Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü zamanı Prezident İlham Əliyev peyvəndlərin ədalətsiz bölüşdürülməsini onun diqqətinə çatdırıb.
Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını bəyan edib.
Dövləti başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq, peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, digər ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirib.
Prezident İlham Əliyev ilk dəfə deyil ki, peyvəndlərin ədalətsiz bölüşdürülməsi məsələsini gündəmə gətirir və dünya ölkələrini bu sahədə ədalətli bölgüyə üstünlük verməyə çağırır.
Azərbaycan Prezidentinin bu çağırışlarından bəzi ölkələr niyə nəticə çıxarmırlar və ÜST özü nə üçün o dövlətlərə bir çağırış etmir? Bundan sonra ÜST bu istiqamətdə çağırışlar edəcəkmi?
“Bu qlobal problemin yeganə həlli qlobal yanaşma və qlobal humanizm prinsiplərinin nümayiş etdirilməsidir”
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə bildirdi ki, vaksinlərin bölüşdürülməsi ilə bağlı yaranan vəziyyət nə Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyi prinsiplərə, nə də bu vaksinləri istehsal edən dövlətlərin bu günə qədər sərgilədikləri mövqeyə uyğun gəlir, bu, humanizm prinsiplərinə zidd olan bir yanaşmadır: “Azərbaycan Prezidenti vaksinlərin ədalətli bölgüsü ilə bağlı müxtəlif fikirlər səsləndirdi və beynəlxalq təşəbbüslər irəli sürüb, bəşəriyyətin bəlasına çevrilən koronavirusa qarşı vahid mövqenin nümayiş etdirilməsinin xüsusi olaraq vacibliyini vurğulayır. Doğrudur, son günlər bəzi dünya ölkələrinin rəhbərləri də eyni mövqeyi nümayiş etdirməyə çalışırlar, bununla bağlı müxtəlif fikirlər səsləndirirlər, ÜST-lə birgə bəyanatlar verilir. Lakin bunun, prinsipial olaraq, vaksinlərin bölgüsündə nə dərəcədə rol oynayacağını söyləmək çətindir. Məntiqsiz görünən addımlar isə əhalinin sayından artıq vaksinlərin alınaraq anbarlara yığılması və vaksin ehtiyacı duyulan ölkələrə verilməməsidir, bunun, sadəcə, bir izahı var, bu da ondan ibarətdir ki, bəzi dövlətlər dəfələrlə artıq vaksin bazasını yaratmaqla vaksin ehtiyacı duyan dövlətlərə, faktiki olaraq, təzyiq göstərmək istəyirlər. Eyni zamanda, onun mahiyyətinə varmırlar ki, bir ölkənin sərhədləri çərçivəsində pandemiyaya qalib gəlmək mümkün deyil. Yəni bu qlobal problemin yeganə həlli qlobal yanaşma və qlobal humanizm prinsiplərinin nümayiş etdirilməsidir ki, Azərbaycan da artıq uzun müddətdir bu mesajları dünyaya verir” - deyə E.Mirzəbəyli qeyd etdi.
İradə SARIYEVA