Məlum olduğu kimi, bir qrup Azərbaycan ziyalısı UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət edib.
“Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik.
Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı.
Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.
İrəvan quberniyasında yerləşən Göy məscid, Qala məscidi, Şah Abbas, Təpəbaşı, Zal xan, Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.
Onillərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.
Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.
Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir.
BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin, sülh və təhlükəsizlik məsələsidir”.
Müraciəti imzalayan Azərbaycan ziyalıları UNESCO-nu Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırkı vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırıblar: “Biz, həmçinin, sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.
UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik”.
Qeyd edək ki, müraciəti Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik Kamal Abdulla, pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas, Xalq artisti, professor Mənsum İbrahimov, Respublika Veteranlar Təşkilatının sədri, II Dünya müharibəsi veteranı Fatma Səttarova, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Azərbaycanın Rus İcması"nın sədr müavini Anastasiya Lavrina, “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, “Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova, "Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov, "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri Azər Qərib, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova imzalayıblar.
Ölkəmizin tanınmış ziyalılarının UNESCO-nun baş direktoruna müraciəti çox müsbət haldır və buna reaksiya veriləcəyinə ümid edirik. Burada diqqətçəkən bir məqam odur ki, uzun illərdir Ermənistanda bizim abidələrimizə qarşı vandalizm, məhvetmə siyasəti həyata keçirilib, son 33 ildə isə bu daha dəhşətli şəkil alıb, amma problemin davam etdiyi bu çağlarda bizim ziyalıların beynəlxalq təşkilatlara hər hansı bir diqqətçəkən müraciəti olmayıb. Baxmayaraq ki, ölkə başçısı da dəfələrlə bu məsələyə toxunub, amma ziyalıların reaksiyası, demək olar, olmayıb. Bu gün isə bu istiqamətdə bəzi ziyalılarda aktivlik müşahidə edilir. Eybi yox, ziyanın yarısından da qayıtmağın xeyri var.
Ziyalılarımızın məlum məsələ ilə bağlı UNESCO-nun baş direktoruna müraciətinə münasibət bildirən ekspertlər qeyd edirlər ki, müraciət gecikmiş olsa da, erməni vandalizminin ifşa edilməsi istiqamətində UNESCO-nu müəyyən addımlar atmağa vadar edəcək bir müraciətdir. Ekspertlərin fikrincə, UNESCO bu müraciətə müsbət cavab verməli və Azərbaycan tərəfin haqlı tələbinə bu təşkilat etinazsız yanaşmamalıdır.
“Bu istiqamətdə ziyalı hərəkatı başlayırsa, hesab edirəm ki, bu proses ciddi şəkildə davam etməli və istəyimizə nail olana qədər dayanmamalıdır”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, əslində, beynəlxalq təşkilatlara ziyalıların, ölkəmizin tanınmış şəxslərinin müraciətləri intensiv xarakter almalıdır, bu bizim öz istəyimizə nail olmağımız üçündür. A.Nağının sözlərinə görə, Azərbaycanda bir sıra vacib institutlar var ki, onlar işləmir: “Çox təəssüf ki, bu vacib institutlar işləmir. Onlardan biri də şərti olaraq nüfuzlu şəxslər, ziyalılar institutudur ki, fəaliyyəti çox passivdir. Biz zamanında QAT-ın Ağsaqqallar Şurasında buna cəhd etdik, məqsədimiz o idi ki, Azərbaycan ziyalılarının, tanınmış elm, mədəniyyət, dövlət xadimlərinin müxtəlif məqamlarda həm cəmiyyətə, həm də beynəlxalq aləmə müraciətlərinin edilməsinə nail olaq. Çünki bu bizə çox lazımdır. Deyək ki, istənilən məsələ ilə bağlı dövlət başçısının müraciətinin öz çəkisi, öz yeri var. Yuzminlərlə ziyalının, tanınmış şəxsin, mədəniyyət, elm, siyasət və sair xadiminin adından toplanıb beynəlxalq təşkilatlara göndərilən müraciətlərin də yeri ayrıdır. Elə məqamlar var ki, beş nəfər dünyada tanınmış Azərbaycan ziyalısı UNESCO-ya, BMT-yə, eləcə də digər beynəlxalq qurumlara müraciət edərsə, həmin qurumlar bu müraciətlərə daha həssas yanaşırlar. Məsələn, ermənilər bu üsuldan tez-tez istifadə edirlər və yararlanırlar. Yadınıza gələr, Dağlıq Qarabağ problemi yeni yarananda ermənilər dünyada məşhur olan Saxarovdan, onun müraciətlərindən necə istifadə edirdilər, eləcə də digər o tip müraciətlərdən. Təəssüflər olsun ki, bu, bizdə uzun illər alınmayıb, insanların içində bir ətalət, bir çəkingənlik var, bəzən öz xırda maraqlarını düşünürlər, “birdən edərəm, kiminsə xoşuna gəlməz” deyirlər. Təəssüf ki, bu var və ziyalılarımız arasında da fədakarlıq xüsusiyyətləri geniş deyil. Ona görə də yeni-yeni bu istiqamətdə ziyalı hərəkatı başlayırsa, hesab edirəm ki, bu proses ciddi şəkildə davam etməli və istəyimizə nail olana qədər dayanmamalıdır. Bunun müsbət mənada nəticəsini görəcəyik. Hesab edirəm ki, UNESCO-ya müraciət edənlər sırasında daha çox dünyada tanınan müəlliflərin, imzaların olması vacibdir. Məsələn, Xalq yazıçısı Çingiz Abdullayev dünyada tanınan bir imzadır və yaxud Kamal Abdulla. Bu şəxslərin ətrafına da Azərbaycan miqyasında tanınan ziyalılar qoşula bilər. Biz ziyalı institutunu yaratmalı və var gücü ilə işə salmalıyıq, bu işdə dövlətin də dəstəyi olmalıdır. Bu proseslərin önündə gedənlərdən biri də Rafiq Əliyev olmalıdır. Bəzi tanınmış ziyalıların özləri təşəbbüs göstərmirlərsə, bu işə onlar cəlb edilməlidirlər. O vaxt biz Rafiq Əliyevlə də danışmışdıq ki, siz dünyada tanınmış alimsiniz, Lütfüzadə ilə bərabər Azərbaycanın vacib taleyüklü məsələləri ilə bağlı iş görə bilərsiniz. O zaman da deyirdik ki, Lütfüzadənin, Rafiq Əliyevin və Çingiz Abdullayevin bir yerdə hazırlayıb BMT-yə, UNESCO-ya, digər beynəlxalq təşkilatlara, dünya alimlərinə ünvanladıqları müraciət daha effektiv olardı” - deyə bildirən A.Nağı hesab edir ki, ziyalıların bu şəkildə müraciəti intensiv xarakter almalıdır.
İradə SARIYEVA