Dövlət başçımızın martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə səsləndirdiyi “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı” kəlmələri bir daha onu deməyə əsas verir ki, bir də Ermənistan Azərbaycana qarşı torpaq iddiası irəli sürə bilməyəcək və bir də Dağlıq Qarabağ uğrunda ədalətsiz müharibə, münaqişə yaşanmayacaqdır.
Xalqımız illərlə torpaq həsrətilə yaşadısa da, bir an olsun Qarabağ arzusundan bir addım da geri çəkilmədi. Azərbaycan öz haqlı davasında axıra qədər getdi. Sonunda isə dövlətimiz tarixi ədaləti təkbaşına bərpa etdi. Çünki ölkəmizdə Prezident-Ordu-Xalq birliyi vardır. Ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda səfərbərliyi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillər oldu. Ümumiyyətlə Azərbaycan xalqı hər zaman tarixin bütün dönəmlərində həmrəy olmağı bacarmışdır. Dağlıq Qarabağ işğal edildikdən sonra o torpaqlar xalqımızın milli ləyaqət rəmzinə çevrilmişdir. İşğal altında olan həmin torpaqlarımızı geri almaq amalından heç vaxt əl çəkməyən xalqımız gec də olsa öz amalına nail oldu. Çünki, Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı bütün qüvvəsini ortaya qoydu. Bu Zəfər vətənpərvər xalqımızın əsəridir. Müharibə dönəmində vətəninə, millətinə bağlı xalqımız bir anda sanki düşmən çəpərinə çevrildilər. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə, sədaqətlə yerinə yetirdilər. Prezidentin səsləndirdiyi “Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni həll edib, tarixi Zəfər əldə edib” kəlmələri Ermənistan üçün olduqca sarsıdıcı, ağır kəmələr olsa da, bu sözlər xalqımız üçün qürurvericidir. Ölkə başçımızın səsləndirdiyi hər kəlmə xalqımızda bu zəfərin əbədi olacağına əminlik, arxayınlıq yaradır. Vətən müharibəsində dövlətimiz öz gücünü sadəcə Ermənistana deyil, bütün dünyaya nümayiş etdirmiş oldu. Nəhayət, dünyanı idarə eliyən aparıcı ölkələr anladılar ki, Azərbaycanın ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir. Azərbaycan BMT-nin Nizamnaməsi əsasında özünü müdafiə etmək hüququna malik idi. Dünyanın istənilən digər ölkəsi kimi, Azərbaycanın da öz ərazi bütövlüyünü bərpa etmək hüququ vardı. Yəni dövlətimiz bu münaqişədə, bu savaşda beynəlxalq hüquq normalarına zidd heç bir addım atmadı. Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun hakimiyyətdə olduğu illər ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu prinsiplər üstünlük təşkil edibdir. Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi dövlət başçımızın uğurlu xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev martın 31-də qeyri-formal Zirvə görüşündə qədim Azərbaycan torpağı olan Zəngəzur haqqında söylədikləri də, əminliklə deyə bilərik ki, türk dövlətlərinin ürəyincə oldu. O qeyd etdi ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Hər kəsə məlumdur ki, Ermənistandakı bugünkü vəziyyət olduqca acınacaqlıdır. Ağır məğlubiyyət Ermənistanda köklü sosial, iqtisadi böhrana səbəb oldu. Əslində Azərbaycan Ermənistana onunla əməkdaşlıq üçün böyük şanslar, təkliflər verir. Əgər bu şansdan Ermənistan ağılla, qərəzsiz şəkildə istifadə etsə, o zaman bir ölkə olaraq indiki acınacaqlı vəziyyətini yaxşılığa doğru dəyişməyə nail olacaqdır. Əks təqdirdə Ermənistanın bir dövlət kimi gələcək aqibəti sual altındadır.
Lamiyə İSAZADƏ “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri