Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Prezident İlham Əliyevə məktub göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident. Sizə və Azərbaycan xalqına sevincli və firavan Novruz bayramı arzu edirəm. Bu yenilənmə çağı bizim əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir. Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq. Biz, həmçinin, iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır. Yeni ilin və yeni baharın gəlişi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram".
Məktubda diqqət çəkən iki vacib məqam var. ABŞ prezidentinin təbrik jestini müsbət dəyərləndirmək olar. Ancaq onun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylər göstərməyə hazır olduqlarını bəyan etməsi bir qədər qəribə görünür. Çünki Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi adlı termin yoxdur və o, həll edilərək tarixə qovuşub. Münaqişənin həll edildiyini dünyaya qəbul etdirmək üçün biz nə etməliyik?
Aydın Quliyev: “Bayden məktubunda Azərbaycanın bu strategiyasını bölüşmədiyini açıq göstərir”
“Bakı-Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev özünün “Feysbuk” hesabında bu mövzuya münasibət bildirib. O qeyd edir ki, Baydenin məktubunda Azərbaycanın Qarabağ siyasətinə aşkar uyuşmaz məqam var: “ ABŞ prezidentinin Azərbaycan liderinə Novruz təbriki özlüyündə əhəmiyyətli faktdır və ölkəmizin nüfuzuna verilən dəyərin ifadəsidir. Ən azı ona görə ki, Novruzla bağlı ölkələrin heç də hamısına belə münasibət göstərilmir. Ancaq məktubu bütünlüklə ideallaşdıran politoloq və şərhçilərin nədənsə gözdən qaçırdıqları bir məqam var. Belə ki, Baydenin "Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərlə işləməyə hazırıq” fikri Azərbaycanın hazırkı Qarabağ siyasətinə prinsipial olaraq uyğun deyil. Prezidentimiz deyib ki, münaqişə həll olundu və artıq tarixə qovuşdu. Azərbaycanın Qarabağ münaqişəsi kontekstində bugünkü dövlət strategiyası budur. Ancaq Bayden məktubunda Azərbaycanın bu strategiyasını bölüşmədiyini açıq göstərir. Nəzərə alsaq ki, Fransada, Rusiya və Ermənistanda da belə düşünən dövlət adamları və siyasətçilər var, demək, bizim üçün narahat olmalı ciddi əsasların olduğunu unutmamalıyıq. Demək, biz münaqişənin həll olunduğu barədə dövlət strategiyamızı hələ hamıya, o cümlədən ABŞ liderlərinə qəbul etdirə bilməmişik. Baydenin məktubunu birmənalı alqışlamaqdan əvvəl bu barədə düşünməliyik”.
Rəşad Bayramov: “ABŞ-ın həmsədr ölkə kimi bu mövqeyi bizi qane edə bilməz”
Politoloq Rəşad Bayramov qəzetimizə bildirdi ki, bu məzmunda təbrikləri ABŞ-ın əvvəlki prezidentləri də ünvanlayıb: “Yəni bunu protokola uyğun saya bilərik. İstənilən halda, biz bunu ölkəmizə verilən diqqət nümunəsi kimi qəbul edə bilərik. Bundan əvvəlki məktublarda da ABŞ prezidentləri heç olmasa bir cümlə ilə sətraltı nəsə ifadə ediblər. Qarabağ münaqişəsinin nizamlanması istiqamətində gələcək səylər deyəndə bəzi ölkələr və qurumlar status məsələsi ətrafında müzakirələri nəzərdə tutur. Azərbaycan Qarabağla bağlı bir çox məsələni həll edib. Ərazilərimizin əhəmiyyətli hissəsi işğaldan azad edilib. Yalnız ermənilərin kompakt yaşadığı bəzi ərazilərdə yurisdiksiyamız tam bərpa olunmayıb. Bunun da baş tutacağına qəti şübhəm yoxdur. İstənilən halda, Qarabağda hər hansı bir status ətrafında müzakirə aparıla bilməz. Qarabağ münaqişəsinin tam həll edildiyini dünyaya nümayiş etdirmək üçün biz bir qədər də konkret addımlar atmalıyıq. İstər Qarabağdakı quruculuq işlərini, istərsə də diplomatik müstəvidəki fəaliyyətimizi gücləndirməliyik. ABŞ-ın həmsədr ölkə kimi bu mövqeyi bizi qane edə biləmz. Ola bilər ki, yeni adminstrasiya bir qədər anti-Rusiya mövqeyi tutmaq üçün belə açıqlama verir. İstənilən halda, biz öz prinisipial mövqeyimizdən bir addım da olsun geri çəkilməməliyik”.
Məhəmmədəli QƏRİBLİ