Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda iyun ayına təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. A.Abramyan deyib ki, Ermənistan indi uçurum qarşısındadır və bu səbəbdən hər bir vətəndaş ölkəyə qayıdıb səsvermədə iştirak etməlidir.
O, vaxtilə Nikol Paşinyana qarşı mübarizə aparmadığına görə özünü qınayıb: “Mən Ermənistana gedəcəyəm və növbədənkənar seçkilərdə fəal iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib…”
A.Abramyan deyib ki, tezliklə növbədənkənar seçkilərlə bağlı öz proqramını açıqlayacaq, seçkilərə hansı qüvvə ilə gedəcəyini elan edəcək. Komandasının kimlərdən ibarət olacağını bildirəcək. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu qeyd edib: “Paşinyanın seçkilərdə iştirak etməyə mənəvi haqqı yoxdur, əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq, xalqa situasiyanı düzgün izah etmək lazımdır”.
Ara Abramyan, eyni zamanda, Paşinyanı Qarabağdakı müharibəni uduzmaqda ittiham edib.
Faktiki olaraq, Ara Abramyan revanşist mövqedə olduğunu indidən gizlətmir. O da digər millətçi şovinistlər kimi Qarabağdakı məğlubiyyəti faciə sayırsa, beləsinin Paşinyana qalib gəlmək şansı nə qədər ola bilər?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, qarşıdan gələn seçkilərdə Paşinyanın şansı daha yüksəkdir: “ABŞ-ın nüfuzlu rəy mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, onun reytinqi 37-38 faiz göstərilir. Bir ay əvvəl isə bu reytinq 5 faiz idi. Görünən budur ki, Paşinyanın reytinqi sürətlə artır. Bu nöqteyi-nəzərdən, Paşinyan baş nazirlikdən istefa verib seçkiqabağı təbliğata başlayan kimi əhalini öz paltformasına daha çox inandıra biləcək. Abramyanlar çətin ki, bu məsələdə Paşinyanı üstələyə bilsinlər. Düzdür, seçkidə hər cür yenilik ola bilər. İndiki halda Paşinyanın reytinqi, hətta Qarabağda yaşayan ermənilər arasında daha çoxdur. Bu, eyni zamanda müharibə və sülh tərəfdarlarının seçimi olacaq. Ermənistan cəmiyyəti sülhü seçir. Paşinyan artıq bölgədəki kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıq, sülhü təmin edən amillərin formalaşdırılması istiqamətində açıq fəaliyyətə keçib. Ermənilər inanır ki, bunlar təmin edildikdən sonra Ermənistandakı iqtisadi tənəzzül dayanacaq və sabitləşmə olacaq. Hətta Ermənistanda iqtisadi yüksəliş də başlaya bilər. İndiyə qədər blokadada çabalayan Ermənistan bundan sonra Avropaya və digər qitələrə çıxış əldə edəcək. Abramyan isə bu deyilənlərə əks mövqedə olan platforma ilə gəlirsə, onun qalib gəlmə şansı yoxdur”.
Məhəmmədəli QƏRİBLİ