Martın 25-də Xankəndidə etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər. Müxalif "Mənim haqqım" hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndidə yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların "korrupsiya gəlirləri" ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər. Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir "qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz "ədliyyə nazirliyi” tələb olunan "qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər. Axşam saatlarında hərəkat fəalları "rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılmasıyla razılaşıblar. Etirazçılar "hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətləri uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.
Baş verənlərdən sonra separatçı dəstə başçısı Araik Arutyunyanın niyə qəfil Ermənistana getməsinin səbəbi də üzə çıxıb. Çünki Araik Arutyunyan keçirdiyi görüşlərdə ermənilərin sosial vəziyyətinin ağır olduğunu ön plana çıxarıb. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda isə qərara alınıb ki, Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar (110 milyard dram) maddi yardım ayrılsın. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək. Ermənistanın Qarabağdakı vəziyyətə yenidən “burun soxma” cəhdi necə dəyərləndirilə bilər?
“Həmin yerlərdə hansısa infrastruktur layihələrinin icrasına ehtiyac varsa, Azərbaycanın bunu etməyə tam imkanı çatır”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bütün istiqamətlər üzrə əldə olunan razılaşmanı pozmağa cəhdlər etdiyi üzə çıxır: “Bilirsiniz ki, Ermənistanın imza atdığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etmək kimi öhdəliyi var. Həmin öhdəlikdə bildirilir ki, Ermənistana aid olan bütün silahlı qüvvələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Biz bu müddət ərzində Ermənistanın hər vəchlə bu razılaşmanı pozduğunun şahidi oluruq. Müharibə və ondan sonrakı dönəm göstərir ki, Ermənistan çox zəlil bir vəziyyətdədir. İqtisadiyyatı tam çökən ölkənin özündən xaricə kütləvi köç başlayıb. Belə bir ölkənin kiməsə yardım göstərməsi inandırıcı görünmür. Ola bilər ki, Ermənistan diasporun yardımı ilə Qarabağda yenidən hansısa separatçı, qanunsuz meylləri stimullaşdırmaq istəyir. Təbiidir ki, Azərbaycan buna imkan verməyəcək. Çünki Azərbaycanın Qarabağ ərazisinin bərpası ilə bağlı böyük layihəsi var. Büdcədən həmin məqsəd üçün milyardlarla vəsait ayrılıb. Xankəndi və ermənilərin kompakt yaşadığı digər ərazilər Azərbaycan ərazisidir. Həmin yerlərdə hansısa infrastruktur layihələrinin icrasına ehtiyac varsa, Azərbaycanın bunu etməyə tam imkanı çatır. Qoy ermənilər bizə müraciət etsin, biz lazım olan işləri görərik. Əks təqdirdə, bu cür hallarla bağlı Azərbaycan antiterror əməliyyatları həyata keçirməyə məcbur olacaq”.
Məhəmmədəli QƏRİBLİ