Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı Aprel qələbəsindən 5 il ötür. Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrimizə törətdiyi təhlükəni aradan qaldırmaq idi.
Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdular. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ordumuzun endirdiyi zərbələr nəticəsində, ümumilikdə, 2 min hektardan çox ərazi və bir sıra vacib strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Ümumilikdə isə Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Aprel döyüşləri 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsində qalib gəlmək üçün hansı baza hazırladı? Bunun üçün hansı ideoloji, mənəvi-psixoloji, hərbi əsaslar yaratdı?
“Bu döyüşlər Azərbaycan əsgərinin nə qədər böyük hərbi, mənəvi, psixoloji, intellektual imkana sahib olduğunu göstərdi”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Aprel döyüşləri ərazilərimizin azad edilməsi üçün hərtərəfli əsaslar yaratdı: “Azərbaycan Ordusu tarixində Aprel döyüşlərinin xüsusi yeri var. Aprel döyüşləri 4 il sonra başlayan Vətən müharibəsinin tətikləyici missiyasını yerinə yetirdi. Ondan əvvəl Mübariz İbrahimovun cəbhədə göstərdiyi fərdi qəhrəmanlıq sonradan Aprel döyüşlərində ordumuzun vətənpərvər övladları tərəfindən təkrarlandı. Bütün bunlar istər ordumuzun, istərsə də xalqımızın həyatında yeni bir başlanğıcın əsasını qoydu. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güc yolu ilə öz ərazilərini azad etməyə qadirdir. Bu döyüşlər Azərbaycan əsgərinin nə qədər böyük hərbi, mənəvi, psixoloji, intellektual imkana sahib olduğunu göstərdi. Ona görə də bu böyük bir uğur idi. Şanlı Aprel qələbəsinin davamı olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinə başlayıb. 44 gün davam edən hərbi əməliyyatlar zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, həmin il dekabrın 1-də Laçın rayonu sülh yolu ilə Azərbaycana qaytarılıb. Bir sözlə, 44 günlük qələbəmizin təməl sütunu Aprel döyüşlərində qoyulub”.
Bu baxımdan, hərbi ekspert hesab edir ki, Aprel döyüşləri Azərbaycan üçün bir dönüş nöqtəsidir.
Vidadi ORDAHALLI