Məlum olduğu kimi, martın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış atəşkəs razılaşmasının 4 ayı tamam oldu. 2020-ci il noyabrın 10-da qəbul edilən üçtərəfli sənəd 44 günlük müharibənin dayandırılması ilə bərabər, bölgədə situasiyanı nizamlayan yeganə istinad mənbəyidir.
Sənəd Rusiya sülhməramlı missiyasına hüquqi əsas təşkil etməklə yanaşı, münaqişənin yekun həlli üçün yol xəritəsi rolunu da oynayır. Ancaq zaman-zaman Ermənistan rəsmiləri 10 noyabr razılaşmasının ruhuna zidd fikirlər səsləndirirlər. Həmçinin, razılaşmanın mahiyyətini təhrif etməyə çalışırlar.
Bu arada Ermənistan yenidən 10 noyabr razılaşmasını qaralamağa başlayıb. Bu ölkənin xarici işlər naziri Ara Ayvazyan bəyan edib ki, Ermənistan ötən il noyabrın 10-da imzalanmış üçtərəfli atəşkəs razılaşmasına aralıq həll kimi baxır: “Sənəddə sülh yoluyla həllə dair bəzi müddəalar olsa da, əsas elementləri əhatələmir, onların içində ən vacib məsələ isə “Artsax” ermənilərinin öz müqəddəratını təyinetmə hüququna söykənən statusudur. Münaqişənin yekun siyasi həlli yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində mümkündür”.
Görünən odur ki, Ermənistan öz pozuculuq əməllərindən əl çəkmək istəmir.
“Ayvazyanın sərsəm açıqlaması da elə bu qəbildəndir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, bütün bunlar düşmən ölkə hakimiyyətinin riyakarlığından irəli gəlir: “Problem ondadır ki, Ermənistan hakimiyyəti və cəmiyyəti dünyada baş verən geosiyasi münasibətlərdən doğan reallıqları qavramaq gücündə deyil. Sual olunur, Ermənistan hakimiyyətini təmsil edənlər kimlərdir? Əlbəttə, bu adamlar da xalqın içərisindən çıxıblar. Ancaq iş ondadır ki, bunlar hələ körpə ikən türkə nifrət və qisasçılıq “tərbiyəsi” altında böyüyür. Daha sonra cəmiyyətin bir parçasına çevrilirlər. Bu elə bir xəstəlikdir ki, bu xəstəliyi ermənilər öz gələcək nəsillərinə ötürməkdən zövq alırlar. Nəticəsi isə göz qabağındadır. Acı bir məğlubiyyət, geriyə dönüşü olmayan parçalanmış, nə edəcəyini bilməyən erməni toplumu. Bütün qonşu xalqlar öz övladını mərhəmət və ədalətlə tərbiyə edir, onu gələcəyə bu formada hazırlayır. Ancaq erməni toplumu nifrəti, düşmənçiliyi, işğalı, terroru özünün yaşam tərzinə çevirməklə bölgədə sabitliyə, sülhə təhdid yaratmaqda davam edir. Bu günlərdə ermənilərin revanşizm çağırışlarının əsas mahiyyəti sadaladığım amillərlə birbaşa bağlıdır. Ermənistan xarici işlər naziri A.Ayvazyanın sərsəm açıqlaması da elə bu qəbilədəndir. Görünür, erməni cəmiyyəti və hakimiyyətin bir çox qanadında təmsil olunan böyük bir kəsim məlum məğlubiyyətdən yaxşı dərs ala bilməyib. Azərbaycan Prezidenti İlham Əliyevin, eyni zamanda, ictimaiyyət nümayəndələrimizin erməni xalqına dəfələrlə sülh, qonşuluq münasibətlərini bərpa etmək üçün etdiyi çağırışlara əhəmiyyət vermirlər. Ona görə dəmir yumruğumuz Domokl qılıncı kimi erməni cəmiyyətinin üzərində olmalıdır. Ermənistan tərəfi hər vasitə ilə 10 noyabr razılaşmasından yayınmaq istəyir, amma bu onlara baha başa gələcək”.
Sədr müavini hesab edir ki, Azərbaycan son dərəcə ayıq-sayıq olmalıdır.
Vidadi ORDAHALLI