Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının (AES) ciddi təhdid mənbəyi olması haqda indiyə qədər dəfələrlə bəyan edilib, müvafiq beynəlxalq qurumlara çoxsaylı müraciətlər ünvanlanıb. Amma bu stansiyanın fəaliyyətinə, belə görünür ki, yaxın tezlikdə son verilməyəcək. Problem artıq Avropa və Rusiya arasında da ciddi ziddiyyət predmetinə çevrilib.
Məsələ burasındadır ki, bu günlərdə Avropa Komissiyası yenidən sözügedən stansiyanın fəaliyyətinin dayandırılmasının vacibliyini bəyan edib. Avropa Komissiyasının işçi qrupunun Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında da bildirilir ki, “Metsamor” AES nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyindən, tez bir vaxtda bağlanmalıdır. Bu səbəbdən də “Metsamor” AES-in bağlanmasına dair yol xəritəsinin tezliklə yaradılmasının vacibliyi qeyd olunur. O da məlumdur ki, stansiyanın bağlanması və istismardan çıxarılması Avropa İttifaqı və Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı üçün əsas hədəf olaraq qalır. Çünki bu elektrik stansiyası beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi standartlarına cavab verəcək şəkildə təkmilləşdirilə bilməz. Avropa İttifaqı və Avropa Komissiyasının bu mövqeyinə rəğmən, indi bəlli olur ki, Rusiya Ermənistana “Metsamor”un ömrünü daha 10 illiyə, 2036-cı ilə qədər uzatmağa kömək edəcək. Zavodun direktoru Movses Vardanyan İrəvanda nüvə enerjisinin inkişafı üzrə konfransda deyib ki, bu məqsədlə Rusiyanın “Rosatom” Korporasiyası ilə birgə işçi qrupu yaradılır. Vardanyanın sözlərinə görə, stansiyanın ömrü daha 10 il uzadılacaq. Halbuki, “Metsamor”un istismarının 2026-cı ildə başa çatacağı gözlənirdi. Xatırladaq ki, zavodun yeganə işlək reaktoru 1980-ci ildə işə salınıb, 2017-ci ildə dayandırılmalıydı. Amma 2015-ci ildə Ermənistan hökuməti 429 meqavatlıq reaktorun işini daha 10 il uzatmaq qərarına gəldi. Çünki yeni və daha təhlükəsiz nüvə obyekti tikmək üçün milyardlarla dolları cəlb edə bilmədi. Rusiya hökuməti 2015-ci ildə zavodda təhlükəsizliyin gücləndirilməsinə 270 milyon dollarlıq kredit və 30 milyon dollar qrant ayırdı.
Vardanyan isə real vəziyyətlə bağlı hazırda Rosatom” və Ermənistanın nüvə enerjisi zavodunun təşəbbüsü ilə “Metsamor”un ömrünün 2026-cı ildən sonra da uzadılması üzərində işləyəcək yeni texniki işçi qrup yaratdıqlarını bildirib. Layihənin Rusiya tərəfdən başçısı Yuri Sviridenko bildirib ki, Ermənistanın nüvə enerjisi zavodu 2026-cı ildən sonra da işləyə bilər. O, ilkin hesablamalara əsasən, obyektin 2036-cı ilədək fəaliyyət göstərə biləcəyini deyib. Yerli Hökumət və İnfrastruktur Nazirliyindən Tiqran Melkonyan isə iddia edir ki, mövcud nüvə zavodunun fəaliyyətinin uzadılması Ermənistan hökumətinin yeni nüvə zavodu tikmək niyyətinin olmaması anlamına gəlmir: “Hökumət enerji sisteminin etibarlılığını, ixracın səviyyəsi və rejimlərini, maliyyə və mənbələrin həcmini nəzərə alaraq qərar verəcək”. Amma Ermənistanda yeni AES inşası inandırıcı sayılmır. Rusiyalı ekspert Aleksandr Razuvayev bunun səbəblərini belə izah edir: “Yeni stansiyanın tikintisinə külli miqdarda vəsait lazımdır. Müqayisə üçün bildirim ki, Belarus atom elektrik stansiyasının tikintisi 9 milyard dollara başa gəldi. Ermənistanda da yeni atom elektrik stansiyasının tikintisi elə bu qədər vəsait aparacaq. Halbuki, Belarusda çəkdiyi məsrəfləri Rusiya çıxaracaq, Ermənistanda isə vəziyyət bir qədər qarışıqdır. “Rosatom” dövlət təşkilatı olsa da, bazar əsaslarında fəaliyyət göstərir, boşuna pulları sağa-sola səpələməyəcək. Odur ki, Ermənistanda yeni atom elektrik stansiyasının tikintisi məsələsi söz-söhbətdən o yana getməyəcək”. Bununla belə, Ermənistanda enerji məsələləri üzrə BMT eksperti Ara Marcanyanın sözlərinə görə, “Metsamor” ölkənin enerji təhlükəsizliyi üçün vacibdir və bu səbəbdən onun saxlanması, yenisinin tikilməsi Ermənistanın milli təhlükəsizliyinin prioritet məsələlərindəndir: “Ölkənin enerji təhlükəsizliyini təmin edən cəmi iki obyekt var. Biri “Vorotan” SES, digəri “Metsamor”dur. Yeni strategiyaya görə, Ermənistanın harmonik üç komponentli enerji nəsli sistemi olmalıdır və nüvə enerjisi bizim enerji təhlükəsizliyi strategiyamızın ayrılmaz hissəsidir”. Bütün bunlar isə bir daha təsdiq edir ki, Ermənistan “Metsamor”un fəaliyyətinə son qoymayacaq. Bu səbəbdən Ermənistana qarşı qeyd edilən məsələdə beynəlxalq təzyiqlərin edilməsi vacib sayılır. Müddəti bitmiş “Metsamor” AES yalnız Ermənistanın özü üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükədir. Bundan əlavə, Cənubi Qafqazın zəlzələyə meylli bölgəsində yerləşməsi onun fəaliyyətini daha da təhlükəli edir. AES-in ətrafında 5 tektonik qırılma var ki, bunlardan biri də stansiyadan cəmi 500 metr uzaqlıqdadır. AES-in yarada biləcəyi bütün təhlükələri nəzərə alaraq, Azərbaycan “Çernobıl” və “Fukuşima”ya bənzər növbəti fəlakətin yaşanmaması üçün bütün müvafiq beynəlxalq təşkilatları stansiyanın təcili bağlanması istiqamətində əməli fəaliyyətin vacibliyi haqda dəfələrlə məsələ qaldırıb.
Samirə SƏFƏROVA