Martın 18-də Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı Sərəncam 625 nəfərə şamil edilib. Sərəncamda Nardaran hadisələrinə görə həbs edilən 29 nəfərin adı var.
Novruz bayramı münasibətilə verilən əfv sərəncamı ilə Nardaran hadisələrinə görə həbs edilənlərin böyük bir hissəsinin azadlığa qovuşması Nardaran sakinləri tərəfindən müsbət qarşılanıb.
“...hamımız cənab Prezidentin arxasındayıq, onu dəstəkləyirik, hər bir addımını alqışla qarşılayırıq”
Nardaran Bələdiyyəsinin sədri Əlihüseyn Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin bu humanist addımı nəinki əfv edilən 29 nəfərin özlərinin və ailələrinin, qohumlarının, bütün Nardaran camaatının sevincinə səbəb olub. “Cənab Prezidentin bu humanist addımı bütün Nardaran camaatı tərəfindən böyük minnətdarlıq və sevinc hissi ilə qarşılandı. Bunu yalnız yüksək qarşılamaq olar. Allah Prezidentimizin canını sağ eləsin ki, humanistlik göstərərək bizim kənddən olan şəxsləri də əfv edib. Prezident bu cür humanist addımlar atmaqla anaları, ataları, bacıları, həyat yoldaşlarını, övladları sevindirib”.
Bələdiyyə sədri hesab edir ki, ölkə başçısının imzaladığı əfv sərəncamında Nardaran hadisələrinə görə həbs edilənlərin böyük hissəsinin də adlarının yer alması milli həmrəyliyin nümunəsidir. Ümumiyyətlə, Ə.Ağayev Prezident sərəncamını milli həmrəyliyimizə böyük töfhə olaraq qiymətləndirir. “Novruz milli həmrəylik, birlik, bərabərlik bayramıdır. Novruz ərəfəsində cənab Prezidentin bu humanist addımı da çox yüksək qiymətləndirilir. Prezident bütün ailələri sevindirdi, o ailələr də ölkə başçısına ürəkdən təşəkkür edirlər”.
Ə.Ağayev bildirdi ki, bütün Nardaran camaatı dövlətin, dövlətçiliyin, ölkə başçısının ətrafında sıx birləşib və hər zaman dövlətlə, Prezidentlə həmrəydirlər, həmişə də həmrəy olacaqlar: “Ondan arxayın olun ki, adı əfv siyahısına düşənlər də, düşməyənlər də, bütövlükdə, kənd camaatı, hamımız cənab Prezidentin arxasındayıq, onu dəstəkləyirik, hər bir addımını alqışla qarşılayırıq. 44 günlük Vətən müharibəsi də göstərdi ki, cənab Prezident xalqımız, dövlətimiz üçün necə böyük iş gördü və həsrətində olduğumuz Qarabağı bizə qaytardı”.
İradə SARIYEVA