Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rol oynaması heç kimə sirr deyil. Bu fonda enerji sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən Avropa ölkələrinin sayının davamlı artması da təsadüf sayılmır.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nə qarşıdakı dövrdə daha çox sayda Avropa ölkəsi qoşulmaq istəyir. Hazırda “Şahdəniz-2”dən hasil olunan qaz Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılır. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Artıq Fransa, az həcmdə olsa da, Azərbaycan qazı alıb. Enerji ilə yanaşı, Azərbaycan siyasi, hüquqi, mədəni və digər sahələrdə də Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Lakin bəzi hallarda buna adekvat münasibət görmür. Bu, xüsusən 44 günlük Vətən müharibəsi zamanı özünü göstərdi. Bəzi Avropa ölkələrinin, məsələn, Fransa və Almaniyanın Azərbaycana yanaşması beynəlxalq hüqüqdan, ədalətdən çox uzaq oldu. Müharibə dönəmində Fransa prezidenti Emmanuel Makron açıq şəkildə işğalçı Ermənistanın tərəfini tutdu. Burada yenə də şəxsi maraqlarını önə çıxardı. Onun üçün erməni mənşəli Fransa vətəndaşlarının minlərlə səs dəstəyi verdiyi yaxınlaşan prezident seçkiləri daha önəmli oldu. Cənubi Qafqazda ortaya çıxan yeni geosiyasi reallıqda bu dəfə Almaniya ədaləti pozdu. Bu günlərdə isə Almaniya “İctimai Televiziyası”nda yayımlanan tok-şounun efirində aparıcı Markus Lanz Azərbaycana qarşı əsassız ittihamlar səsləndirdi. Alman mətbuatı bu fonda Azərbaycana qarşı bir sıra hücumlar təşkil edir. Azərbaycanı və Qarabağ müharibəsindəki qələbəsini nüfuzdan salmağa cəhd göstərilən materiallar dərc olunur. Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov baş verənləri maraqlı prizmadan izah edir: “Mənə elə gəlir ki, Almaniyanın Azərbaycana qarşı qərəzli münasibəti Fransanın təsiri altında özünü göstərir. Bilirik ki, Fransada güclü erməni diasporu mövcuddur. Almaniya və Fransa isə Avropa İttifaqının iki lideridir. Ona görə də bütün əsas məsələlərdə ortaq mövqe tutmağa çalışırlar. Fransa Azərbaycana qarşı olduqca sərt mövqe sərgiləyən zaman Almaniya siyasətçiləri və mediası da onları dəstəkləməyə başladı”.
Ekspertin fikrincə, bu, Almaniyanın Azərbaycana qarşı belə münasibətinin ilk, lakin yeganə olmayan səbəbidir: “Bu həm də antitürk əhval-ruhiyyə ilə əlaqədardır. Həm Fransada, həm də Almaniyada “anti-Ərdoğan” siyasəti mövcuddur, bu bəzən “anti-İslam” siyasətinə də çevrilir”. Markov Almaniyada böyük türk icmasının olduğunu və bununla əlaqədar Türkiyəyə qarşı təbliğat aparıldığını qeyd edib: “Avropa mediasında indi Türkiyə və Azərbaycan, demək olar, eyniləşdirildiyindən, anti-Azərbaycan mövqe Almaniyanın anti-Türkiyə mövqeyinin tam təzahürüdür”. Qeyd edilənlərdən belə bəlli olur ki, Avropa İttifaqının aparıcı ölkələri olan Fransa-Almaniya cütlüyü ortaq hərəkət edir və bu fəaliyyətin arxasında erməni diasporu dayanır. Elə sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də məsələyə bu prizmadan yanaşır: “Almaniya 44 günlük müharibə dövründə özünün neytrallığını qoruyub