31 mart tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov Braziliyanın Mina Jerays Universitetinin (UFMG) Beynəlxalq Tədqiqatlar mərkəzinin müəllim və tələbə heyəti və onlayn izləyicilər üçün “Azərbaycanda enerji geosiyasəti” mövzusunda mühazirə oxuyub.
Səfir ilk növbədə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi tariximizdə qaldığı və bu faciəvi günlərdə erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı törədilən vəhşiliklər, 90-ci illərdə isə onun davamı olan Birinci Qarabağ müharibəsi və erməni təcavüzü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Həmçinin keçən il Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunduğu, hazırda bu bölgədə bərpa işlərin aparıldığı və regionda sülhün bərqərar olunması naminə dövlətimiz tərəfindən atılan addımlar haqqında danışılıb.
Mühazirə zamanı dinləyicilər Azərbaycanın enerji geosiyasətinin təməlini qoyan və onun arxitektoru ümummilli lider Heydər Əliyevin bu sahədə əvəzsiz rolu, ölkəmizi dünyanın siyasi və enerji xəritəsində ön siralara çəkilməsi istiqamətdə yürütdüyü uzaqgörən siyasəti və onun nəticələri ilə tanış olublar. Ulu öndərin davamçısı olan Prezident İlham Əliyevin davamlı və milli maraqlarımıza söykənən siyasəti nəticəsində, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm iştirakçılar sıralarında yer tutduğu vurğulanıb. Çıxış zamanı səfir E.Poluxov ölkəmizin enerji siyasəti sahəsində gələcək planları və perspektivləri haqqında da danışıb. Tədbirin sonunda auditoriya və internet izləyicilərinin sualları cavablandırılıb.