Müharibə bitdikdən sonra ermənilərin basdırdıqları minalar partlamaqda davam edir. Nəticədə vətəndaşlarımız həlak olurlar. Mina partlayışlarından yaralananlar isə ağır xəsarət alırlar. Yaralananların bir çoxu ayağını və digər bədən üzvlərini itirib.
Ən dəhşətlisi odur ki, erməni quldurları xaotik olaraq əraziləri minalayıblar. Ağla gəlməyən yerlərdə belə minalar basdırıblar. Bu isə minatəmizləmə işlərini çətinləşdirir.
Digər başlıca problem ondan ibarətdir ki, Ermənistan minalanan ərazilərin xəritəsini Azərbaycana vermir. Buna görə beynəlxalq təşkilatlar, o cümlədən, insan haqları ilə məşğul olan təşkilatlar nə Ermənistana təzyiq edir, nə də xəritələrin verilməsi ilə bağlı çağırış səsləndirirlər. Bunun əvəzində “Human Rights Watch” təşkilatı bizi hərbi əsirlərlə Cenevrə Konvensiyasına uyğun rəftar olunmamaqda ittiham edir. Adıçəkilən təşkilatı rəsmi Bakının 10 noyabrdan sonra əlisilahlı ələ keçirilən separatçı-terrorçuların əsir sayılmadıqları və onlarla normal davranıldığı arqumenti maraqlandırmadığı kimi, Ermənistanın minaladığı ərazilərin xəritəsini Azərbaycana niyə verməməsi də maraqlandırmır. Halbuki, minaların partlamasından mülki insanların həlak olması sözdə insan haqlarıyla məşğul olan təşkilatı narahat etməli idi. “Human Rights Watch” təşkilatını niyə Ermənistanın minaladığı ərazilərin xəritəsini Azərbaycana verməməsi maraqlandırmır?
“...erməni lobbisinin maraqlarına xidmət edir”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bunu bir sıra amillərlə əlaqələndirdi: “Müharibə bitdikdən sonra ermənilərin basdırdıqları minalar onlarla vətəndaşımızın həyatına son qoyub və bu üzücü hadisələr davam etməkdədir. İşğaldan dərhal sonra öz dədə-baba yurdlarında yaxınlarının məzarlarını ziyarət etmək istəyən insanlarımız çox təəssüflər olsun ki, həyatlarını itirirlər. Bu insanları mənəvi cəhətdən başa düşmək o qədər də çətin deyil. Öz doğma yurdlarından 30 il ayrı düşməyin nə olduğunu və onların hansı əzab-əziyyətlər çəkdiklərini biz yaxşı bilirik. Təəssüf ki, bunu beynəlxalq təşkilatlar dərk etmək gücündə deyillər. Xain, mənfur düşmənimiz minalı ərazilərin xəritəsini vermir. Bununla onlar müharibə qanunlarını heçə saymaqda davam edirlər. Axı necə ola bilər ki, minalanmış ərazilərin xəritələri Ermənistan silahlı qüvvələrinin əlində olmasın. Minalanmış ərazilərin xəritələri üç-dörd nüsxədən ibarət olur. Onun bir nüsxəsi hərbi hissə komandanlığında, ikinci hissəsi Müdafə Nazirliyində, üçüncü nüsxəsi ali baş komandanda olur. Nəzərə alsaq ki, Ermənistanın ordusu Rusiyanın, demək olar, tərkibindədir, o zaman, böyük ehtimalla, elə dördüncü nüsxəsi məhz Rusiyanın Müdafiə Nazirliyində olmalıdır. Ermənilər isə minalı ərazilərin xəritələrinin onlarda olmadığına israr edirlər. Düşünürəm ki, minalı ərazilərin xəritələrini Ermənistan tərəfindən qətiyyətlə tələb etmək lazımdır. Ancaq bunu təkcə biz yox, özünü insan haqlarının keşikçisi kimi təqdim edən “Human Rights Watch” təşkilatı da etməlidir. Ancaq biz bunu görmürük. Ona görə ki, bu təşkilat erməni lobbisinin maraqlarına xidmət edir. Əslində, bu təşkilatın ədalətli mövqe sərgiləməsinə heç vaxt rast gəlməmişəm. Bu təşkilat son 30 ildə bir milyondan artıq qaçqın-köçkünümüz barədə hansı ədalətli yanaşma sərgilədi ki, indi də onlardan hansısa qərəzsiz yanaşma gözləyək? Bütün bunlar insan haqlarının müdafiəsindən danışan təşkilatların əsl simasını ortaya qoyur. Bəlli olur ki, onlar öz mənafeləri naminə lazım gələndə bu amildən bir təzyiq aləti kimi istifadə edirlər”.
Sədr müavini onu da qeyd etdi ki, sözügedən məsələni daim gündəmdə saxlamalıyıq.
Vidadi ORDAHALLI