Azərbaycan ordusunun 44 gün ərzində erməni qoşunlarını məğlub etdiyi İkinci Qarabağ müharibəsi, belə görünür, hələ uzun illər ərzində dünya dövlətləri tərəfindən xüsusi diqqətlə öyrəniləcək. Hər halda, bu mövzuya beynəlxalq miqyasda artan maraq da qeyd edilənlərin əyani təsdiqidir.
Artıq məlumdur ki, separatçılıq problemi ilə üzləşən Ukrayna Azərbaycan ordusunun təcrübəsindən istifadə etməyə hazırlaşır. Belə ki, Ukrayna silahlı qüvvələri Azərbaycan ordusunun Qarabağdakı müharibə təcrübəsinin əsasında Donbasa nəzarəti geri qaytarmaq üçün hücum əməliyyatları planı hazırlayıb. Bu əməliyyatların hər an başlaya biləcəyi deyilir. Plana əsasən, pilotsuz döyüş təyyarələri separatçıların hava hücumundan müdafiə komplekslərini, təchizat anbarlarını, döyüş texnikasını Qarabağda olduğu kimi sıradan çıxaracaq. Ardınca quru qüvvələri hücuma keçəcək. Amma Azərbaycan təcrübəsi təkcə Ukraynada öyrənilmir. Rusiya və Belarus kimi ölkələr də Azərbaycan təcrübəsini diqqətlə öyrənənlər sırasında yer alır.
Məlumat üçün bildirək ki, hər iki ölkə bu günlərdə təlim keçirib. Belarusun Hava Hücumundan Müdafiə Qüvvələri komandanının birinci müavini, Baş Qərargah rəisi, general-mayor Andrey Qurseviç martın 16-18-də Rusiya ilə birlikdə reallaşan təlimin iştirakçılarının döyüş əməliyyatlarının planlaşdırılması hərəkətlərini və müştərək qərargah müddətində bütün vəzifələrin yüksək səviyyədə hazırlanmasını yüksək qiymətləndirib: "Təlimə Hərbi Hava Qüvvələrinin 6 A operativ qrupu, Qərb Hərbi Dairəsinin Hava Hücumundan Müdafiə Qüvvələri, Cənub Hərbi Dairəsi və Rusiya Federasiyasının Silahlı Qüvvələri cəlb edilmişdi. Təlimlərin gedişində Belarus və Rusiya hərbi qüvvələrinin regional qruplaşmasının müdafiə əməliyyatındakı qüvvələrinin istifadəsinin planlaşdırılması, Rusiyanın Kosmik Hava Qüvvələri aviasiyasının Belarusun aerodromlarına yenidən yerləşdirilməsi, birləşmələrə və hərbi hissələrə nəzarət Vahid Regional Hava Müdafiə Sistemi, həmçinin birlik dövlətlərinin qərb sərhədinin müdafiə əməliyyatı əsnasında havada müdafiəsi yerinə yetirilib”. Planlaşmanın gedişatında Qarabağda və Suriyada döyüş əməliyyatları təcrübəsi nəzərə alınıb. Azərbaycan təcrübəsini öyrənən digər bir ölkə isə Polşadır. Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Yaroslav Mika bu xüsusda maraqlı açıqlamalar verib. Onun fikrincə, İkinci Qarabağ müharibəsi, son zamanların digər lokal müharibələri kimi, kəşf və zərbə daxil olmaqla, pilotsuz döyüş sistemlərinin önəminin artdığını göstərib: “Potensial düşmənin zərbə PUA-larını müəyyənləşdirib mübarizə apara bilməmək rəqibin asanlıqla hərbi texnika və canlı qüvvəni zərərsizləşdirməsinə yol açır”. General, pilotsuz aparatlar da daxil olmaqla, döyüş sahəsindəki bütün kəşfiyyat və zərbə vasitələrinin vahid məlumat konturunda birləşdirilməli olduğunu qeyd edib: “Bu, təhlükəni müəyyənləşdirmək və qiymətləndirmək qabiliyyətini artıracaq”.
Azərbaycan təcrübəsi Hindistan üçün də cəlbedicidir. Hindistan generalı Ved Prakaş Azərbaycan təcrübəsini vacib sayır. Onun sözlərinə görə, Çinin müdafiə büdcəsi Hindistanın müdafiə üçün ayırdığı xərcin təxminən dörd qatına bərabərdir. Odur ki, rəsmi Dehlinin müdafiə büdcəsi ÜDM-nin ən azı 3 faizinə bərabər olmalıdır: “Azərbaycan təcrübəsi PUA-ların nə qədər əhəmiyyətli olduğunu göstərdi”. Bu fonda Hindistan hökuməti Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsindəki təcrübəsini təhlil edərək ABŞ-dan daha əvvəl sifariş verdiyi pilotsuz təyyarələrin sayını artırıb. ABŞ-ın “General Atomics” şirkəti ilə danışıqlar aparan rəsmi Dehli bu şirkətdən 3 milyard dollara 30 ədəd “MQ-9 Reaper” döyüş pilotsuz təyyarələri almağı planlaşdırır. Xatırladaq ki, Hindistan ordusunun ümumi komandanlığı da 44 günlük Qarabağ müharibəsinin ardınca Azərbaycan ordusunun döyüş təcrübəsini təhlil etməyə başlamışdı. Ordunun Baş qərargahı bildirmişdi ki, bu müharibə müasir münaqişələrdə silahlı pilotsuz aparatların rolunu ortaya qoyur və deməli, silahlanma konsepsiyasında dəyişiklik edilməlidir. Hindistanın hazırda Pakistan və Çinlə sərhəd münaqişələri mövcuddur.
Azərbaycan təcrübəsi Almaniyada da diqqət mərkəzindədir. Almaniya Silahlı Qüvvələrinin katolik hərbi yepiskopu Frans-İosif Overbek bu fonda Müdafiə nazirliyi funksiyasını yerinə yetirən Bundesverin texniki təchizatını tənqid atəşinə tutub və dediklərini əsaslandırmaq üçün İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun pilotsuz uçuş aparatlarından uğurlu istifadə təcrübəsinə istinad edib: "Bundesverə mümkün hərbi əməliyyatlarda qətiyyət, həmçinin əsgərlərin təhlükəsizliyini möhkəmləndirən və onların fəaliyyətinin səmərəliliyini dəstəkləyən vasitələr lazımdır. Ola bilsin ki, biz yeni hərbi vasitələrdən istifadə baxımından dönüş mərhələsindəyik. Bu yaxınlarda Qarabağda Ermənistanla Azərbaycan arasında baş vermiş müharibədə Azərbaycan ordusunun zərbəçi pilotsuz uçuş aparatlarından və baraj edən döyüş sursatlarından kütləvi şəkildə istifadə etməsi unudulmamalıdır”.
Tahir TAĞIYEV