Bir neçə gün əvvəl Avropa Şurasının sammitindəki çıxışı zamanı ABŞ Prezidenti Co Bayden bildirib ki, Türkiyə, Cənubi Qafqaz, Şərqi Avropa və Qərbi Balkanlarla bağlı məsələlərdə ABŞ və Avropa İttifaqının (Aİ) iştirakının davam etdirilməsinə ehtiyac var. O, Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərin yenidən canlandırılmasına sadiqliyini də ifadə edib. Bildirib ki, ABŞ demokratik dəyərləri və dünyanın ən böyük ticarət və investisiya tərəfdaşlığını paylaşdığı güclü Avropa İttifaqının olmasında maraqlıdır.
Ekspertlər qeyd edir ki, bununla ABŞ dünya geosiyasətində yenidən aktiv mövqedən çıxış etməkdə maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Bütün bunlara nəzər salan “Foreign Policy” dərgisi qeyd edir ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşmaq niyyəti Qarabağ məsələsi ilə bağlı proseslərin sonrakı gedişinə də təsir edəcək. Yazının müəllifi olan Daniel Baer ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın prosesdə səfir səviyyəsində çıxış etməli olduğunu yazır: “ABŞ prezidenti Co Baydenin vəzifədə 100 günü hələ tamam olmayıb, amma onun təhlükəsizlik və xarici siyasət komandası Yəməndən tutmuş Myanmaya qədər dünyanın bir sıra qaynar nöqtələrinə vaxt ayıra bilib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinə kömək etməli olması da burada qabarıq surətdə çıxış edir. Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Bayden administrasiyasının Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsinin dörd yolu var. Birincisi, atəşkəsin icrası üçün təzyiq göstərməkdir. Tərəflərin Rusiya prezidenti Vladimir Putinin iştirakıyla imzaladığı 10 noyabr sazişi ideal deyil. Ancaq yaxın perspektivdə atəşkəsin saxlanmasına alternativ yoxdur. Vaşinqton həm də ATƏT komandasının fəaliyyətini dəstəkləməlidir.
İkinci məsələ humanitar və yenidən məskunlaşma fəaliyyətini dəstəkləməkdən ibarətdir. Bu işə rəhbərlikdə yalnız Rusiyaya bel bağlamaq olmaz, yerli inamyaratma tədbirlərini həyata keçirə biləcək QHT-lər və beynəlxalq qurumlara da dəstək verilməlidir. Üçüncü faktor regionu əhatələyən iqtisadi inkişaf strategiyası yürütməkdir. İnfrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb oluna bilər, bu isə Ermənistanın, Azərbaycanın, eləcə də qonşu Gürcüstanın iqtisadiyyatını gücləndirər. ABŞ-ın maliyyə naziri Canet Yellen gələn həftə beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda bu regionu gündəmə gətirməlidir. Vaşinqton isə Avropa İttifaqı və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional inkişafın çərçivəsini hazırlamalıdır. Obama administrasiyasının yaratdığı və Tramp administrasiyasının davam etdirdiyi “C5+1” modeli Orta Asiyada regional məsələlər üzrə əməkdaşlığı nəzərdə tutur. Bu, yeni “SC3+2” çərçivəsi üçün model ola bilər, üç Cənubi Qafqaz ölkəsi, Birləşmiş Ştatlar və Avropa İttifaqını əhatələyər. Nəhayət, dördüncü yol diplomatiyanı canlandırmaqdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərdən biri olan ABŞ-ın prosesdə səfir səviyyəsində çıxış etməsi mühümdür. Azərbaycan Prezidenti İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu deyir. Ötən ilin dekabrında Prezident Bakıda həmsədrlərlə görüşündə onları səfərə dəvət etmədiyini, Minsk Qrupunun münaqişənin həllində heç bir rol oynamadığını qeyd edib. Bu fonda Prezident vurğulayıb: “Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”. Azərbaycanda müxalifət qüvvələri və müstəqil müşahidəçilər hazırda Rusiya hərbçilərinin təmas xəttinə yerləşdirilməsindən narazılq edir. Rusiya rəsmilərinin bölgəyə səfərləri, Rusiya hərbçilərinin regiona erməni köçkünlərin qaytarılmasındakı fəaliyyəti isə sosial şəbəkələrdə tənqid olunur. Rusiyanın Qarabağı öz protektoratına çevirməyə çalışması iddiaları səslənir. Amma o da faktdır ki, Azərbaycan buna heç vaxt imkan verməyəcək. Bakını bu prosesdə dəstəkləyən çoxsaylı xarici qüvvələr də var. Onlar arasında Türkiyə və Pakistan xüsusi seçilir. Digər tərəfdən, ABŞ-ın da prosesdə fəallaşması Azərbaycan üçün məqbuldur.
İndilikdə Bayden Qarabağ və ümumiyyətlə erməni məsələsi ilə bağlı ilk imtahanını aprelin 24-də, prezidentliyinin yüzüncü gününün tamamına bir həftə qalmış verəcək. Qeyd edək ki, demokrat Barak Obama və respublikaçı Donald Tramp həmin gün verdikləri bəyanatda 1915-ci il hadisələrini "böyük fəlakət'' adlandırmışdılar. Elə Baydenin də bu mövqedən çıxış etməsi istisnalıq təşkil etmir. Belə olan halda onun Cənubi Qafqazda fəallaşmasına Azərbaycan da lazımi şərait yarada bilər. Bu isə ABŞ-ın Qafqaz maraqları üçün olduqca vacib hesab edilir.
Nahid SALAYEV