İyirmi səkkiz ildir Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşan Kəlbəcər rayonundan 10 məcburi köçkün ailəsi Prezident İlham Əliyevə müraciət edib. Həmin müraciəti oluduğu kimi təqdim edirik:
Çox hörmətli Cənab Prezident!
Biz, Kəlbəcər rayonundan məcburi köçkünlər 28 (iyirmi səkkiz) ildir ki, Samux rayonu, Qarasaqqal meşə massivində məskunlaşmışıq. Mal-heyvan saxlamaqla ailəmizi saxlayırıq. Samux rayon Qarasaqqal meşə massivində boş qalmış əkin üçün yararlı 130 hektar torpaq sahəsi götürərək, taxılçılığın inkişafı üçün verilən prezident sərəncamı əsasında həm də öz güzəranımızın yaxşı olması və mal-heyvanlarımızın saxlanması üçün taxıl əksək də, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə müavini Arif Ağayev bələdiyyə sədri ilə əlbir olaraq 05 mart 2021-ci il tarixdə saxta sərəncamla əkdiyimiz taxılı sulamağa imkan verməyərək yandırıb külə döndərdilər.
Bununla bağlı aramızda yaranan mübahisənin 6 (altı) aydır ki, Samux Rayon Məhkəməsində məhkəmə prosesi keçirilsə də, hər dəfə rayon İcra Hakimiyyətinin başçısı məhkəməyə təsir göstərərək məhkəmə proseslərini dayandırıb, verdiyi saxta sərancamları qüvvədə saxlamaq istəyir. Biz on ailə üzvləri adları çəkilən məmurların əlindən bezərək son ümüd yerimiz olan cənab Prezidentimizdən imdad gözləyirik. İyirmi ildən artıqdır ki, Xətaim Cəfərov Samux rayonunda Bələdiyyə sədri vəzifəsində işləyir. Bütün Samux rayonu ərazisində olan sovetlər birliyindən qalma yararlı torpaq sahələrini və ferma və digər obyektləri alaraq özünküləşdirib.
Ulu öndərimiz Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırması ilə bağlı verdiyi sərancamın bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirildiyi bir zamanda məmurlar yerlərdə didərginlərə etdikləri zülmlərlə insanların əsəblərini tarıma çəkirlər.
Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə bələdiyyə sədri Xətaim Cəfərovun neçə illərdir ki, etdikləri qanunsuz əməllərini yazmaqla qurtarası deyil.
Həmçinin, ərizədə göstərdiyimiz faktlara görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər cavabdeh məmurlara tapşırılsın ki, yoxlama aparılaraq günahkarlar cəzalandırılsın. Ona görə bizim şikayət ərizəmizin ciddi nəzarətə alınıb araşdırılmasına göstəriş verməyinizi xahiş edirik. Biz məcbiri köçkün ailələrinə etdiyiniz köməkliklərə görə Sizə dərin minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, yerlərdəki məmurların belə hallara yol verməsinə dair kifayət qədər məlumatlar ictimailəşib. Yerli icra hakimiyyətləri öz səlahiyyətlərindən istifadə edib münbit torpaqları ələ keçirir, suvarma məsələsində yalnız öz yerlərini su ilə təmin edirlər. Belə hallara son qoyulması üçün hansı addımlar atılmalıdır? Təəssüflər olsun ki, qeyri-iş günü olması səbəbindən biz səslənən ittihamlarla bağlı İcra Hakimiyyətinin mövqeyini öyrənə bilmədik.
“Rayonla əlaqəsi olan bir adam kimi deyə bilərəm ki, bir çox icra başçıları yerlərdəki əhaliyə əziyyət verir”
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, icra hakimiyyətlərinin fəaliyyətilə bağlı cəmiyyətdə birmənalı münasibət yoxdur: “Ötən və bu il ərzində biz silsilə həbslərin şahidi olduq. Həmin həbslər əsasən icra başçıları korpusunu əhatə etdi. DTX-nın keçirdiyi əməliyyatlarla bağlı təqdim edilən videogörüntülərdən icra başçılarının hansı neqativliklərlə məşğul olmaları üzə çıxdı. Çox maraqlıdır ki, hələ də həmin həbslərdən düzgün nəticə çıxramayan məmurlar var. İcra başçılarının rayonlarda fermerlərə süni maneələr yaratmaları danılmaz faktdır. Bir çox rayonlarla bağlı belə faktlar var ki, icra başçısları münbit torpaqları öz yaxınlarının adına keçirib, onlara daha imtiyazlı şəraitlər yaradırlar. Nəticədə əsl fermerlər bu ədalətsiz rəqabətə tab gətirə bilmir. Rayonla əlaqəsi olan bir adam kimi deyə bilərəm ki, bir çox icra başçıları yerlərdəki əhaliyə əziyyət verir. Həbs edilən və fəaliyyətdə olan bir çox icra başçıları ilə bağlı araşdırma aparanda onların tərcümeyi-halı ilə də bağlı maraqlı detallar üzə çıxır. Xüsusilə də onların ali təhsilləri ilə bağlı. Bəlli olur ki, onlar ciddi universitetlərdə təhsil almayıblar, ya da yaşlarının kifayət qədər ahıl çağında hardansa ilk ali təhsil diplomunu əldə ediblər. Onların övladları da dövlət qurumlarında yaxşı vəzifələrdə çalışır. Müəyyən istisnalar olmaqla deyə bilərəm ki, onlar test edilsə, normal savadlarının olmadığı üzə çıxacaq. Çünki həmin icra başçılarının övladlarının harın həyatı ilə bağlı mediada çoxlu sayda materiallar yerləşdirilib”.
Ekspertin sözlərinə görə, yerlərdəki vəziyyətlə bağlı Prezidentə düzgün məlumatlar verilməlidir: “Yaxşı olardı ki, hazırda vəzifədə olan bəzi icra başçıları özlərində güc tapıb əməllərini etiraf etdikdən sona istefa ərizəsi yazsınlar. Belə neqativliklərin həlli üçün ictimai nəzarət mexanizmlərinin fəaliyyəti güclənməlidir. İcra başçılarının vəzifələrindən sui-istifadə etmələrinə dair faktlar bu şəkildə ictimailəşməlidir”.
Məhəmmədəli QƏRİBLİ