“Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur”. Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı II Qarabağ müharibəsi haqqında məlumat verərkən deyib.
Ölkə başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb: “Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzalayıblar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu. Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib və dağıdılmış ərazilərdə bərpa işləri başlayıb”.
Bütün bu deyilənlərin fonunda, Prezidentin “Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur” açıqlaması nə deməkdir?
“Ölkənin digər rayonlarında idarəetmə necədirsə, həmin ərazilərdə də o cür olacaq”
Məsələyə münasibət bildirən “Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin sözlərinə görə, bu o deməkdir ki, Qarabağa hər hansı bir statusun verilməsindən, bunun gündəmə gətirilməsindən söhbət belə gedə bilməz: “Bu baxımdan, Prezident İlham Əliyev toplantıda çox ciddi və aydın mesajlar səsləndirdi. Bunların hər birinin arxasında konkret iş dayanır. Rusların dönəmində tarixi Azərbaycan ərazilərində Ermənistan yaradıldı. Bu azmış kimi, 1923-cü ildə növbəti tarixi ədalətsizliyə yol verildi. Dağlıq Qarabağa Muxtar Vilayət statusu verildi. Halbuki, bu, böyük bir yanlış addım idi. Sonralar bu amil başımıza bəla oldu. Ulu Öndər Heydər Əliyev 1999-cu ildə yazıçılarla görüşdə çox haqlı olaraq qeyd etdi ki, o vaxt Dağlıq Qarabağa məlum statusun verilməsi çox böyük səhv idi. Çünki ermənilər həmin statusa söykənərək öz separatçı əməllərini həyata keçirməyə başladılar. Bütün bunlara baxmayaraq, ötən ilin 27 sentyabrında başlayan müharibə vəziyyəti dəyişdi. Məsələ ondadır ki, 44 günlük müharibə zamanı biz öz ərazilərimizi işğaldan azad etdik. Təmas xətti və əvvəlki status-kvo aradan qaldırıldı. Azərbaycanın əldə etdiyi böyük qələbə vəziyyəti kökündən dəyişdi. Əvvəllər ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağın statusu ətrafında iş aparırdısa, 44 günlük müharibədən sonra buna ehtiyac qalmadı. Çünki Ermənistan ətraf rayonların qaytarılması müqabilində status şərtini qoyurdu. Bu minvalla danışıqları uzatmaqla məşğul idi. Ancaq şanlı ordumuz həm ətraf rayonları, həm də Dağlıq Qarabağın əhəmiyyətli hissəsini işğaldan azad etməklə, erməni tərəfinin mənfur planlarını alt-üst etdi. Bu gün artıq hansısa statusa ehtiyac qalmayıb. Prezident bununla ermənilərə və dünyaya mesaj verdi ki, Qarabağa hər hansı xüsusi inzibati status verilməyəcək. Artıq bu məsələni bütün tərəflər yaddan çıxarmalıdır. Qarabağdakı rayonların hər biri Azərbaycanın digər rayonlarının statusuna malikdir. Digər rayonlarda idarəetmə necədirsə, Qarabağdakı ərazilərdə də o cür olacaq”.
Politoloq hesab edir ki, bu gün danışıqlarda diqtə edən tərəf Azərbaycan olduğuna görə heç bir tərəf bizi öz yolumuzdan döndərə bilməz.
Vidadi ORDAHALLI