Ermənistanda real vəziyyətin təhlili bu ölkədə Azərbaycanla kommunikasiya əlaqələrinin bərpasının vacibliyini qəbul edənlərin sayının artmaqda olduğunu göstərir. Belə mövqedə olanlar postmüharibə dövründə regionda qalıcı sülh üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normal səviyyəyə qayıtmasının zəruriliyindən artıq açıq şəkildə bəhs edirlər. Bütün bunlar kommunikasiya məsələsində Azərbaycanın mövqeyinin artıq Ermənistanda qəbul edilməsinin real təzahürü kimi də qəbul olunur.
İrəvan artıq Bakının dedikləri ilə razılaşır
Hazırda Ermənistanda cari il iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq gedir. Bu müstəvidə tərəflərin diqqət yetirdiyi əsas məsələlərdən biri də İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra kommunikasiyalarla bağlı vəziyyətdir. Bu halda rəqiblərini gözdən salmağa çalışan Nikol Paşinyan Ermənistan cəmiyyətindən istədiyi dəstəyi almaq üçün indi əsas diqqəti iqtisadi müstəviyə yönəldib. Bu fonda o etiraf edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya əlaqələri bərpa edilmədən Ermənistan istədiyi iqtisadi inkişafa nail ola bilməyəcək: “Bu yeni situasiyada biz vəzifə qoymalıyıq ki, Ermənistanın yolları olsun, yeni yollar, yeni kommunikasiyalar açılsın”. Baş nazir bildirir ki, bu gün bütün ölkənin iqtisadiyyatı ümidini Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars keçidinə bağlayıb və o da günlərlə bağlı ola bilir. Paşinyan xatırladır ki, hazırda bu keçid bağlıdır və orada yüzlərlə maşın növbə gözləyir. O, dəmir yollarının vacibliyindən danışıb və deyib ki, bu sahədə müəyyən qərarlara varmaq lazım gələcək: “Çünki siz bilirsiniz ki, bizim dəmir yollarımız, xüsusilə də İrana və Rusiyaya gedən yollar Azərbaycandan keçir. Biz bunu başa düşməliyik. Elə ola bilməz ki, bizim onların ərazisindən yolumuz olsun, amma onlara bizim ərazimizdən yol verilməsin. Biz regiona baxışımızı, nöqteyi-nəzərimizi dəyişməliyik. Deyirlər və biz də bilirik ki, bizim bu regionda düşmənlərimiz var. Amma hər halda gəlin etiraf edək: biz başqalarını nə qədər çox düşmən hesab eləsək, bizim özümüzü də bir o qədər düşmən hesab edəcəklər”. Ermənistan baş naziri əlavə edib ki, ölkə üçün əlverişli şərait yaratmaq lazımdır, amma region da Ermənistana öz baxışını dəyişməlidir. Paşinyan bir daha vurğulayıb ki, kommunikasiyalardan istifadə imkanı Ermənistan və Azərbaycan üçün qarşılıqlı olmalıdır.
Beləliklə, Paşinyan bu gün faktiki olaraq Azərbaycanın dediklərini təkrar edir. Azərbaycan isə postmüharibə dövründə kommunikasiyaların açılmasının zəruriliyini dəfələrlə gündəmə gətirib. Kommunikasiya əlaqələrinin bərpası və yenilərinin yaradılması artıq qarşısıalınmaz prosesdir. Bu məsələ 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla da adıçəkilən ölkələr üçün hüquqi öhdəlik xarakteri daşıyır. Qeyd edilən Bəyanatın 9-cu maddəsində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Bura, həmçinin, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi də daxildir. Azərbaycan üçün bu məsələ həyati önəm kəsb edir və ölkəmiz tərəfindən bu kontekstdə artıq zəruri addımlar atılır. Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasına start verilməsi də bunun təsdiqidir. Azərbaycan bununla postmüharibə dövründə regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda, rəsmi Bakının mövqeyi həm də bundan ibarətdir ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risqlərinin sıfıra endirilməsində nəqliyyat layihələri xüsusi rol oynayır. Başqa sözlə, sözügedən nəqliyyat layihələrinin həyata keçməsi Azərbaycanın sülhə verdiyi vacib töhfələrdəndir. Artıq bunu Ermənistanda da yaxşı başa düşürlər.
Paşinyanın bu məsələdə mövqeyi Ermənistanda cəmiyyətin böyük əksəriyyəti tərəfindən təqdir edilir. Yalnız müxalifət bu prosesə qarşı çıxmağa çalışır, lakin Paşinyanın dediklərinin reallığa uyğun olmadığına dair də hansısa arqument təqdim edə bilmir. Bu da cəmiyyət arasında Paşinyanın mövqeyinə müsbət təsir edir. Elə bu səbəbdən baş nazir kommunikasiyaların açılması məsələsinə getdikcə daha çox diqqət yetirir.
Azərbaycan və Türkiyəsiz Ermənistan heç bir inkişaf perspektivinə malik deyil...
Hazırda Azərbaycan və Türkiyə ilə düşmənçilik siyasəti aparmağın Ermənistanın zərərinə olması haqda da İrəvan rəsmiləri arasında getdikcə açıq mövqe sərgiləyənlərin sayı artır. Bura xarici işlər naziri Ara Ayvazyan da daxildir. O da kommunikasiya əlaqələrinin zəruri olduğunu diqqətə çatdırır.
