Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda ermənilər yaşamayıb. XIX əsrdə bütün Şərqi Avropada, o cümlədən Rusiyada cərəyan edən hadisələr (Rusiya-Türkiyə, Rusiya-İran müharibələri) Azərbaycanın şimal qonşusunun regionda mövqelərinin getdikcə zəifləməsinə gətirib çıxarırdı.
Rusiya cənub sərhədində müsəlman və türk ölkəsinin mövcudluğundan da ciddi narahatlıq keçirirdi və elə buna görə də Şimali Azərbaycanda ermənilərin məskunlaşdırılması ideyasını reallığa çevirməyə başladı. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal aldı. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistanın ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürüldü. Ermənilər əsasən Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yerləşdirildi. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam etdi və burada erməni vilayəti yaradıldı.
Ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu...
Doğrudur, sonralar - 1846-cı ildə bu vilayət ləğv edildi, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoydu. Təxminən 200 il əvvəl Rusiya çarı bir qisim erməni əhalisinin Dərbənd və Qubaya köçürülməsi barədə fərman imzalayıb. "Dərbənd və Müşkir ermənilərinin imtiyazları və sərbəst hərəkət etmək hüququ haqqında" adlanan bu fərmanda ermənilərə kifayət qədər geniş hüquqlar verilib və onların həyat şəraitinin yaxşılaşdırılması üçün münbit torpaqlara köçürülmələrinin vacibliyi qeyd olunub. 1723-cü ildə isə Rusiya çarı I Pyotr 12 sentyabr tarixli müqavilə əsasında Bakı, Dərbənd və Quba ərazilərinə ermənilərin köçürülməsi üçün xüsusi yerlər ayrılması barədə fərman imzalayıb.
1726-cı ildə II Yekaterina ermənilərə xüsusi mərhəmət göstərməyin və onları himayə etməyin zəruriliyini ifadə edən fərman verib. 1729-cu ildə Rusiya çarının fərmanı ilə bir qrup erməni məliyi Rusiya təbəəliyinə qəbul olunub. 1799-cu ildə çar I Pavel ermənilərin Qazax ərazisində məskunlaşdırılmasına kömək üçün Kartli-Kaxetiya çarlığına xüsusi göstəriş verib. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nəinki ayrı-ayrı fərmanlarda və göstərişlərdə, hətta dövlətlərarası sazişlərdə belə öz əksini tapırdı. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsində belə bir maddə də öz əksini tapmışdı ki, İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiya ərazisinə keçmək hüququ verilir.
XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı
Bununla da əslində ermənilərin Azərbaycan ərazilərinə köçməsi üçün zəmin yaradılırdı. Çünki Rusiya əraziləri dedikdə məhz İrana daha yaxın olan Azərbaycan nəzərdə tutulurdu. 1828 - 1829-cu illərdə baş vermiş Türkiyə-Rusiya müharibəsindən sonra Türkiyədəki ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılıq əldə olunmuşdu. Bunun reallaşdırılmasını sürətləndirmək məqsədilə Rusiyada xüsusi komitə yaradılmış və 12 maddəni əhatə edən ümumi qaydalar müəyyənləşdirilmişdi. Pyotrun vəsiyyətlərinə istinad edən bu siyasətin əsas məqsədi Azərbaycan ərazisini etnik baxımdan parçalamaq və burada xristian xalqlarının yerləşdirilməsini həyata keçirməklə cənubdan gələ biləcək təhlükələrə qarşı sipər yaratmaqdan ibarət olub. Beləliklə də ermənilər tədricən Azərbaycan ərazilərində yerləşdirilir, onlar üçün burada yaxşı şərait yaradılır və münbit torpaqlar ayrılırdı. Məşhur rus statistiki İ.Şopenin hesablamalarına görə, XIX əsrin əvvəllərində təkcə İrəvan şəhərində 2400 azərbaycanlı ailəsi, 12 min nəfər azərbaycanlı yaşayırdı. Şəhər ruslar tərəfindən alınandan sonra əhalinin bir qisminin İrana köçməsinə baxmayaraq, yenə də azərbaycanlılar şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Belə ki, 1829-cu ilin məlumatına görə, təkcə İrəvan şəhərində əhalinin beşdə dördünü və yaxud 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıyaalınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında 313.178 nəfər azərbaycanlı yaşayıb. Lakin bir neçə il sonra bu rəqəmlər tamamilə dəyişib. Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başladılar. Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirildi. Bu illər ərzində onlar Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda kütləvi şəkildə azərbaycanlıları məhv etmiş, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlarda təsdiqlənir ki, ermənilər həmin hadisələr zamanı Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl ərazilərində 75 Azərbaycan kəndini tamamilə yerlə yeksan etmiş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsini dağıtmışdılar. "Paytaxtsız" respublika yarandığı gündən erməni şovinistləri əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Loru-Pəmbək və Şörəyel qəzalarında, Zəngəzurda, Göyçədə və digər yerlərdə kütləvi qırğınlar törətdilər. Faktlar göstərir ki, Ermənistan Respublikasında qatı millətçilərin hökmranlıq etdiyi 1918-1920-ci illərdə onlar "Türksüz Ermənistan" şüarını həyata keçirməyə xeyli dərəcədə nail ola biliblər.
Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur...
Məhz bu siyasətin nəticəsidir ki, Ermənistan hazırda da monoetnik ölkə kimi tanınır. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili qeyd edib ki, Ermənistan monoetnik ölkədir, orada ermənilərdən başqa heç kim yoxdur: “ Bu gün onlar Qarabağda da eyni şərait yaradır. Orada da ermənilərdən başqa heç kimin olmasını istəmirlər. Onlar Qarabağda bütün abidələri məhv edirlər. Bu, Ermənistanın vandalizm siyasətidir”. Doğrudan da, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Ancaq uzun sürən münaqişə tarixinə baxmayaraq, Azərbaycan ərazisində kifayət qədər erməni əsilli vətəndaşlarımız yaşayır.
Bakı şəhərində 20-30 min erməninin yaşadığı bildirilir
Azərbaycanda isə ermənilər təkcə uzun müddət işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisində yaşamırlar. Hazırda, Dağlıq Qarabağ istisna olmaqla, Azərbaycanda ermənilərin ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlumatlarda Bakı şəhərində 20 min, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir. Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələrilə görüşlərdə bildiriblər. Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda, hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu faktdır.
Siyahıyaalmada Bakıda 400 nəfər erməni öz milliyyətini gizlətməyərək, erməni olduğunu etiraf edib
Azərbaycanda yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb və bu rəqəm 2009-cu ilin siyahıyaalınma sənədlərində də 120 min 300 nəfər göstərilib. Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Siyahıyaalma zamanı əhalidən hansı millətdən olduğu soruşularkən sorğu olunan şəxslər könüllü olaraq hansı millətdən olduğunu bildirib. Bu isə ermənilərə yaxşı imkan yaradıb ki, milliyyətlərini gizlətsinlər.
Dağlıq Qarabağ münaqişəsindən sonra köçüb getməyən Bakı ermənilərinin bəziləri Dövlət Statistika Komitəsinin hələ 1999-cu ildə keçirdiyi siyahıyaalma zamanı öz milliyyətini gizlətməkdən çəkinməyib. Bunu Bakı Şəhər Statistika Idarəsindən əldə edilən rəsmi statistik məlumat da təsdiqləyir. Araşdırmaya görə, 1999-cu ildə keçirilən siyahıyaalmada Bakıda 400 nəfər erməni öz milliyyətini gizlətməyərək, erməni olduğunu etiraf edib. 2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalmada isə cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliyini gizlətməyib.
Ölkəmizdə yaşayan bütün ermənilərin hüquqlarına hörmətlə yanaşılır...
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları müxtəlif vaxtlarda, müxtəlif tribunalardan aramızda kifayət qədər erməninin yaşadığını bildiriblər. Məsələn, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda erməni milliyyətindən olan şəxslərin yaşamasına dair jurnalistlərə açıqlama vermişdi: “Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür”.
Bəzi ekspertlər deyir ki, Azərbaycan hökuməti Bakıda qohumlarının qanadları altında gizlənib özlərini rahat hiss edən və səsləri çıxmayan erməniləri danışdırmalıdır. Onlar beynəlxalq təşkilatlara bildirməlidir ki, burada rahat yaşayırlar və heç bir sıxıntıları yoxdur.
2019-cu ilin 1-10 oktyabr tarixlərində əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması keçirilib. Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev qeyd edib ki, siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin ikinci yarısınadək nəzərdə tutulub. Bir daha bəlli olub ki, Azərbaycanda kifayət qədər erməni əsilli vətəndaş yaşayır. Bu gün Azərbaycanda yaşayan on minlərlə erməninin hüquqlarının qorunması təmin edilir. Lakin tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistanda 100 minlərlə azərbaycanlıdan bir nəfər də olsun qalmayıb. Azərbaycanlılar Ermənistanın monoetnik dövlət yaratması, etnik təmizləmə siyasəti nəticəsində kütləvi deportasiyaya məruz qalıblar. Buna baxmayaraq, bu gün də ölkəmizdə yaşayan on minlərlə erməninin hüquqlarına hörmətlə yanaşılır, onların hüquqlarının qorunmasını təmin edilir.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.