Ermənistanın baş naziri Nikol Paşinyan Armavir vilayətinə səfəri zamanı deyib ki, yeni situasiyada qarşılarına vəzifə qoymalıdırlar ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın: “Bu gün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir. Elə hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir”.
O, habelə, dəmir yollarının vacibliyindən danışıb və deyib ki, bu sahədə müəyyən qərarlara getmək lazım gələcək: “Çünki siz bilirsiniz ki, bizim dəmir yollarımız, xüsusilə də İrana və Rusiyaya gedən yollar Azərbaycandan keçir. Biz bunu başa düşməliyik: elə ola bilməz ki, bizim onların ərazisindən yolumuz olsun, amma onlara bizim ərazimizdən yol verilməsin”.
Paşinyan daha sonra millətlərarası münasibətlərdən bəhs edib: “Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik. Deyirlər və biz də bilirik ki, bu regionda düşmənlərimiz var. Amma hər halda gəlin etiraf edək: biz başqalarını nə qədər çox düşmən hesab eləsək, bizim özümüzü də bir o qədər düşmən hesab edəcəklər”. Ermənistan baş naziri əlavə edib ki, ölkə üçün əlverişli şərait yaratmaq lazımdır, amma region da Ermənistana öz baxışını dəyişməlidir.
Ermənistan rəhbəri bununla Azərbaycansız nicatlarının olmadığını demək istəyirmi?
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra kapitulyasiya aktına imza atmış Ermənistanda rəsmi şəkildə kommunikasiyaların açılmasından danışılır və bu reallıq baş nazir tərəfindən dilə gətirilir: “Bu özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır. Ancaq bu hələ heç də o demək deyil ki, Azərbaycan dərhal 30 il torpaqlarımızı işğal altında saxlamış, xalqımıza qarşı hərbi cinayətlər, soyqırımlar törətmiş, tarixi, dini və mədəni abidələrimizi yerlə-yeksan etmiş bir ölkə ilə dərhal əməkdaşlığa başlayacaq. Üstəlik, hamımıza məlumdur ki, Ermənistanda hələ də revanşist qüvvələr, terrorçu birləşmələr var və onlar bizdən qisas almaq kimi faşist düşüncələrdən hələ də əl çəkməyiblər. Ancaq bununla belə, biz həm də başa düşürük ki, Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir. Bunun üçün ən yaxşı başlanğıc, üçtərəfli razılaşmada göstərildiyi kimi, yol-nəqliyyat və enerji kommunikasiyalarının açılması ola bilər. Ermənistanın Baş naziri Nikol Paşinyan da elə bu məsələlərin aktuallığına toxunaraq, onun ermənilərin mənafeyi baxımından da aktual olduğunu dilə gətirib”.
Paşinyanın məhz indiki məqamda belə açıqlama verməsi tam anlaşılandır: “Bu tipli açıqlamaları bir qədər əvvəl versəydi, erməni ictimai rəyi buna hazır olmayacaqdı. Elə buna görə də real addımların atılması daha da çətinləşəcəkdi. İrəvanda keçirilən 20 fevral mitinqlərindən sonra Paşinyan bir daha əmin oldu ki, xeyli sayda tərəfdarı var və yeni reallığı Ermənistanda qəbul edənlərin sayı hər gün daha çox artmaqdadır. Ermənistan rəhbərliyi region dövlətlərinin hamısının əməkdaşlıqda maraqlı olduğunu dilə gətirməklə reallığı dərk etdiyini ortaya qoyur. Bütün bunlar isə regional sülh və əməkdaşlıq baxımından müsbət irəliləyişlərdir. Azərbaycanın da məqsədi regionumuzda uzunmüddətli və davamlı sülhə nail olmaqdır”.
Məhəmmədəli QƏRİBLİ