Erməni saxtakarlıq maşını yenə də dayanmadan çalışmaqdadır. Uzun illərdir öz yalanları ilə beynəlxalq aləmin başını qatan ermənilər yalançı təbliğatlarını bu gün də davam etdirirlər.
44 günlük müharibədən sonra erməni təbliğatı yeni istiqamətə yönəlib. Erməni mediası yazır ki, ermənilər beynəlxalq təşkilatlara “Azərbaycanı dayandırın, Azərbaycan Şuşadan erməni izini silir” kimi müraciətlər etməyə başlayıblar. Heç şübhəsiz ki, bu müraciətlər cəfəngiyyatdan və boş iddiadan başqa bir şey deyil. Ekspertlər qeyd edirlər ki, Şuşada heç bir vaxt erməni mədəniyyəti olmayıb və ermənilərin bu iddiası tamamilə əsassızdır. 1992-ci ildən Şuşa işğaldan azad edilən müddətə qədər ermənilər Şuşada özlərinin saxta tarixini yaratmağa cəhdlər ediblər, lakin onların hamısı qondarma olduğu üçün tarixin zibilliyinə yuvarlanıb. Ermənilərin Şuşa ilə bağlı növbəti saxtakarlıq kampaniyasının qarşısının alınması üçün hansı addımlar atmalıyıq?
Əli Mahmud: “...bu da iflasa uğrayacaq”
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, şair-publisist, uzun illər Şuşada yaşayan Əli Mahmud “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin Şuşa ilə bağlı saldığı hay-küy, vay-şüvən Şuşada aparılan tikinti-quruculuq işləri, Şuşanın dirçəldilməsi ilə bağlıdır. Ə.Mahmudun sözlərinə görə, ölkə başsının Şuşaya səfərlər etməsi, bu şəhərimizlə bağlı xüsusi işlər görülməsinə göstərişlər verməsi, eləcə də Türk və İslam dünyasının Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşaya xüsusi diqqət yetirməsi həm Ermənistanda, həm də xaricdə yaşayan şovinistləri ciddi narahat edir.
“Mən özüm uzun illər Şuşada yaşamışam, orada fəaliyyət göstərmişəm və bu şəhərin ictimai fəallarından biri olmuşam. İşğala qədərki dövrdə Şuşada erməni mədəniyyətinə aid heç nə olmayıb. Şuşada “erməni izinin olması”nın iddia edilməsi belə çox gülünc və cəfəngdir. Şuşanın tarixi də, kimin tərəfindən salındığı da, şəhərin tanınmış ailələri də, şəxsiyyətləri də, məhəllələri də, buradakı abidələr də, maddi-mədəni irs də hər kəsə məlumdur. 1992-ci ilin 8 may tarixindən sonra məlum səbəbdən Şuşaya ermənilərin köçürülərək məskunlaşdırılması siyasəti həyata keçirilib və nəticədə də Şuşadan azərbaycanlıların, Azərbaycan mədəniyyətinin izlərinin silinməsi cinayətlərinə başlanıb. Bilirsiniz ki, ermənilər Şuşanın maddi-mədəni irsini talayıb, viran qoyub və mənimsəməyə cəhd göstərib, məhv etmədiyini də “fars mədəniyyəti” adı ilə qələmə veriblər. Ermənilərin bütün cinayətləri məlumdur, bunu beynəlxalq təşkilatlar da yaxşı bilirlər. Sadəcə olaraq, beynəlxalq təşkilatlar ermənipərəst mövqe sərgiləyərək Azərbaycanın işğaldan azad edilən ərazilərinə gəlib baxmaq, vəziyyəti qiymətləndirmək istəmirlər. Çünki beynəlxalq təşkilatların missiyası işğaldan azad olunan ərazilərimizə, o cümlədən də Şuşaya gəlib erməni vandalizmini, ermənilərin Azərbaycanın maddi-mədəni irsinə tutduğu divanı gözləri ilə görəcəklər. Onlar isə bunu görmək istəmirlər. Qərb təşkilatlarının bizə münasibəti məlumdur, o barədə çox deyilib, çox yazılıb. Ermənilərin vay-şüvəninin mahiyyətində Azərbaycan dövlətinin Şuşada həyata keçirdiyi tikinti-quruculuq işlərini, abidələrin restavrasiya edilməsi prosesini qaralamaq cəhdləri dayanır, amma bu da iflasa uğrayacaq. O abidələr restavrasiya edilir ki, onlar erməni vandalizminə məruz qalıblar. Şuşada heç zaman erməni izi olmayıb ki, silinsin də. Ermənilər bizim izlərimizi Şuşadan silməyə çalışıblar həmişə. Amma nail ola bilməyiblər”.
