“Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edib”. Xəbər verildiyi kimi, bunu “Caliber.az”a müsahibəsində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi deyib.
ANAMA rəsmisi bununla bağlı bir sıra məqamlara toxunub: “ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların “İsgəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 identifikasiya nömrəsinin “İsgəndər” raketinə aid olduğunu müəyyən etmək olar. Bütün bunlar Vətən müharibəsi dövründə, o cümlədən də Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir”.
Görünən odur ki, Ermənistan həqiqətən də dinc yaşayış məntəqələrinə qarşı “İsgəndər” raketləri tətbiq edib. Bu isə beynəlxalq cinayətdir.
“Buna görə cavab verməlidirlər”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistan buna görə cavab verməlidir: “Məsələ ondadır ki, Şuşa şəhərində Azərbaycanın hərbi təyinatlı bazası olmayıb. Ancaq Ermənistan bunu bilə-bilə şəhərə “İsgəndər” raketi atıb. Bu, Ermənistan tərəfinin necə cinayətkar olduğunu göstərir. Ermənistan üçün fərqi yoxdur, ərazi mülki obyektdir, yoxsa hərbi təyinatlı. Onlar bu amili nəzərə alsaydılar, Gəncəni vəhşicəsinə raket atəşinə tutmazdılar. Hansı ki, Gəncədə hərbi obyektlər yox idi. Ancaq onlar mülki obyektləri atəşə tutdular. Eynən Şuşada da bunu təkrarladılar. Adıçəkilən şəhərə “İsgəndər” raketinin atılması bunu bir daha sübut edir”.
Hərbi ekspert bir daha qeyd etdi ki, bütün bunlara görə Ermənistan cavab verməlidir.
Vidadi ORDAHALLI