Analoji mövqedən çıxış edənlərə cəmiyyət tərəfindən göstərilən rəğbət belələrinin sayının daha sürətlə artacağını istisna etmir. Bu da əks mövqe sərgiləyən müxalifət üçün ciddi zərbə hesab olunur və bu düşərgənin növbədənkənar parlament seçkilərində növbəti məğlubiyyətini istisna etmir. Hazırda Ermənistanda sosial-iqtisadi sahədə problemlərin miqyasının genişlənməsi müşahidə edilir. Sürətlə artan inflyasiya, gündəlik tələbat mallarının bahalaşması, iş yerlərinin bağlanması, milli valyuta olan dramın dəyərdən düşməsi, büdcə daxilolmalarının azalması və bu qəbildən olan digər hallar əhalinin sosial durumunu ağırlaşdırır. Cəmiyyət aydın sezir ki, Ermənistanın üzləşdiyi problemlərin həll yolu qonşuları, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Ermənistan Təhlükəszilik Şurasının katibi Armen Qriqoryanın açıqlamaları da bu mənada təsadüfi sayılmır: “Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib tənzimləməlidir. Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.
Armen Qriqoryan məsələ ilə bağlı daha sonra qeyd edib: “Türkiyədən heç bir təhlükənin gəlmədiyini birmənalı söyləmək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır. Qarabağdakı müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub. Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”. O, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşsa da, əlavə edib ki, iki ölkə nümayəndələrinin açıqlamaları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir. Ekspertlər də bildirir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər olmadan Ermənistan heç bir inkişaf perspektivinə malik deyil. Bunu Ermənistanda qəbul etmək istəməyənlərin fiaskosu qaçılmaz hesab olunur. Reallaşdırılacaq nəqliyyat layihələrindən isə böyük mənfəət əldə edəcək tərəflərdən biri Ermənistandır. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolundan Ermənistan da istifadə edə biləcək, İranla birbaşa dəmir yolu bağlantısı qurmaq imkanı qazanacaq. Rəsmi Bakı Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açılmasına da imkan yaratmağa hazır olduğunu bildirir. Ermənistana böyük dividendlər qazandıracaq nəqliyyat layihələrinə qarşı bu ölkədə yalnız revanşist qüvvələr tərəfindən ciddi narazılıq ifadə olunur. Həmin qüvvələr Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Mehridən keçməklə dəmir yolu əlaqəsinin yaradılmasının Sünik (Zəngəzur) vilayətinin Azərbaycanın nəzarəti altına keçməsinə səbəb olacağına dair cəfəng iddialar ortaya atırlar. Hazırda bu məsələ ətrafında Ermənistanda ciddi ajiotaj yaranıb və Nikol Paşinyana müxalif qüvvələr məsələni süni olaraq gündəmdə saxlamağa çalışır. Halbuki Azərbaycan, Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiası irəli sürmür və Mehridən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun çəkilişi, ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması 10 noyabr bəyanatında müvafiq müddəa ilə təsbit edilib.
Bütün Qarabağda tezliklə üçrəngli bayrağımız dalğalanacaq
Ekspertlər bildirir ki, iyunun 20-də baş tutacaq seçkilərdən sonra Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, 10 noyabr bəyanatı tam şəkildə icra ediləcək. Birincisi ona görə ki, Azərbaycan bu razılaşmanın icrası üçün bütün müvafiq imkanlara malikdir. Ermənilər bilir ki, anlaşmanı pozsalar, dəmir yumruq yenidən işə düşəcək.
Digər tərəfdən, Rusiya da burada zəmanətçi tərəf kimi çıxış edir. Razılaşmaların icrası köçkünlərimizin hazırda Qarabağda ermənilərin yaşadığı ərazilərimizə qayıtmasını da tezləşdirəcək. Ümumiyyətlə, 10 noyabr bəyanatının bəndləri mərhələli şəkildə icra olunduqca köçkünlərimiz öz doğma yurdlarına qayıdacaq, bununla da Xankəndi və ermənilərin əlində qalmış digər ərazilərimizdə üçrəngli bayrağımız dalğalanacaq. Xatırladaq ki, erməni hərbi birləşmələrinin Qarabağdan tamamilə çıxarılması da 10 noyabr bəyanatının 4-cü maddəsində əksini tapır. Buna paralel olaraq Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin boşaldılması da həyata keçəcək. Burada hesab edilən əsas çətinlik Kərki kəndi ilə bağlıdır. Ermənistan tərkibində anklav olan kəndin azad edilməsi üçün məhz dəhlizə ehtiyac var. Qazaxın 7 kəndinin qaytarılmasının kommunikasiyanın açılması prosesinə paralel həyata keçiriləcəyi gözləniləndir: Bakı-Qazax-İcevan yolunun açılması üçün öncə bu istiqamətdə sərhədin demarkasiyası, yolun üzərində yerləşən ərazinin taleyinin müəyyənləşdirilməsi lazımdır. Bu istiqamətdə də artıq müvafiq addımlar atılır. Azərbaycan bununla da Qarabağ məsələsində məqsədinə tam nail olur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.