Məlum olduğu kimi, siyasi partiya sədrləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər. Partiya sədrləri işğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər ərazilərinə baş çəkiblər. Erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki vəziyyətlə tanış olublar.
Səfər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib. Bununla yanaşı, 48 partiya sədri və təmsilçilərinin, bir neçə politoloqun yer aldığı heyətə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev rəhbərlik edib.
Bütün bunlarla əlaqədar Ağdama səfər etmiş bir neçə partiya sədrinin təəssüratlarını öyrəndik. Həmçinin, maraqlıdır, partiya olaraq sözügedən siyasi təşkilatlar nə kimi addımlar atacaqlar?
Elşad Musayev: “Törədilən vandallıqla, oradakı problemlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, bu yöndə nə mümkündürsə, kömək etməyə çalışacaqlar: “Bildiyniz kimi, Böyük Azərbaycan Partiyası müxalifətdə olan bir siyasi təşkilatdır. Müəyyən təkliflərlə çıxış edəcəyik. Azərbaycanın işğal edilmiş ərazilərində törədilən vandallıqla, oradakı problemlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq. Bir sıra həqiqətləri dünyaya çatdıracağıq. Hesab edirəm ki, sözügedən məsələdə dövlətçilik mövqeyindən çıxış etmək lazımdır. Bir var Bakıda oturub televizordan məhv edilən yaşayış məntəqələrini izləyəsən, bir də var gedib canlı görəsən. Partiya sədrləri olaraq biz gördük ki, yoldan kənara bir addım atmaq olmur. Hər tərəf minalanıb. Erməni faşistləri ərazilərimizi işğal etməklə yanaşı, həm də daşı daş üstündə qoymayıblar. Məzarlardan ölüləri çıxarıb yox ediblər. Azərbaycan tarixini o ərazilərdən silmək istəyiblər. Ona görə də qarşıda bizim çoxlu işimiz var. Bu işlərdə hesab edirəm ki, partiyalar dövlətə dəstək verməlidirlər. Yalnız tənqidlə iş bitmir. BAP olaraq üzərimizə düşən nə varsa, onu görməyə hazırıq. Çünki çox böyük zəfər əldə olunub. İndi əsas məsələ ərazilərin bərpası və paralel olaraq, vurduğu ziyana görə Ermənistanı təzminat ödəməyə məcbur etməkdir”.
Arzuxan Əlizadə: “Beynəlxalq qurumlarda ermənilərin törətdikləri genişmiqyaslı dağıntılar ifşa ediləcək”
AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, müşahidə olunan mənzərə çox dəhşətlidir: “O mənada ki, bir daha erməni vandalizminin şahidi olduq. Gör, bunlar necə vəhşidirlər ki, daşı daş üstündə saxlamayıblar. Hətta ağacları belə məhv ediblər. Bunlar yaşıllığa da düşmən gözü ilə baxıblar. Ona görə də bütün bunlar bir daha ermənilərin mənfur xislətini ortaya qoydu. Partiya olaraq AMİP hər zaman dövlətçilik mövqeyindən çıxış edib. Bir sıra beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa etmişik. Bundan sonra da bu siyasət davam etdiriləcək. Partiyamızın beynəlxalq əlaqələri genişdir. Beynəlxalq qurumlarda ermənilərin törətdikləri genişmiqyaslı dağıntılar ifşa ediləcək. Bütövlükdə, əlimizdən nə gəlirsə, yardım etməyə çalışacağıq”.
Görünən odur ki, partiyalar bu işdə birlik mövqeyindən çıxış edirlər.
Vidadi ORDAHALLI