saxladı. Hətta bəzi məsələlərdə, xüsusilə müharibə başa çatdıqdan sonra Azərbaycan tərəfindən müharibənin aparılması taktikası, ordumuzun rəşadəti və bu kimi nüanslarda müxtəlif kütləvi informasiya vasitələrində təriflər etdi. Qeyd edildi ki, Azərbaycan öz torpaqları uğrunda vuruşurdu, ermənilər bu əraziləri işğal etmişdi və sair. İndi isə birdən-birə Almaniyanın “İctimai Televiziya”sında təşkil olunan dəyirmi masa ətrafında özünü politoloq adlandıran müxtəlif tipli şəxslər Azərbaycana qarşı ciddi hücuma keçib. Əllərində heç bir fakt olmadan, üstəlik, özlərini rüsvay edəcək formada torpaqlarını azad edən xalqı tənqid atəşinə tutdular. Əlbəttə, burada ekspert rəyi kimi erməni əsilli media kapitanı Marqarita Simonyanın rəylərinə tez-tez istinad etdilər. Bu qadın Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır və həyatı boyu bir dəfə də olsun, Azərbaycan haqqında xoş kəlmə deməyib. İndi bilmirəm, Almaniyaya nə gəlmişdi ki, Simonyanı ekspert səviyyəsində seçərək onun baxışlarını ictimailəşdirdi və bu qatı şovinist erməni qadını Azərbaycan xalqının ünvanına ağzına gələni danışdı. Əgər bunlar müstəqil televiziyadırlarsa, azad söz tərəfdarıdırlarsa, həqiqəti açmaq istəyirlərsə, heç olmasa, bir nəfəri də Azərbaycandan dəvət edərdilər və ya internet vasitəsilə bağlantı qurardılar. Bundan başqa, heç olmasa, müstəqil ekspertlərdən bəziləri Azərbaycanın mövqeyindən çıxış edə bilərdi. Amma müzakirənin əvvəlindən axırına qədər Azərbaycana qarşı gözlərini yumub, ağızlarını açdılar”.
Ekspert qeyd edir ki, burada erməni və rus lobbiçilərinin təsiri aydın hiss olunur: “Almaniyaya böyük investisiya qoyan və sayları xeyli dərəcədə artan rus və ermənilər vahid sıralarda birləşərək müxtəlif kütləvi informasiya vasitələrini müxtəlif yollarla ələ alır, onların tribunalarından bəşəri xarakterli qatı millətçilik və hətta neofaşist ideyalarını təbliğ edirlər. Almaniyanın “İctimai Televiziya”sında Azərbaycana qarşı səsləndirilən fikirləri dinləmək normal insanlar üçün çətin, hətta deyərdim ki, mümkünsüzdür. Dünya Almaniyanı bu cür tanımır. Almaniya azad fikrin, azad sözün, insan hüquqlarının, demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin mövcud olduğu bir ölkədir. Birdən-birə burada neofaşizm timsalında faşizmin boy göstərməsi almanların özü üçün böyük töhmət olacaq. Bir müddət keçəndən sonra özləri də bunun fərqinə varacaqlar. Alman xalqı özü bu yolu keçib. Ağır müharibə, faşizm dövrü yaşayıblar. Yəhudilərə qarşı dəhşətli soyqırımı törədiblər. Daha sonra özlərində güc tapıb buna görə yəhudilərdən üzr istəyə biliblər. Amma indi Almaniyada müəyyən sağçı dairələr var ki, bəzi vədlərə, pullara, hədiyyələrə aldanaraq öz efir məkanlarını ermənilərin və rus qiyafəsində olan erməni düşüncəlilərin ixtiyarına verib. Hər halda, ermənilər nəyisə pulsuz və hədiyyəsiz etmirlər. Yaxşı, fikir plüralizmidirsə, efir məkanında Marqarita Simonyan at oynadırsa, imkan verin, beş-üç kəlmə də Azərbaycandan bir ekspert öz fikirlərini sizin efirinizdən səsləndirsin”.
Nahid SALAYEV