Şuşanın Türk və İslam dünyasının mərkəzi şəhərlərindən biri olmasının ermənilərin bu cür təxribatlara getməsinə səbəb olduğunu deyən Ə.Mahmud hesab edir ki, ermənilər Şuşada rus-pravoslav kilsəsini də mənimsəyib və ona “Qazançı” adı verməklə “erməni irsi” kimi təbliğ edirlər. “Erməni həyasızlığı o həddə çatıb ki, beynəlxalq aləmə “Azərbaycanı dayandırın” cəfəng müraciətini edirlər. Beynəlxalq aləm, beynəlxalq təşkilatlar Azərbaycanın öz torpağında, öz tarixi şəhərində tikinti-quruculuq işləri aparmasına hansı haqla müdaxilə edə bilər? Həmin beynəlxalq təşkilatlar Azərbaycanı təftiş etməyə cəhd etməkdənsə, gedib Ermənistanın Azərbaycanın maddi-mədəni irsini necə dağıdıb məhv etdiyini araşdırsınlar”.
Müsahibimiz hesab edir ki, ermənilərin bu saxta təbliğatının qarşısının alınması üçün hər bir azərbaycanlı aktiv olmalı, həm sosial şəbəkələr, həm də digər resurslar üzərindən erməni yalanlarını ifşa etməlidir: “Ermənilərin Şuşa ilə bağlı apardıqları uydurma təbliğatın qarşısının alınması üçün həm xaricdəki diaspor qurumları, həm də səfirliklərimiz aktiv olmalıdırlar. Şuşa tarixi Azərbaycan şəhəridir və burada heç bir erməni iz olmayıb”.
Rizvan Hüseynov: “Nəyə görə Şuşa? Çünki Şuşa bizim zəfərin simvoludur və erməni tərəfi bu simvola, bu qələbəyə bir ləkə gətirmək istəyir”
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bizimlə söhbətində qeyd etdi ki, erməni millətçiliyi və propaqandası daim öz xalqını məzlum kimi göstərməyə çalışır və sözsüz, bizim 44 günlük müharibədə qazandığımız zəfərdən sonra ermənilər bu şansdan özləri üçün məharətlə istifadə etməyi bacarmaq istəyirlər. “Nəyə görə Şuşa? Çünki Şuşa bizim zəfərin simvoludur və erməni tərəfi bu simvola, bu qələbəyə bir ləkə gətirmək istəyir. Sözsüz, dünya ictimaiyyətinin, xüsusən də xristan dünyasının diqqətini cəlb etmək və xristian amilindən yararlanmaq üçün guya “xristian abidələri dağıdılır” kimi cəfəngiyyatlar ətrafında şoular yaratmaq, bizim zəfərə, qələbəyə bir ləkə gətirmək istəyirlər. Azərbaycan tərəfi buna sözsüz ki, hazır olmalıdır və ortaya əks arqumentlərini qoymalıdır. Minlərlə dağıdılan şəhər və kəndlərimiz, viran qoyulan, donuzxanaya çevrilən ibadətgahlarımız, məscidlərimiz, dağıdılan qəbiristanlıqlarımız erməni vandalizminin, barbar və vəhşinin kim olduğunun əsl sübutudur. Sadəcə olaraq, bunu dünya ictimaiyyətinə çatdırmağımız üçün çox mükəmməl bir mexanizm olmalıdır. Burada bir problem var ki, dünya ictimaiyyəti deyəndə, azərbaycanlı və erməni münasibətlərinə əsasən Qərbyönümlü, xristianyönümlü bir baxışla, nəzərlə baxırlar, əksər halda da ermənilərin tərəfini tuturlar. Yəni bunlar üçün həqiqət, düzgünlük ancaq xristian-erməni prizmasından görsənir, dünya ictimaiyyətinin əksəriyyəti bizə qarşı qərəzli bir mövqe nümayiş etdirir. Ona görə də erməni tərəfi bundan öz xeyirlərinə məharətlə istifadə edir. Biz buna hazır olmalıyıq, əsasən də təbliğatda öz müdafiəmizi və hücumumuzu qurmalıyıq. Bu işi türk-islam ölkələrinin dəstəyilə həyata keçirməliyik. Ona görə ki, dünya əhalisinin təxminən 1 milyard 300 milyon nəfəri müsəlmandır, dünyada nə qədər müsəlman-türk ölkəsi var. Onlara bu məlumatı çatdırmaqla onlardan həm dəstək alarıq, həm də mövqeyimizi, rəyimizi anlayarlar və sözsüz ki, xristian, Qərb ölkələrinə də bu mövqeyi aşılamalıyıq, amma tək özümüz yox, eyni zamanda, türk, müsəlman ölkələrinin nümayəndələri, mediası bizə dəstək verməlidirlər ki, bu məsələdə tək olmayaq, tək danışmayaq. Həmçinin də bizə dost mövqe sərgiləyən Qərb ölkələrindən və başqa ölkələrdən də həm mətbuat, həm də rəsmi şəxslər səviyyəsində dəstək almalıyıq” - deyə R.Hüseynov vurğuladı.
İradə SARIYEVA