə, etirazçılar Pozneri, onu müşayiət edərək Rusiyadan gəlmiş çoxsaylı çevrəsini və eləcə də, Tiflisdə onu qəbul edən oteli koronavirusla bağlı karantin qaydalarını pozmaqda ittiham ediblər. Gürcüstan mediasının yazdığına görə, ölkə rəsmiləri Poznerin, onu müşayiət edənlərin və onu qəbul etmiş otelin karantin qaydalarının pozulmasına görə cərimələndirildiyini bildiriblər. Lakin Vladimir Pozner Rusiyaya qayıtdıqdan sonra Gürcüstanı cəriməsiz tərk etdiyini deyib.
Qeyd edək ki, sözügedən jurnalistin qeyri-obyektivliyi yalnız Gürcüstanla bağlı olmayıb. O, Ermənistan və Azərbaycan arasında olan münaqişə zamanı haqsız mövqedə olan Ermənistanı dəstəkləyirdi. Gürcüstanda rastlaşdığı mənzərə Pozner üçün tarixi dərs sayıla bilərmi?
Əməkdar jurnalist Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Pozneri bizim ictimaiyyət də yaxşı xatırlayır: “Ermənistan-Azərbaycan münaqişəsi dövründə bölücü erməniləri açıq-aşkar dəstəkləyirdi. Rusiya televiziya kanallarında sırf Ermənistanın mövqeyni müdafiə edirdi. Onun etdiyi çıxışları biz unutmamışıq, unudan da deyilik. Abxaziya ilə də bağlı eyni mövqedən çıxış edirdi. Bu səbəbdən də Güney Qafqazın köklü xalqları olan azərbaycanlıların və gürcülərin ona münasibəti müsbət ola bilməz. Buna görə də, gürcü qardaşlarımızın ona göstərdiyi münasibət təkcə Poznerin özü üçün deyil, ümumiyyətlə həmin tipdə olan insanlar üçün dərs olmalıdır. Adam 87 yaşında gəlib belə bir rəzil vəziyyətlə üzləşirsə, keçmişinə dönüb diqqətlə baxmalı, nəyi yanlış etdiyini düzgün götür-qoy etməlidir. Ömrünün sonuna doğru o, gürcü və azərbaycan xalqlarından üzr istəməlidir. Çünki o dünyaya vicdanı təmiz getmək istəyirsə, bu üzrxahlığı bizə borcludur. Biz demirik ki, kimsə-kimisə dəstəkləyə bilməz. Etməlidir, ancaq ədalət hissini itirməmək şərtilə. Düşünürəm ki, Poznerin başına gələnlər ədalətsiz mövqe tutan, balansı itirən və qərəzli mövqe sərgiləyən başqa xadimlər üçün də pis bir örnək təşkil etməlidir. Onun üçün bundan ağır tarixi dərs ola bilməzdi”.
Məhəmmədəli QƏRİBLİ