Qarabağda mövcud olan qondarma rejim tarixin zibilliyinə gömülsə də, separatçılar və revanşistlər müəyyən cəfəng addımlar atırlar. Onlar hər bir fürsətdən istifadə edərək məhv edilmiş qondarma “Artsax”ın əski parçasından fərqi olmayan “bayrağı”nı ortaya çıxarırlar. Ermənilər yox edilən separatçı rejimin “bayrağı”nı təbliğ etməkdən əl çəkmirlər, özü də bunun cinayət olduğunu bilə-bilə.
Yayılan məlumata görə, martın 31-də keçirilən Ermənistan-Rumıniya matçında tribunada separatçıların qondarma “bayrağı” asılıb. Heç şübhəsiz ki, ermənilərin atdıqları bu addım Azərbaycanın ərazi bütövlüyünə qarşı bir təxribatdır və bu təxribat cavabsız qalmamalıdır. Ən azından, AFFA səviyyəsində bu məsələnin araşdırılması tələb edilməli və Ermənistan millisinin cəzalanması üçün lazımi addımları atılmalıdır.
Ekspertlər bildirirlər ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günündə məhz belə bir hadisənin baş verməsi ermənilərin və ermənizmin mahiyyətini ortaya qoyur.
“...məsələni araşdırıb FİFA qərar qəbul etməlidir”
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Bakı-Xəbər”ə bildirdi ki, 2022-ci ildə Qətərdə təşkil olunacaq Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan-Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma “bayrağı”nın asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanıb: “Biz bununla bağlı artıq sənədləri hazırlayıb FİFA-ya müraciət etmişik. Çünki həmin çempionat FİFA-nın bayrağı altında keçirilir, FİFA-nın yurisdiksiyasındadır və məsələni araşdırıb FİFA qərar qəbul etməlidir. Təbii ki, məhv edilmiş qondarma rejimin “bayrağı”nın orada nümayişi qanunaziddir və qəbuledilməzdir. Yarışların əsasnaməsində qeyd olunub ki, hər hansı bir siyasi şüarların səsləndirilməsinə, tanınmamış, qondarma “respublikaların bayraqlarının”, bu kimi əski parçalarının nümayişinə və sair icazə verilmir. Bütün sənədlər oyunun ertəsi günü hüquqi cəhətdən hazırlanıb. Çünki oyun Bakı vaxtı ilə gecə saatlarında idi. Bu, birinci hal deyil və bizim də ilk müraciətimiz deyil, indiyə qədər bu kimi məsələlərlə bağlı UEFA-ya dəfələrlə müraciət etmişik” - deyə F.Abdulla bildirdi.
AFFA baş verənlərlə bağlı FİFA-ya rəsmi müraciət edib, görək təşkilat bu qanunsuzluqlara qarşı hansı tədbir görəcək, Ermənistan millisinə nə kimi cəzalar verəcək? Bütün hallarda, Ermənistan millisinin tribunadan separatçıların əski parçasını asması bütün beynəlxalq qaydalara, konvensiyalara ziddir.
İradə SARIYEVA