Yanvar ayından ətin qiymətində müəyyən ucuzlaşma var. Belə ki, ilin birinci ayından başlayaraq mal ətinin qiymətində 8 manata qədər ucuzlaşma müşahidə edilir. Adətən, heyvan ətinin qiyməti 10 manatdan aşağı düşmürdü. Ancaq görünən odur ki, bir sıra amillər heyvan ətinin ucuzlaşmasına öz təsirini göstərib.
Hər zaman Azərbaycan dövlətçiliyinə qarşı qərəzli mövqedən çıxış edən Milli Şura bu dəfə də ənənəsinə sadiq qalaraq, müəyyən spekulyasiyalarla çıxış edir. Məsələ ondadır ki, Milli Şura üzvləri xarici internet kanallarına açıqlamalarda ətin ucuzlaşmasını ağla gəlməyən amillərlə əlaqələndirməyə çalışırlar. Sözügedən məsələ ilə bağlı belə bir iddia ortaya atıblar ki, guya ucuzlaşmanın səbəbi ərazilər işğaldan azad edilərkən ələ keçirilən mal-heyvanın kəsimə cəlb edilməsidir. Nə qədər mal-heyvan ələ keçirilib ki, bu, ətin qiymətinə təsir göstərsin? Ümumiyyətlə, sözügedən yanaşmanın hansısa tutarlı əsası ola bilərmi?
“Ətin qiyməti ona görə ucuzlaşıb ki, pandemiya səbəbindən ölkədə toy və yas məclisləri keçirilmir”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, belə əsaslandırma tamamilə uydurmadır: “Bu cür düşüncədə olanlar antimilli mövqe sərgiləyənlərdir. Ancaq antimilli mövqedə olanlar məsələni bu cür dəyərləndirə bilərlər. Bununla düşmən dəyirmanına su tökürlər. Məsələ ondadır ki, ərazilərimiz işğaldan azad edilərkən erməni tərəfi mal-qaranın böyük hissəsini çıxarıb. Ələ keçən heyvanlar qənimət olaraq əsgərlərin ehtiyaclarının ödənilməsinə yönəldilib. Onların da sayı düşünmürəm ki, elə çox olsun və bu, ətin qiymətinin ucuzlaşmasına təsir etsin. Milli Şura təmsilçiləri bu cür məsuliyyətsiz və qeyri-ciddi açıqlamaları ilə düşmən dəyirmanına su tökürlər. Sanki ordumuz torpaqların azad olunması ilə yox, bu kimi işlərlə məşğul olub. Azərbaycanda 10 milyon nəfərdən çox əhali yaşayır. O üzdən, bu iddialar gülünc təsir bağışlayır. Ətin qiyməti ona görə ucuzlaşıb ki, pandemiya səbəbindən ölkədə toy və yas məclisləri keçirilmir. Turizm sahəsində durğunluq var və restoranlar əvvəlki kimi işləmir. Belə olan halda, təbii ki, ətin qiyməti ucuzlaşar. Çünki ətə olan tələbat azalıb. Üstəlik, digər ərzaq məhsullarının qiyməti artdığı üçün xərclər o istiqamətə yönəlir”.
Siyasi ekspert onu da qeyd etdi ki, hansısa iddia ilə çıxış edəndə gərək onu əsaslandıra biləsən.
Vidadi ORDAHALLI