24 aprel tarixi yaxınlaşdıqca “dünya erməniçiliyi” yenidən “erməni soyqırımı” qondarma iddiası ətrafında kampaniyaya start verməyə başlayıb. Amerikadakı erməni lobbisinin bir qrup təmsilçisi hesab edir ki, 46-cı prezident Co Baydenin “erməni soyqırımı”nı tanıması üçün münbit atmosfer formalaşıb.
Həvəslənən erməni lobbisi hesab edir ki, Bayden rəhbərliyi bu dəfə qondarma "erməni soyqırımı"nı tanıyacaq. İddia edirlər ki, Bayden qondarma "erməni soyqırımı"nı tanıyan ilk ABŞ prezidenti olacaq. Bunu həm də onunla əsaslandırırlar ki, Barak Obama prezidentliyə namizəd olarkən, “erməni soyqırımı”nı tanıyacağına dair söz versə də, buna əməl etməyib. Ancaq Bayden fərqli davranacaq. Ermənilərə bu məsələdə əsas ümid verən faktorlardan biri də Konqresin hər iki palatasının qondarma “genosid”i tanımasıdır.
Maraqlıdır, qarşıdan gələn 24 apreldə nə gözlənir? Bayden qondarma “genosid”i tanıyacaqmı?
“Bayden nə qədər zəif və reallıqdan bir qədər uzaq siyasətçi olsa da, heç vaxt bunu etməz”
Məsələyə münasibət bildirən politoloq Sahil İsgəndərli Baydenin belə bir addım atacağını istisna etdi. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əvvəla ermənilərin bu yöndə yenidən həvəslənmələrinin arxasında revanşizm məqsədləri dayanır. Erməni tərəfi hesab edir ki, ABŞ bu addımı atacaqsa, bu, digər dövlətlər üçün də yaşıl işıq yandıracaq. Hesab edirlər ki, guya bütün bunlardan sonra Ermənistanın Türkiyəyə yönəlik ərazi iddiaları öz həllini tapacaq. Ermənilər öz yalanlarına o qədər aludə olublar ki, elə bilirlər bütün dünya onların yalanlarına inanır. Qondarma “erməni soyqırımı”nın tanınması məsələsi 2015-ci ildə daha təhlükəli idi, nəinki indi. Ancaq 2015-ci ildən sonra reallıq xeyli dəyişib. O baxımdan, ermənilərin gözləntiləri özünü doğrultmayacaq. İndi onların ümidi yenidən demokratlaradır. Çünki 100 il əvvəl ermənilərə dəstək verən və regionda onları oynadan qüvvə Demokratlar Partiyası olub. Ənənəvi olaraq, Demokratlar Partiyası daha çox ermənipərəst mövqedən çıxış edir. Ancaq real politik deyilən bir anlayış var. Məsələ ondadır ki, Türkiyənin həm Cənubi Qafqazda möhkəmlənməsi, həm də Rusiya ilə sıx münasibətlərin qurulması ABŞ-da narahatlıq yaratsa da, Vaşinqton məsələyə fərqli yanaşır. ABŞ artıq Türkiyə ilə münasibətlərdə dialoqa, daha mülayim ritorikaya önəm verir. Ermənilər isə elə hesab edirlər ki, guya Bayden Türkiyənin regionda möhkəmlənməsinə cavab olaraq qondarma “genosid”i tanıyacaq. Bu, tamamilə yanlış dəyərləndirmədir. Əslində, Vaşinqton hesab edir ki, Türkiyə ilə münasibətləri mülayimləşdirmək lazımdır. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-da ABŞ-dan sonra hərbi baxımdan ikinci güclü orduya malikdir. Üstəlik, ABŞ-la Avropa arasında NATO ilə bağlı fikir ayrılığı var. Belə bir vəziyyətdə Vaşinqton Türkiyəyə yönəlik hansısa mənfi addım atmaz. Bayden nə qədər zəif və reallıqdan bir qədər uzaq siyasətçi olsa da, heç vaxt qondarma “erməni genosidi”ni tanımayacaq. ABŞ-dakı güc mərkəzləri hər zaman ermənilərdən bir alət kimi istifadə ediblər. Lakin bu o demək deyil ki, ermənilərin hər dediyini edəcəklər. Bu baş verməyəcək. Düzdür, Konqresin hər iki palatası qondarma “erməni soyqırımı”nı tanıyıb. Ancaq bu, “genosid”in hökumət səviyyəsində tanınması demək deyil. Ona görə də tam əminliklə deyirəm ki, Bayden “soyqırım” ifadəsini işlətməyəcək”.
Politoloq bir daha qeyd etdi ki, ermənilərin gözləntiləri əbəsdir.
Vidadi ORDAHALLI