Minsk Qrupunun keçmiş həmsədrlərindən olan Riçard Hoqlandın “The International Conflict Resolution Center” saytında öz vasitəçilik missiyaları ilə bağlı sensasion yazısından bir neçə sitata diqqət edək. Birinci sitat: “Biz beşulduz otellərdə, özəl yeməkxanaya giriş haqqı verilən, barlardan heç bir əlavə xərc çəkmədən faydalanıla bilən mötəbər adamların yerləşdirildiyi mərtəbələrdə qalırdıq. Ən yaxşı restoranlarda yeyirdik. Amma açığını desək, həddən artıq az nəticə əldə edilmişdi”.
Hər ay yarımdan bir bizim regiona, Moskvaya və Qərbdəki bir sıra ölkələrin paytaxtlarına oxşar turist səfərləri etdiklərini bildirən Hoqlandın “Lavrov planı” haqda yazdıqları da çox maraqlıdır: “Plan açıqlananda mən nəcib həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı razılaşıb bir-birinə güzəştə getsələr, Kreml onu reallaşdırmaq istəyəcəkmi? O açıq şəkildə cavab verdi ki, əlbəttə yox. Onda mən anladım ki, Dağlıq Qarabağ Ermənistanla Azərbaycan arasındakı ikitərfli problem deyil, Rusiyanın aparıcı və bəlkə də həlledici rol oynadığı üçtərəfli məsələdir”.
Bununla Hoqland deyir ki, onlar vasitəçilikdən daha çox, gözəl otellərdə gecələyib, bahalı restoranlarda yeyib-içib gəziblər.
Hoqlandın bu etirafedici açıqlamasından hansı nəticələri çıxara bilərik?
Rasim Quliyev: “Diplomatın verdiyi açıqlama mövcud şərait üçün də aktualdır”
“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ-lı həmsədr bununla həmsədrlik institutunun uzun illərdən bəri olan roluna işıq salmış olub: “Açıq etiraf edib ki, onların missiyası daha çox turist səfərləri kimi yadda qalıb. Gəlib yaxşı yerlərdə yeyib-içib dincəliblər. Çox gözəl şəkildə deyib ki, bunun müqabilində gördükləri işin faydalılıq əmsalı o qədər də böyük olmayıb. Deyir ki, rusiyalı həmsədrin sözlərinə görə, problem Moskvanın iradəsindən asılı olub. Bunu bilə-bilə missiya fəaliyyətini davam etdiribsə, deməli, onlar sadəcə başlarını dolandırmaqla məşğul olublar. Bu, ABŞ diplomatının açıq etirafıdır. O bunu etiraf edibsə, deməli, nəyisə açmaq istəyib. Hoqlandın əslində demək istədiyi budur ki, Minsk Qrupunun fəaliyyəti yalnız görüntüdən ibarət olub. Problemin həqiqi yaradıcısı və həllinə mane olan Rusiya olub. Həmsədr ölkələr bunu bilə-bilə fəaliyyətlərini saxlamayıblar. Aydın olur ki, bu format yalnız beynəlxalq balans baxımından önəmlidir”.
Ekspertin sözlərinə görə, ötən il belə bir açıqlama vermişdi ki, uyğun zamanda Azərbaycan öz problemini həll etməyə qalxacaq: “Biz həmin uyğun zamanı düzgün seçə bildik. Faktiki olaraq, Azərbaycan həmin missiyanın etməli olduğunu öz gücünə həyata keçirdi. Bu açıqlamanı ciddiyə almalıyıq. Diplomatın verdiyi açıqlama mövcud şərait üçün də aktualdır. Çünki bir çox ölkələr sözügedən formatı yenidən dirçəltməyə çalışır”.
Məhəmmədəli QƏRİBLİ