Dəfələrlə edilən çağırışlara rəğmən, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana vermir. Bu isə, ekspertlərin fikrincə, regionda sülh üçün ciddi təhdid yaradır.
Bu haqda danışmazdan öncə qeyd edək ki, Azərbaycan artıq işğaldan azad olunan ərazilərin minalardan kütləvi təmizləməsinə başlayıb. ANAMA-nın nümayəndəsi Mədət Məmmədov bu xüsusda bildirib: “Bugünə qədər işğaldan azad olunan ərazilərdə yalnız rabitə, kommunikasiya, avtomobil və dəmiryol xətlərinin keçdiyi ərazilərdə minadan təmizlənmə işləri aparılırdı. Amma indi proses bütün azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad olunan bütün ərazilər düşmən tərəfindən mina ilə çirkləndirilib. Ermənilər minalanmış ərazilərin xəritələrini təqdim etmədikləri üçün ərazidə vəziyyət olduqca çətin və təhlükəlidir. Minalanmış ərazilərin xəritəsinin ermənilərdən alınması istiqamətində beynəlxalq səviyyədə danışıqlar aparılır və müvafiq işlər görülür. Hazırda ərazilərin minalardan təmizlənməsi işləri sürətlə davam etdirilir”.
Ekspertlər qeyd edir ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməyə davam edəcəyi təqdirdə bu ölkəni məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır. Rusiyalı ekspert Stanislav Pritçin isə vurğulayır ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Ekspert qeyd edib ki, bu məsələ prinsipial əhəmiyyət daşıyır, çünki çox sayda mina, minalanmış ərazi və ümumiyyətlə silah-sursat olduğu üçün bu gün dinc əhali ölür: “Bu çox vacib və kəskin mövzudur. Ya xoşməramlılıq jesti olaraq, ya da digər məsələlərin müzakirəsi çərçivəsində mina sahələrinin xəritələri Azərbaycana verilməlidir. Bu problem həll edilməlidir”. Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq sədr müavini Mixaylo Qluqovskiy isə bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməməsi beynəlxalq normaların, müvafiq sənədlərin pozulması deməkdir: “Əlbəttə, bu məsələnin diplomatik yolla həll olunması daha yaxşı olardı. Çünki minaları kor-koranə təmizləmək çətin məsələdir. Olmasa, beynəlxalq təşkilatlara müraciət edilməlidir. Belə işlərlə ən çox BMT məşğul olur, orada müvafiq qurumlar var”. Ekspert dinc əhali arasında ölənlər olmasının böyük problem olduğunu da dilə gətirib: “İnsanları bu ərazilərə getməkdən necə çəkindirmək olar? Biz Ukraynada bununla üzləşmişik, hazırda Donetskdə hərtərəfli izahat işləri görürük. Bunun üçün çoxlu sayda könüllülərə ehtiyac var”.
İtaliyanın nüfuzlu “İnsideover” portalı da yazır ki, ərazilərin minalardan təmizlənməsi Ermənistanla Azərbaycan arasında sülh üçün ilkin şərtdir: “İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq üç aydan çox vaxt keçib, ancaq Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməyib. Bu davranış həm Azərbaycan, həm də Rusiya üçün ciddi fəsadlara gətirib çıxarır. İndiyədək 17 mindən çox partlayıcı maddə zərərsizləşdirilib, lakin ərazilərin minalardan təmizlənməsi zamanı rus sülhməramlıları arasında ölüm və yaralanma halları da qeydə alınıb”. Məqalədə qeyd olunur ki, mina partlayışları nəticəsində həyatını itirən insanların sayının artması fonunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanı minalanmış ərazilərin xəritələrini verməyə məcbur etmək üçün səfərbər olub və bununla bağlı dünya ictimaiyyətinə, beynəlxalq qurumlara və təşkilatlara, o cümlədən BMT-nin Baş Katibliyinə, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Şurasına və Avropa İttifaqına müraciət ünvanlayıblar. Portal İtaliyanın da bu məsələ ilə bağlı mövqeyinə toxunub. Bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında fəal iştirak edən və bir çox sahələrdə rəsmi Bakının əsas tərəfdaşı olan İtaliya Azərbaycanın müraciətlərinə biganə qalmayıb. Bundan başqa, martın 2-də İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasında qəbul edilən qətnamədə rəsmi Bakının 10 noyabr tarixli üçtərəfli bəyanata tam əməl etməsinin Ermənistanın diqqətinə çatdırıldığı, sülhün və mülki şəxslərin həyatının qorunması üçün rəsmi İrəvanın konstruktiv addımlar atmağa çağırıldığı qeyd olunub.
ABŞ-ın nüfuzlu “The National Interest” nəşri də İkinci Qarabağ müharibəsinin nəticələri, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı məqalə dərc edib. Burada qeyd edilir ki, Ermənistan və Azərbaycanın bugünə qədər həll edə bilmədikləri iki əsas məsələ qalır: "Birincisi, Azərbaycan hərbi qüvvələrinin dekabrın ortalarında, sülh müqaviləsi imzalandıqdan bir ay sonra ələ keçirdiyi 62 erməni əsgərinin statusu həll olunmamış qalır. Bu əsgərlər barışıq sazişini qəbul etməkdən imtina edərək Azərbaycan ordusuna qarşı hərbi əməliyyatları davam etdiriblər. Nəticədə Azərbaycanın üç hərbçisi və bir mülki şəxsi şəhid olub. Bu baxımdan, Bakı bu əsgərləri terrorizmdə günahlandırır və Ermənistana qaytarılan əsirlərdən fərqli olaraq, onları geri qaytarmaqdan imtina edir". Qeyd edilir ki, digər əsas məsələ Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsidir. Bildirilir ki, müharibə bitdikdən sonra mina məsələləri post-konflikt dövrdə əhəmiyyətli bir problem olub: "Qarabağ bölgəsi postsovet məkanında ən böyük mina çirklənməsi problemləri ilə üzləşmiş ərazilərdəndir və mina sahələrinin xəritələri olmadan bütün minaların təmizlənməsi çox çətindir. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi gələcək sülh səylərinə xələl gətirə bilər". Vurğulanır ki, Ermənistan barışıq niyyətinin göstəricisi olaraq Azərbaycana və sülhməramlılara mina xəritələrini verməlidir: "Bu cür fəaliyyət minalardan təmizlənmə əməliyyatlarını sürətləndirəcək və tərəflər arasında qarşılıqlı inamı artıracaq".
Tahir TAĞIYEV