Azərbaycan abidələrini məhv edən, məscidləri, dini ziyarətgahlarımızı, qəbiristanlıqlarımızı təhqir edib viranə qoyan ermənilər yeni qondarma iddia ilə çıxış edirlər, guya ki, Cəbrayılda hansısa bir “erməni kilsəsi” sökülüb. Erməni mediası Cəbrayıl rayonunda “erməni kilsəsi”nin sökülməsinə dair iddia irəli sürür.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib: “2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”.
H.Hacıyevin də şərhindən aydın oldu ki, burada heç bir “qədim kilsə”dən söhbət getmir, ermənilərin işğal dövründə inşa etdikləri qanunsuz tikilidən gedir.
“Tarixən Cəbrayılda erməni yaşamayıb və burada onların heç bir maddi irsi, kilsəsi, dini ibadət yeri olmayıb”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, H.Hacıyev ermənilərin qondarma iddiasına olduqca məntiqli, əsaslı cavab verib. Q.Hacıyev qeyd etdi ki, ümumiyyətlə, işğala qədərki dövrdə Cəbrayılda erməni yaşamayıb və burada ermənilərin heç bir irsi olmayıb. Professor hesab edir ki, ermənilərin “Cəbrayıl kilsəsi” söhbətini ortaya atması təsadüfi deyil, çünki son zamanlar Azərbaycan tərəfi həm Qarabağda, həm də indi Ermənistan adlandırılan Qərbi Azərbaycanda Azərbaycan türklərinə aid tarix-maddi, mədəni, dini abidələrin ermənilər tərəfindən vandalcasına dağıdılıb məhv edildiyini sübutlarla bildirir və beynəlxalq təşkilatların buna reaksiya verməsini tələb edir, bu da ermənilərin bu cür təxribatçı addımlar atmalarına səbəb olub: “Təsəvvür edin, ermənilər Qərbi Azərbaycanda məscidlər də, dini ziyarətgahlar da daxil olmaqla, Azərbaycan türklərinə məxsus saysız-hesabsız abidəni darmadağın, məhv edib, yer üzündən siliblər. Bildiyiniz kimi, bu qədər abidənin içində yalnız ikisini saxlayıblar, bunlardan biri İrəvandakı Göy məsciddir, o birisi isə Əmir Səəd türbəsidir. Ermənilər o qədər saxtakardırlar ki, öz saxtakar əməllərini hər cür şəkildə həyata keçirə bilirlər və onlara məxsus bir donuz damının uçurulmasına belə bu cür hay-küylü reaksiya verirlər. Qəribədir ki, beynəlxalq aləm də ermənilərin bu saxtakarlıqlarına göz yumur. Ermənilər işğal dövründə Qarabağdakı abidələrə böyük divan tutublar. Köçürülərək Qərbi Azərbaycanda yerləşdirildikdən sonra buradakı bütün abidələri məhv etdilər, qoç daşları, at heykəllərini yoxa çıxardılar. Əvvəllər bunu gizli şəkildə etsələr də, sonradan açıq şəkildə etdilər. Ermənilər müsəlman-türk abidələrini məhv etməklə kifayətlənməyib, xristian-alban abidələrini də dağıtdılar, dağıda bilmədiklərini isə qriqoryanlaşdırdılar”.
Müsahibimiz bildirdi ki, Azərbaycana qarşı belə böhtan-şər kampaniyası aparan ermənilərin məqsədi aydındır. “Ermənilərin Cəbrayıl rayonunda guya “erməni kilsəsi”nin sökülməsi ilə bağlı Azərbaycana qarşı irəli sürdükləri iddia əsassızdır. Ona görə əsassızdır ki, tarixən Cəbrayılda erməni yaşamayıb və burada onların heç bir maddi irsi, kilsəsi, dini ibadət yeri olmayıb. Yəni bu rayonda ermənilərin hər hansı bir ibadət təyinatlı obyekti, kilsəsi olmayıb və onların bu hay-küylərinin heç bir əsası yoxdur. Ermənilər işğal dövründə orada min bir qanunsuzluq, cinayətlər ediblər, müsəlman abidələri ilə yanaşı, alban məbədlərini də dağıdıblar. Ermənilərin “erməni kilsəsi” oyununu ortaya atmaları təsadüfi deyil, çünki bütün dünyada erməni yalanının ifşa edilməsi prosesi başlayıb, onlar guya öz aləmlərində bu prosesin qarşısını almaq istəyirlər.
Azərbaycan artıq erməni vandalizminin mahiyyətinin və törədilmiş hərbi cinayətlərin ifşa edilməsi istiqamətində beynəlxalq miqyasda böyük işlər aparır və bu da ermənilərin tamamilə tərkisilah edilməsi deməkdir. Odur ki, onlar bu kimi təxribatlarla dünyanın diqqətini öz cinayətlərindən yayındırmaq istəyirlər. Digər bir tərəfdən, işğaldan azad edilmiş ərazilərə beynəlxalq missiyanın gəlməsi ermənilərə sərf etmir. Çünki bu onların tamamilə ifşa edilərək gülünc vəziyyətə salınması deməkdir” - deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA