44 günlük Vətən müharibəmiz bitəndən sonra Almaniyanın Azərbaycana münasibətində yenidən qəribə, anlaşılmaz notlar önə çıxmağa başlayıb. Alman mediası sanki komanda verilibmiş kimi, Azərbaycan əleyhinə kampaniya aparır. Qəzetlərdə və saytlarda ölkəmizi pisləyən sifarişli yazıların peyda olma tezliyi artıb. İctimai TV-nin efirində aparıcı Markus Lants Azərbaycana hücum çəkib.
Bununla yanaşı, Azərbaycanda olan xarici diplomatların Gəncəyə, sonra isə azad olunmuş ərazilərə səfərləri təşkil olunanda bir nəfər hər dəfə nümayişkaranə şəkildə imtina edib. Söhbət Almaniyanın ölkəmizdəki səfiri Volfqanq Maninqdən gedir. Görünür, ona belə tapşırıq verilib. Daha sonra isə məlum oldu ki, alman diplomatiyasının Azərbaycana olan anlaşılmaz münasibəti heç də təkcə səfirin davranışı ilə yekunlaşmır. Məsələ ondadır ki, rəsmi Bakının Avropa Birliyi və NATO ilə münasibətlərində də Berlin gah birbaşa, gah dolayı, gah açıq, gah gizli şəkildə pozucu təsirlər göstərir. Gürcüstanda fəaliyyət göstərən müxtəlif alman təşkilatları da son zamanlar ölkəmizə qarşı aparılan kampaniyadan qıraqda qalmamaq üçün fəaliyyətlərini artırıblar. Azərbaycan cəmiyyətində Almaniyaya normal, hətta isti münasibət mövcuddur. Hökumətin də heç bir problemi yoxdur. Hansısa qlobal və ya regional məsələdə maraqlarımız kəsişmir. Normal əməkdaşlıq etmək üçün heç bir maneə yoxdur. O üzdən, Almaniyanın Azərbaycana münasibətdə bu cür davranışı anlaşılan deyil.
Bütün bunların fonunda, Almaniya bu cür destruktiv fəaliyyəti ilə Azərbaycanın NATO və Avroittifaqla əlaqələrinin dərinləşməsinə necə mane olur?
“Bu istiqamətdə mövcud problemlər aradan qaldırılır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Almaniyanın Azərbaycanla siyasi əlaqələri daima yüksək səviyyədə olub. Məhz Qarabağ münaqişəsi zamanlarında biz Almaniyanın Minsk Qrupunda yer almasına çalışırdıq. Bu, Berlinin obyektiv mövqe tutmasından irəli gəlirdi. Bir çoxu hesab edirdi ki, Almaniya həmsədr olsa, tərəfsiz mövqe sərgiləyəcək. Hazırda Almaniyanın siyasətində Azərbaycana qarşı qərəzli mövqenin tutulması ola bilər ki, hakimiyyətlər arasında anlaşılmazlıqdan irəli gəlir. Bunun müqabilində Azərbaycana qarşı qərəzli mövqe ortaya qoyulur. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan hakimiyyəti hər zaman Almaniya ilə normal münasibətlərin qurulmasında maraqlı olub. Almaniyanın Azərbaycanın Avrointeqrasiya prosesinə mane olması ölkəmizə qarşı qərəzli mövqeyindən irəli gəlir. Azərbaycanla Avropa İttifaqı arasında çərçivə sazişinin bağlanması gözlənir. Bu istiqamətdə mövcud problemlər aradan qaldırılır. Hazırda Berlinin bu siyasəti Avropa-Azərbaycan əlaqələrinə mane ola bilməyəcək. Hesab edirəm ki, Azərbaycan Avropa ilə əlaqələri daha da sıxlaşdırmalı və Almaniyanın bu mövqeyi neytrallaşdırılmalıdır. Almaniya çalışır ki, “Şimal axını-2” qaz kəmərini reallaşdırsın və Rusiya qazı Avropaya idxal edilsin. Azərbaycan da TAP layihəsini işə salıb. ABŞ və digər ölkələr Almaniyanı bu layihədən imtinaya çağırır, alternativlərə baş vurmasını tələb edirlər. Azərbaycan da Avropanın enerji sahəsində yeni tərəfdaşıdır. Fikrimcə, bu məsələlərə görə Almaniya Azərbaycana qarşı qərəzli mövqe sərgiləyə bilər”.
Politoloq hesab edir ki, Almaniya öz məqsədlərinə çata bilməyəcək.
Vidadi ORDAHALLI