Rusiyanın parlament partiyasından Qarabağ təxribatı - Qarabağ ancaq Rusiya tərkibində ola bilər...

Dövlət Dumasında təmsil olunan və Sergey Mironovun rəhbərlik etdiyi “Ədalətli Rusiya - Vətənpərvərlik” partiyası təxribat xarakterli açıqlama ilə çıxış edib.
Sözügedən partiya bəyan edib ki, partiyanın proqramına Rusiya ərazisinin Dağlıq Qarabağ və Donbas hesabına genişləndirilməsi tezisi daxil ediləcək. Bununla belə, partiyanın mərkəzi aparatı rəhbərinin müavini Nikolay Noviçkov deyib ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı münaqişə başlayanda partiya nümayəndələri tanınmayan “respublika” sakinlərinə müraciət edib: “Münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Rusiya Federasiyasına qoşulmaqdır. Başqa bir yol yoxdur”.
Bununla belə, ötən həftənin sonunda Xankəndi şəhərində Dağlıq Qarabağ Rus İcması Şurasının müharibə başa çatdıqdan sonra ilk iclası keçirilib. Qarabağdakı milli azlıqların nümayəndələri Azərbaycan əleyhinə bəyanat veriblər.
Məlumat üçün onu da qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad edilməsindən sonra orada rus pravoslav məbədlərinin dağıdılması və onların erməni monofizit kilsələrinə çevrilməsi faktları aşkar edilib. Ancaq, nədənsə, bunu Rusiyada görməzdən gəlirlər. Martın 25-də isə qondarma "Qarabağ parlamenti" ermənilərin nəzarətində olan ərazidə rus dilinə status verdi. Ərizəçi erməni dilini bilmirsə, bu dildə iş aparmağa icazəsi olacaq.
Bütün bu deyilənlərin fonunda, Dumada təmsil olunan bir partiyanın Azərbaycana yönəlik bu cür təxribat xarakterli açıqlama ilə çıxış etməsi nə deməkdir?
- “Parlament deputatları və ya partiyalar xətti ilə buna cavab verilməlidir”
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, bu cür sərsəm bəyanatlar Azərbaycan-Rusiya münasibətlərinə zərər vurur: “Sözügedən siyasi təşkilatda guya vətənpərvər mövqedən çıxış edən 3 partiya birləşib. Yəni həmin partiya üç fərqli partiyanın birləşməsindən yaranıb. Bu ilin yanvar ayında “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov, “Həqiqət uğrunda” partiyasının lideri Zaxar Prilepin və “Rusiya vətənpərvərləri” partiyasının lideri Gennadi Semigin birləşmək barədə manifest imzalayıblar. Fevral ayında keçirilən qurultaydan sonra yeni, birləşmiş partiya yuxarıdakı adı alıb. Belə bir təxribatçı çağırış məni təəccübləndirdi. Çünki Sergey Mironov Azərbaycana münasibətində hər zaman mötədil mövqe tutub. O baxımdan məlum bəyanat bizi narahat etməyə bilməz. Çünki burada şovinist əhval-ruhiyyə açıq şəkildə ifadə olunub. Ona görə də bu açıqlama çox aqressiv və Azərbaycanın maraqlarına zidd bəyanatdır. Məlum açıqlama tamamilə sərsəm və reallıqdan uzaq bəyanatdır. Çünki heç bir hökumət Dağlıq Qarabağı öz ərazisinə birləşdirə bilməz. Üstəlik, bununla bağlı Rusiya prezidenti Vladimir Putinin bəyanatı da var. O bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır. Görünür, bu cür sərsəm bəyanatlar müəyyən mənada partiyanın möhkəmlənməsinə hesablanıb. Ancaq bu cür siyasi reverans uğursuzdur. Bütün hallarda, bu cür təxribatçı xarakterli açıqlamaya cavab verilməlidir. Yəni parlament deputatları və ya partiyalar xətti ilə buna cavab verilməlidir. Belə bəyanatlar yalnız Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinə xidmət edir”.
Politoloq hesab edir ki, Dumada təmsil olunan partiyalar verdikləri bəyanatların məsuliyyətini dərk etməlidirlər.
Vidadi ORDAHALLI