Dünyanın bir çox ölkəsi fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı peyvəndləməyə başlayıb və Azərbaycan da COVID-19 əleyhinə vaksinasiyanın tam sürətlə davam etdiyi ölkələr arasındadır.
MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkəni qabaqladığını görmək olar. Belə ki, milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsilə risq qruplarına aid şəxslərin aşılanmasına başlanıb. 26 mart 2021-ci il tarixinə olan duruma görə, ümumilikdə, 746 608 doza peyvənd vurulub, 226 min nəfər tam aşılanıb.
Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqedədir. Belə ki, ölkədə yarım milyondan çox əhali vaksinasiya olunub. Bu da əhalinin 5,2%-ni təşkil edir. Rusiyada isə aşılananların sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3%-ni təşkil edir. Bu göstərici Belarusda 2% təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1% səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər aşılanıb. Ermənistanda isə peyvəndləmə hələ başlamayıb. Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir.
Maraqlıdır, peyvəndləmə ilə bağlı Azərbaycan bu nəticəyə hansı işlə nail ola bilib?
“Tibbi sahə, beynəlxalq əlaqələrlə bağlı, eyni zamanda, təchizat və təminat baxımından uğurlu işlərin reallaşması öz bəhrəsini verib”
Məsələyə münsasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan kompleks və sistemli tədbirlər sayəsində bu cür nəticəyə nail olub: “Məsələ ondadır ki, pandemiya başlayandan Azərbaycan bunun qarşısının alınması ilə bağlı bir sıra qabaqlayıcı tədbirlər gördü. Həmçinin, vəziyyətə uyğun olaraq, çevik qərarlar qəbul edildi. Maska və digər lazımi ləvazimatların istehsalı ölkə daxilində təşkil edildi. Modul tipli xəstəxanalar yaradıldı. Bütün bunlarla paralel, ölkədə vaksinasiya işinə hazırlıqlara start verildi. Prezident İlham Əliyev vaksinasiya prosesinin yüksək səviyyədə reallaşması üçün kifayət qədər uğurlu işlər gördü. Ölkənin vaksin preparatları ilə təmin olunmasını gündəmə gətirdi. Bir sıra beynəlxalq tədbirlərdə vaksinlərin bərabər bölüşdürülməsi ilə bağlı Azərbaycan real təşəbbüskarlıq göstərdi. Düşünürəm ki, bütün bu kompleks işlər sayəsində Azərbaycan vaksinasiya səviyyəsinə görə MDB-də lider mövqedədir. Nə qədər çox sayda ölkə vətəndaşı vaksinasiya edilsə, bu bir o qədər koronavirusun yayılmasının qarşısını alacaq. Ona görə də Azərbaycanın bununla bağlı uğurlu addımları göz önündədir. Təbii ki, bütün bunlar bilavasitə cənab Prezidentin iradəsi sayəsində mümkün olub. Tibbi sahə, beynəlxalq əlaqələrlə bağlı, eyni zamanda, təchizat və təminat baxımından uğurlu işlərin reallaşması öz bəhrəsini verib”.
V.Rəhimzadə hesab edir ki, sadalanan məqamlar Azərbaycanın belə ciddi nəticə əldə etməsinə gətirib çıxarıb.
Vidadi ORDAHALLI