“Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün”.
Bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısının sözlərinə görə, Ermənistanın hazırda müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək Türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, Türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün Türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər”.
Bununla Prezident erməni ictimaiyyətinə də mesaj verdi ki, qarşı tərəf bu imkanlardan faydalana bilər. Bu o deməkdir ki, Ermənistan bu imkandan düzgün nəticə çıxarmalıdır.
“Ölkəni bu böyük böhrandan çıxarmaq istəyirlərsə, o zaman nəqliyyat dəhlizinin imkanlarından istifadə etməlidirlər”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistan hakimiyyəti yeni yaranan imkanların fərqindədir, sadəcə, revanşist qüvvələrdən çəkinir: “Ermənistanda hakimiyyətdə olan qüvvələr bunu anlayır, amma hələlik bir qədər revanşist qüvvələrdən çəkinirlər. Məsələ ondadır ki, müharibədə məğlub olduqlarına görə Paşinyana yönəlik müəyyən narazılıq mövcuddur. Revanşistlər hər vasitə ilə bu amildən istifadə etməyə çalışırlar. Belə rəy yaratmaq istəyirlər ki, guya Zəngəzur dəhlizinin Ermənistana xeyri olmayacaq. Düzdür, Paşinyan revanşistlərin səsləndirdiyi arqumentlərin doğru olmadığnı arada deyir, ancaq hələlik onların üzərinə çox gedə bilmir. Eyni zamanda, bildirir ki, Ermənistan Türkiyə ilə də münasibətlər qurmalıdır. Ancaq problem ondadır ki, onun bu açıqlamaları müharibədə məğlubiyyət səbəbindən elə də eşidilmir. Fikrimcə, Ermənistanda keçiriləcək seçkilərdə Paşinyan qalib gəlsə, bu istiqamətdə səylərini artıracağı ehtimal edilir. Eyni zamanda, ölkədə müəyyən stabillik yaranmalıdır ki, Paşinyan hakimiyyəti bundan istifadə edə bilsin. Çünki normal, sağlam düşüncəli insan bunu başa düşməli və dərk etməlidir. Ölkəni bu böyük böhrandan çıxarmaq istəyirlərsə, o zaman nəqliyyat dəhlizinin imkanlarından istifadə etməlidirlər. Azərbaycan tərəfi bunu onlara təklif edərək Ermənistana vəziyyətdən çıxış yolunu göstərir”.
Politoloq onu da qeyd etdi ki, Ermənistan tərəfi bu imkanları düzgün dəyərləndirməsə, o zaman bundan itirəcək.
Vidadi ORDAHALLI