Ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah işlərin, əməllərin davamlı olaraq şahidi oluruq. Humanizm prinsiplərinə sadiqlik dövlət başçımızın siyasətinin prioritetidir.
Möhtərəm Prezidentimizin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamlar da bunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bugünkü həyatımızın reallıqlarını özündə əks etdirən yeni Konstitusiyamızda insan amilinin daha çox önə çəkilməsi və Əsas Qanunun müddəalarının üçdə birinin insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin əyani təzahürüdür. Dövlətimizin əsas qayələrindən biri cəza siyasətinin humanistləşdirilməsidir. Əfv sərəncamlarının imzalanması və məhkumların bağışlanması artıq dövlətimizdə müsbət ənənəyə çevrilib. Törətdiyi cinayət əməlindən həqiqətən peşmançılıq hissi keçirən, azad cəmiyyətə və ictimai həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərinə həssaslıqla yanaşılır. Onlar zaman keçdikcə cəzalarının çəkilməmiş hissəsindən tam və ya qismən azad edilirlər. Cinayət törətmiş insanları əfv etmək, cəzalarının çəkilməmiş hissəsindən azad etmək onlara yenidən güvənmək və normal həyata qayıtmaları üçün ikinci şansın verilməsi deməkdir. Bütün bunlar ölkəmizdə vətəndaş həmrəyliyi və sülhün təmin olunması, eləcə də etimad mühitinin formalaşdırılması istiqamətində atılan mühüm və nümunəvi addımlardır. Cənab Prezidentimiz bu bayram günlərində yüzlərlə məhkumu azad edərək ailələrinə qovuşdurmaqla Azərbaycan dövlətinin ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirdiyini öz əməli ilə sübut edir. Ölkə başçımızın imzaladığı bu sərəncam olduqca humanist bir addımdır və yüzlərlə insana, ailələrə sevinc bəxş etdi. Bunu xüsusilə qeyd etmək lazımdır ki, Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərə baxılarkən, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəzalarının müəyyən hissəsini çəkdikləri, bu müddət ərzində davranışları nəzərə alınır. Səhvindən səmimi peşmançılıq hissləri keçirən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumlar azadlığa buraxılır. Dövlət başçımızın imzaladığı 18 mart 2021 tarixli Sərəncamla 625 nəfər məhkum əfv edildi. Bu əfv sərəncamının böyük hissəsi məhkum gənclərimizi əhatə edir. Bu olduqca sevindirici haldır. Sərəncama əsasən 475 şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunub, 98 şəxsin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib, 49 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan müxtəlif cəzalardan azad olunub. Azərbaycanda məhkum hüquqlarının qorunması insanlığa verilən dəyərdir. Ümumiyyətlə, 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda demokratik proseslərin inkişafı prioritet vəzifə kimi qarşıya qoyulmuş, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Məhz bunun nəticəsidir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması Avropada nümunə kimi göstərilir. Eyni zamanda dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitikləri də cənab İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar. Ölkəmizdə davamlı olaraq imzalanan əfv sərəncamları dövlətimizdə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dünya birliyinə inteqrasiyasını sürətləndirir. Lamiyə İSAZADƏ “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri