İraqın müdafiə naziri Cuma İnad Saadun əl-Cəburi İrəvana rəsmi səfər edib. O, erməni həmkarı Vaqarşaq Arutyunyanla danışıq aparıb. Tərərəflər Ermənistan və İraq arasında hərbi əməkdaşlığın perspektivlərini, təcrübə mübadiləsi imkanlarını və maraq doğuran digər məsələləri müzakirə ediblər. Həm də Cənubi Qafqazda və Yaxın Şərq bölgəsində təhlükəsizlik problemləri müzakirə olunub.
Arutyunyan ötən payız Qarabağ bölgəsində baş verən döyüş əməliyyatlarından sonra yaranmış situasiyanı və atəşin dayandırılmasından sonra üçtərəfli sazişə əməl olunmasının gedişi barədə vəziyyəti əl-Cəburinin nəzərinə çatdırıb.
Görüşün nəticələrinə əsasən, Ermənistan və İraq müdafiə sferasında əməkdaşlıq niyyətləri barədə saziş imzalayıblar. Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, sənəd 13 sahə üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur. Həmçinin, tərəflər hərbi əlaqələrin dərinləşdirilməsi barədə razılığa gəliblər.
Onu da qeyd edək ki, İraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Qarabağın işğalının pislənməsinə imza atıb. Üstəlik, ötən il 44 günlük müharibədən sonra azad edilən ərazilərdə məscidlərin və digər dini abidələrin necə təhqir edildiyi faktlarla dünyaya göstərildi. Müsəlman ölkə səfirləri, o cümlədən, İraqdan olan diplomatlar bunu öz gözləri ilə gördülər. Bu həmin Ermənistandır ki, Qarabağda 67 məscidi məhv edib. Bütün bunlardan sonra İraqın Ermənistanla hərbi sahədə saziş imzalamasına hansı ad vermək olar?
Məsələ ilə əlaqədar İraqın Azərbaycandakı səfirliyinin (+994 12) 596-21-82, (+994 12) 596-17-24 saylı əlaqə nömrələrinə gün ərzində bir neçə dəfə zəng vursaq da, nədənsə, telefonun dəstəyini götürən olmadı.
“Ermənistan kimi bir dövlət heç vaxt hansısa müsəlman ölkəsi ilə dost ola bilməz”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, İraq Respublikasından Ermənistana yönəlik bu cür jest utancverici bir haldır: “Məsələ ondadır ki, 5 aya yaxındır müharibə başa çatıb. Ermənistanın Azərbaycana qarşı 30 ildir həyata keçirdiyi təcavüzkarlıq siyasətinə son qoyuldu. Bütün dünya 44 günlük müharibəni diqqətlə izlədi və Azərbaycana yönəlik hansısa bəyanat səslənmədi. Niyə? Çünki Azərbaycan öz haqq işi uğrunda mübarizə aparırdı. Beynəlxalq hüquqa uyğun olaraq, ərazi bütövlüyünü güc yolu ilə bərpa etdi. BMT-nin edə bilmədiyini Azərbaycan Ordusu 44 gün ərzində etdi. İşğalçı Ermənistanın Qarabağda İslam irsinə necə divan tutduğunu dəfələrlə bəyan etmişik. Ərazilərimiz azad ediləndən sonra bunu faktlarla dünyaya, o cümlədən, müsəlman ölkələrinə göstərdik. Bütün bunları İraq rəhbərliyinin görməzdən gələrək təcavüzkar bir dövlətlə hərbi müstəvidə əməkdaşlıq qurması islam həmrəyliyinə zərbədir. Çünki Ermənistan kimi bir dövlət heç vaxt hansısa müsəlman ölkəsi ilə dost ola bilməz. Ona görə ki, müsəlman abidələrini, irsini yox ediblər. İraqda çoxsaylı türkmən qardaşımız var. Heç olmasa onların mənafeyi nəzərə alınmalı idi. İraq uzun illər terrordan əziyyət çəkib. Belə bir dövlətin siyasi hakimiyyətinin bu kimi məsələlərə həssas yanaşmaması təəssüf doğurur”.
Şərqşünas hesab edir ki, Ermənistanla hərbi sahədə əməkdaşlıq yolverilməzdir.
Vidadi ORDAHALLI