Rusiyanın “Qazprom eksport” şirkəti Ermənistana Azərbaycan üzərindən qaz nəqlinə dair SOCAR-la qısamüddətli müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən, Ermənistana satılan Rusiya qazı təxminən üç həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə ötürüləcək. Şirkət bunu "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində “planlaşdırılmış profilaktik təmir işləri” ilə əlaqələndirib. Müqavilə martın 16-da imzalanıb. Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.
SOCAR şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov belə müqavilənin imzalandığını təsdiqləyib. Bildirib ki, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib: “Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana müvəqqəti olaraq çatdırılacaq".
Bu müqavilə müvəqqəti də olsa, tarixi hesab edilə bilər. Çünki cəmi bir neçə ay əvvələ qədər Azərbaycan üzərindən Ermənistana qaz ötürülməsi ağlasığmaz ideya hesab olunardı. Azərbaycanın Rusiya qazının Ermənistana tranzitinə icazə verməsi hansı zərurətdən doğub?
Politoloq Tofiq Abbasov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müharibə 3 tərəf arasında imzalanmış bir Bəyanat nəticəsində sonlandı: “Həmin hadisədən sonra tərəflərin iştirakı ilə Moskvada görüş də keçirildi. Razılığa gəlindi ki, əldə olunan razılıqlar gələcək əməkdaşlıq üçün “Yol xəritəsi” rolunu oynayacaq. Bu addım Ermənistana regionun gələcəyinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna dair simvolik mesajdır. Prezident İlham Əliyev bildirib ki, kapitulyasiya aktı sülh sazişinə bərabərdir və lazım gələrsə, gələcəkdə biz bu məsələyə qayıdarıq. Kommunikasiyaların açılması sülh istiqamətində atılan birinci və vacib addımdır. Bu baxımdan Rusiya qazının Azərbaycan ərazisindən istifadə edilməklə Ermənistana ötürülməsi kommunikasiyaların açılması anlamına gəlir. Düzdür, artıq Ermənistanda bəzi siyasi dairələr səs-küy qaldırıblar ki, Azərbaycan tərəfdən gələn qazı istəmirlər. Yenə də siyasi demoqoqiyaya vararaq göstərmək istəyirlər ki, güya müharibə hələ bitməyib. Bu məqam bizim problemimiz deyil. Biz qalib tərəf kimi özümüzün əməkdaşlığa hazır olmamızı təsdiqləyirik. Rusiya aydınlaşdırmalıdır ki, Ermənistan onun qazını alacaq, yoxsa yox. Azərbaycan burada özünün alicənablığını nümayiş etdirdi”.
Politoloqun sözlərinə görə, biz Gürcüstandakı erməni kilsələrinə də Azərbaycan qazını veririk və bununla da necə tolerant ölkə olduğumuzu isbatlayırıq: “ Rusiya belə təklif edib, biz də qalib tərəf kimi buna müsbət cavab vermişik. Bununla bir da sübut edirik ki, imzalanan 3-tərəfli sazişə sadiqik və oradan irəli gələn bütün öhdəliklərimizi yerinə yetiririk”.
Məhəmmədəli QƏRİBLİ