44 günlük müharibədən sonra Ermənistanda Azərbaycandilli informasiya resurslarının yaradılmasına ciddi cəhdlər özünü göstərməkdədir. Hətta vaxtilə yaradılan və son günlərə qədər passiv olan xəbər saytlarında belə canlanmanın müşahidə olunduğu özünü göstərir.
Məsələ burasındadır ki, Ermənistanın İctimai Televiziyasının xəbər portalında da Azərbaycan bölməsi açılıb və orada Azərbaycan dilində xəbərlər yayımlanır. Doğrudur, Ermənistan əhalisinin xeyli hissəsi bu ölkədə Azərbaycan dilinin təbliğinə, öyrənilməsinə geniş yer verildiyini müsbət qarşılamır, bunu mənfi hal olaraq, Azərbaycan dilinin erməni dilini üstələməsi kimi qələmə verənlər çoxdur, hətta buna görə bu ölkənin baş naziri Nikol Paşinyanı ittiham edənlər də az deyil. Bütün bunlarla yanaşı, Ermənistanın siyasi rəhbərliyi həm İrəvan Dövlət Universitetində, həm də ayrı-ayrı kurslarda Azərbaycan dilinin tədrisinə geniş yer verir və bizim dildə olan media resurslarını gücləndirir.
Ermənistanın bu verilişləri yaratmaqda məqsədi nədir, bu informasiya resursları erməni xalqını barışığa hazırlayır, yoxsa bunlardan bizə qarşı əks-təbliğat vasitəsi kimi istifadə edilir?
İsmayıl Tanrıverdi: “Həm Azərbaycan dilində informasiya resurslarının işə salınması, həm də erməni terror təşkilatlarının üzvlərinə məcburi qaydada Azərbaycan dilinin öyrədilməsi Ermənistanın gələcəyə hesablanan çox iyrənc planlarından xəbər verir”
BDU-nun erməni araşdırmaları mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, bu informasiya resurslarını yaratmaqda Ermənistanın məqsədi Azərbaycana qarşı kampaniya aparmaq və öz çirkin niyyətlərini davam etdirməkdir. “Ermənistanda Azərbaycan dilində informasiya resurslarının yaradılması prosesinə yeni başlanmayıb, bu iş çoxdan həyata keçirilir. Sadəcə, son dövrlər fəaliyyətlərini daha geniş və açıq şəkildə büruzə verməyə başlayıblar. Əvvəlcə onu deyim ki, hazırda Ermənistanda Azərbaycan dilini təmiz bilən və danışan şəxslər az deyil, kifayət qədərdir. Ermənistan hökumətinin Azərbaycandilli informasiya resurslarının sayını artırmaqda məqsədi yalnız dilimizdən istifadə edərək bizə qarşı öz çirkin kampaniyalarını davam etdirməkdir. Burada başqa bir məqsəd yoxdur və heç bir xoşniyyətlilikdən söhbət gedə bilməz. Ermənistan Azərbaycandilli informasiya resurslarının sayını artırmaqla bundan Azərbaycana qarşı istifadə etmək istəyir, bütün məlumatlar Azərbaycan dilində verilir və hamısı da bizim əleyhimizə olan informasiyalardır”.
Bu gün Azərbaycan dilinin ASALA və digər erməni terror təşkilatlarının üzvlərinə məcburi qaydada öyrədildiyini deyən İ.Tanrıverdinin sözlərinə görə, məqsəd onlardan kəşfiyyat məsələsində bizə qarşı istifadə etməkdir. “Məndə olan dəqiq məlumata görə, ASALA-nın və başqa terror təşkilatlarının üzvlərinə məcburi qaydada kurslarda Azərbaycan-türk dilini öyrədirlər. Bunlar hamısı Azərbaycana və Türkiyəyə qarşı hazırlanan iyrənc terror planlarına daxildir. Bu da eyni məqsəd daşıyır. Həm Azərbaycan dilində informasiya resurslarının işə salınması, həm də erməni terror təşkilatlarının üzvlərinə məcburi qaydada Azərbaycan dilinin öyrədilməsi Ermənistanın gələcəyə hesablanan çox iyrənc planlarından xəbər verir. Yəni Ermənistanın məqsədi heç də qonşunun dilini öyrənmək deyil, onsuz da, dediyim kimi, orada bizim dili kifayət qədər bilənlər var. Sadəcə olaraq, onlar Azərbaycana qarşı müharibədə iştirak etmək istəyənləri, terrorçuları daha da fəallaşdırmaq üçün bu üsuldan istifadə edirlər”.
Ermənistanda Azərbaycandilli informasiya resurslarında çalışan mütəxəssislərə gəlincə, İ.Tanrıverdi qeyd etdi ki, onlar əsasən Ermənistanda yetişdirilən mütəxəssislərdir və Azərbaycan dilini kifayət qədər yüksək səviyyədə bilirlər. İ.Tanrıverdinin sözlərinə görə, bu işdə onlara əsasən Qarabağda və İrəvanda doğulan ermənilər köməklik göstərirlər. Onların Azərbaycan dilində qüsursuz yazıb oxuduqlarını deyən mütəxəssis dedi ki, hətta bunu onun erməni dilində yazdığı statuslara onların yazdıqları rəylərdən də açıq görmək olur: “Onlar həm də Azərbaycan dilindən dərs keçirlər. Hətta məndə bu dərslərin videosu da var. İrəvan Dövlət Universitetində dilimizi öyrənirlər. Onların müəllimlərindən biri Xankəndidəndir. Orada gənc bir oğlan da var ki, atası onu uşaqlıqdan Azərbaycanşünas olmaq üçün hazırlayıb. O da çox təmiz danışır, yazır. Ermənistanda Azərbaycanşünaslıq illərdir öyrənilir. İrəvan Dövlət Universitetində Türkiyə və Azərbaycan dili kafedrası var. Ermənistanda Türkiyə üzrə mütəxəssislər daha çoxdur. Məndə olan dəqiq məlumatlara görə, Türkiyənin bir neçə universitetində gürcü soyadlı erməni müəllimlər erməni dili keçirlər. Onların babaları Gürcüstanda yaşayıblar və 1918-1920-ci illərdə Stalin onları Ermənistana köçürməklə Gürcüstanı ermənilərdən təmizləmək istəyib. Hətta bununla bağlı Mikoyana tapşırıq da verib. Mikoyanın rəhbərliyilə Gürcüstandan 200 minə yaxın erməni Gümrüdə və İrəvanda yerləşiblər, amma bu, uzun çəkməyib, onlar burada yaşayış üçün şəraitin olmaması səbəbindən yenidən Gürcüstana qayıdıblar və soyadlarını dəyişiblər, bəziləri isə gürcü soyadı ilə Türkiyəyə, başqa ölkələrə gediblər. Əslində, ermənilərin gürcü soyadı qəbul etməsi onların Mikoyana bir etirazı idi” - deyə İ.Tanrıverdi qeyd etdi.
İradə SARIYEVA