Gürcüstanın xarici işlər naziri David Zalkaliani bəyan edib ki, ölkəsi Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaq regional platformada işləmək istəmir.
Gürcüstan rəsmisi bunu belə əsaslandırıb: “Biz ərazilərimizi işğal edən Rusiya ilə heç bir platformanı nəzərdən keçirmirik”.
Bununla belə, o, Cənubi Qafqaz ölkələri, Rusiya,Türkiyə və İranın iştirakı ilə nəzərdən keçirilən “3+3” formatı əvəzinə, Gürcüstan, Azərbaycan və Ermənistanın iştirakı ilə yeni bir platforma yaratmağı təklif edib. Zalkaliani bildirib ki, Cənubi Qafqaz ölkələrinin iştirakı ilə təklif edilən, Rusiyanın da iştirakını nəzərdə tutan platforma Gürcüstan üçün qəbuledilən deyil: “Biz yeni platforma təklif edirik - Gürcüstan, Azərbaycan və Ermənistan. Tbilisi beynəlxalq partnyorların iştirakı ilə dialoq yeri kimi təklif edilir”.
Görünən odur ki, məlum səbəbdən Gürcüstan altılıq platformasında iştirak etməyin tərəfdarı deyil. O baxımdan, ekspertlər Gürcüstanın bu mövqeyini necə dəyərləndirirlər?
“Ölkənin iş adamları iqtidardan fərqli olaraq, Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdırlar”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Məsələ ondadır ki, 2003-cü ildə baş verən “Qızıl gül” inqilabından sonra Gürcüstan-Rusiya münasibətlərində xeyli problem yaşandı. Bu problemlər, bir tərəfdən, bu ölkənin milli təhlükəsizlik maraqlarından, digər tərəfdən, Gürcüstana geosiyasi faktorların təsir imkanlarının güclənməsindən irəli gəlir. Söhbət Qərbin Gürcüstanı Rusiyanın siyasi təsir dairəsindən çıxarıb, öz nüfuz dairəsinə aid etmək istəyindən gedir. Elə bu səbəblərdəndir ki, Gürcüstan qısa zaman kəsiyində NATO-ya inteqrasiya edəcəyi ilə bağlı bəyanatlar verdi, Avropa İttifaqına qoşula biləcəyini açıqladı.
2008-ci ilin avqust müharibəsi Gürcüstan-Rusiya münasibətlərini daha da pisləşdirdi. Bunun nəticəsində Saakaşvili hakimiyyəti 2012-ci ildə seçkilərdə məğlub oldu. Məlum oldu ki, Rusiya amilini nəzərə almadan bölgədə müstəqil siyasət həyata keçirmək bir qədər müşkül məsələdir. Bunu yaxşı anlayan Türkiyə Yaxın Şərqdə Rusiyanın maraqlarını nəzərə alır. Rusiya və Türkiyə arasında əldə olunan razılaşmalar heç də o demək deyil ki, əksər məsələyə münasibətdə bu dövlətlərin mövqeləri üst-üstə düşür. Sadəcə olaraq, bu iki dövlət ortaq maraqlardan çıxış edib əməkdaşlıq edirlər.
Çox təəssüflər olsun ki, Saakaşvili hakimiyyətdən gedəndən sonra Gürcüstanda hakimiyyətə gələn qüvvələrin Rusiyaya münasibəti elə də dəyişmədi. Baxmayaraq ki, İvanaşvilinin biznesinin Rusiya ilə bağlı olması və digər bu kimi məsələlərlə bağlı fikirlər var idi. Bütün bunlar Gürcüstanın, birmənalı şəkildə, Qərbə inteqrasiya etməklə bağlı siyasətindən irəli gəlir. Ancaq Rusiyanın regiondakı maraqlarını da müəyyən mənada nəzərə almaq lazımdır. Çünki bunsuz keçinmək çətin məsələdir. Altılıq formatı region ölkələrinin iqtisadi maraqlarına uyğundur. Hər halda, Gürcüstanın iş adamları iqtidardan fərqli olaraq, Rusiya ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdırlar. Xüsusən də ölkənin kənd təsərrüfatı sektoru gərgin münasibətlərdən daha çox əziyyət çəkir. O cümlədən, turizm sektoru. Fikrimcə, bu kimi amillər Gürcüstan iqtisadiyyatına xeyli problem yaradır. Hesab edirəm ki, regional layihələrin həyata keçirilməsi bir sıra problemlərin həllinə təkan verə bilər. O üzdən, yaxşı olardı ki, Gürcüstan bu kimi formatlarda iştirak etsin”.
Politoloq onu da qeyd etdi ki, indi mümkün görünməsə də, perspektivdə Gürcüstanın 6-lıq formatına qoşulması güman olunur.
Vidadi ORDAHALLI