“Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında, hesab edirəm ki, ən vacibi nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”. Belə bir açıqlama ilə Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal zirvə görüşündə çıxışında bildirib.
Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan dövlət başçısı deyib: “Naxçıvanda keçirilmiş zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər”. Bundan başqa, Prezident qeyd edib ki, Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə, Orta Asiya Avropa ilə birləşir: “Yəni yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.
Burada qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistanda mövqelər haçalanır. Amma istənilən halda, dəhlizin açılması Ermənistanın hüquqi öhdəliyidir. Yəni İrəvanda kimsə buna maneə yarada bilməz. Artıq İkinci Qarabağ müharibəsi bitəndən və işğal edilmiş ərazilərin böyük bir hissəsi Azərbaycana qayıdandan sonra Ermənistan rəhbərliyi qonşu ölkə ilə münasibətlərin yoluna qoyulması yollarından danışır. Ermənistan rəsmiləri ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərində bəzi düzəlişlər edilməsini vurğulayır. Burada xatırladaq ki, İkinci Qarabağ müharibəsindən əvvəl hazırlanmış Ermənistan Milli Təhlükəsizlik Konsepsiyasında Azərbaycan və Türkiyə Ermənistana qeyri-dost ölkə kimi nəzərdən keçirilirdi. Müharibə başa çatandan bir neçə ay sonra isə Ermənistan rəhbərliyinin siyasi nitqində ritorikanın dəyişdiyi müşahidə olunur. Məsələn, baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, uzun illərin blokadası üzündən ölkə regiondan bir qədər uzaqlaşıb və əlavə edib ki, Şuranın iclası da Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə hədəflənib. Qapalı keçirilən iclasda Nikol Paşinyan bildirib ki, onların strateji tərəfdaşı olan Rusiya ilə yeganə quru yolu Gürcüstandan keçir və bu yoldan istifadə mövsümi xarakter daşıyır: "Bu, hava şəraitindən asılıdır və öz növbəsində çoxlu problem yaradır, o cümlədən təhlükəsizliklə bağlı". O, Ermənistanın maraqlarına zərər vurmadan "blokadanı yarmağı" təklif edir: "Yaranmış yeni durumda biz gərək Ermənistan üzərindən blokadanın ləğv edilməsi üçün olan imkanları qiymətləndirək və digər tərəfdən qeyd etməliyik ki, bu proses Ermənistan Respublikasının həyati maraqları hesabına icra edilə bilməz. Əksinə, bu prosesdə biz gərək ölkəmizin maraqlarını qoruya, müdafiə edə bilək. Və əlbəttə, müəyyən əməkdaşlığa hazır olmaq lazımdır". Ermənistan prezidenti Armen Sarkisyan da Rusiyanın RBK agentliyinə verdiyi müsahibəsində Azərbaycanla münasibətlərin bərpasından danışıb. O hesab edir ki, Azərbaycanla münasibətlərin normallaşması üçün bəzi məsələlər öz həllini tapmalıdır. Nikol Paşinyan və Armen Sarkisyanın sonuncu açıqlamalarından daha əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Türkiyə ilə münasibətlərə yanaşmada dəyişiklik etmək lazımdır: "Biz regionun blokadadan azad edilməsinə gediriksə, bizim yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir və biz bu istiqamətdə işləyirik. Biz, region ölkələri, gərək qarşılıqlı əlaqələrimizə münasibətimizi bütövlüklə yenidən qiymətləndirək". Paşinyan isə daha uzağa gedib: "Bu yeni situasiyada biz qarşımıza vəzifə qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın". Baş nazir dəmir yolunun işə düşməsinin vacibliyini vurğulayıb: "Bilirsiniz ki, bizim Rusiyaya və İrana dəmir yollarımız Azərbaycandan keçir. Biz anlamalıyıq, belə ola bilməz ki, bizim onların ərazisindən keçən yolumuz olsun, onlara isə bizim ərazimiz üzərindən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik".
Şərqşünas erməni ekspert Vardan Voskanyan hesab edir ki, bölgədə kommunikasiyaların açılmasında Türkiyənin Iğdır şəhərindən Naxçıvan və Ermənistan vasitəsilə Azərbaycanla dəmir yolu bağlantısı yaradılacaq. Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndaryan qeyd edir ki, Qarabağ müharibəsindən sonra Ermənistan hər hansı danışıqlar prosesinə qatılıb öz maraqlarını müdafiə etmək imkanında deyil: "Hazırda, faktiki olaraq, söhbət Ermənistanı bu və ya digər üsulla məğlubiyyət nəticələrinin təsbit olunmasına məcbur etmək cəhdindən gedir. Məqsəd müharibənin nəticələri olan hərbi məğlubiyyətin şərtlərini qəbul etdirməkdir. Bu gün Ermənistan elə bir vəziyyətdədir ki, danışıqlar prosesində öz maraqlarını müdafiə etmək iqtidarında deyil”.
Ramil QULİYEV