Son günlər müxtəlif yutuberlər, blogerlər özlərini Vətən müharibəsi qazisi kimi, şəhid ailəsi kimi qələmə verən adamlarla bağlı daha çoxlu süjetlər yayırlar və bu süjetlərdə çıxış edənlər iddia edirlər ki, hökumət onlara qayğı göstərmir. Bu şəxslər hökumətin onlara qayğı gostərmədiyini, müvafiq qurumlar tərəfindən süründürməçiliyə məruz qaldıqlarını iddia edirlər.
Əslində isə o süjetlərdə təqdim edilənlər, göstərilənlər, təbliğ edilənlər həqiqətdən uzaqdır. Bu süjetlərin daha çox saxta və dövlətin qayğı siyasətini qaralamaq məqsədi güddüyü elə ilk cümlədən aydın olur.
Ekspertlər deyir ki, qazilər və şəhid ailələri reallıqda birmənalı olaraq dövlətin yüksək qayğısı ilə hər tərəfli şəkildə təmin edilir, Yaşat Fondu bu qəbildən olan ailələrə hər cür dəsrək göstərir, eyni zamanda Heydər Əliyev Fondu da bu istiqamətdə böyük işlər görür. Ekspertlər deyir ki, son zamanlar dövlətin şəhid ailələrinə və qazilərə qayğı siyasətinə kölgə salmaq, onu qaralamaq istəyən yutuberlər və blogerlər var və onların bu davranışları mənfi ənənə alıb.
Adamlar var ki, ön cəbhədə döyüşməyiblər, arxa cəbhədə qalıblar, amma ön cəbhədə canını vətənə qurban verən insanlarla bir sırada dayanmaq istəyirlər. Halbuki, onlar on cəbhədə canını verənlərlə bir sırada dayanmalıdır. Bloger və yutuberlər çox zaman belələrini çəkib təxribat yaratmağa cəhd edirlər.
“Günü-gündən intensivləşən blogerlərin, yutuberlərin bu cür paylaşımlarla, süjetlərlə, davranışlarla ictimai rəyi çaşdırmaq cəhdləri yolverilməzdir”
Azərbaycan Vətəndaş Hərəkatının idarə heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü baki-xeber.com-a bildirdi ki, bu olduqca həssas bir mövzu olsa da, bunun ictimailəşdirilməsi çox vacibdir. “Qazilərlə, şəhid ailələri, onların yaxınları ilə bağlı məsələlər dövlətimizin ən üst səviyyədə nümayəndələri tərəfindən diqqətdədir. Bu məsələ ilk növbədə Prezident İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqət mərkəzindədir. Bundan əlavə, cənab Prezidentin tapşırığı ilə bütün dövlət strukturları, istər Müdafiə Nazirliyi, istərsə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, xüsusən də yeni yaradılmış Yaşat Fondu tərəfindən bu istiqamətdə hər cür addımlar atılır, bunlar hamısı göz qabağındadır. Burada biznes qurumları, özəl təşkilatlar, ayrı-ayrı şəxslər də öz əllərindən gələni əsirgəmirlər. Əlbəttə, bizim xeyli sayda şəhidimiz, qazimiz, müharibə iştirakçımız var. Bunların hamısının problemlərini ən qısa müddətdə həll edib bitirmək ən azından fiziki baxımdan mümkün deyil. İlk növbədə qazilərin müalicəsi həyata keçirilir, bu problem birinci həll olunur. Ümumiyyətlə, bu məsələ mərhələli şəkildə həll olunur, belə də həll olunmalıdır, dövlət bütün problemi həll edəcək, bu işdə qərarlıdır. Bu məsələ ilə bağlı yerli və mərkəzi icra hakimiyyəti orqanlarında xüsusi bir şöbə də yaradılıb. Bu şöbələr qazilərin və şəhid ailələrinin problemlərinin həll edilməsi ilə əlaqədar yaradılıb. Bu mənada bəzi yutuberlər və blogerlər şəhid ailələri və qazilərin adlarından sui-istifadə edirlər. Onlar yaxşı bilir ki, cəmiyyət bu mövzuya çox həssasdır. Bu səbəbdən də, özlərinə müəyyən mənada “siyasi xal” qazanmaq, öz kanallarının abunə, baxış sayını, populyarlığını artırmaq üçün belə çirkli oyunlara əl atırlar. Bəziləri məhz bu həssas mövzudan sui-istifadə edərək qarayaxma kampaniyasına başlayır və dövləti, onun müxtəlif strukturlarını gözdən salmağa cəhd edirlər. Hesab edirəm ki, günü-gündən intensivləşən blogerlərin, yutuberlərin bu cür paylaşımlarla, süjetlərlə, davranışlarla ictimai rəyi çaşdırmaq cəhdləri yolverilməzdir. Onsuz da həssas olan ictimaiyyətin hissləri, duyğuları ilə oynayıb onların diqqətini mənfi istiqamətə yönəltmək çox böyük yanlışlıqdır, səhv addımlardır”.
M.Göyüşlü hesab edir ki, bu cür yutuberləri, blogerləri qınamaq, tənqid etmək lazımdır. Bu insanların məqsədinin problemləri qabardıb onun həllinə nail olmaq olmadığını deyən müsahibimiz vurğuladı ki, bəziləri bu məsələdən öz reklamı, məkrli məqsədləri üçün istifadə etmək niyyəti güdür. M.Göyüşlünün fikrincə, hər bir yutuber və hər bir bloger bu həssas mövzuya çox diqqətlə yanaşmalıdır.
İradə SARIYEVA