Millət vəkillərinin toxunulmazlıq hüququnun ləğv edilməsi aktual bir məsələyə çevrilib. Cəmiyyətdə belə rəylər var ki, millət vəkillərinin toxunulmazlıq hüququ ləğv edilməlidir.
Bu qənaətdə olanların fikrincə, bəzi deputatlar toxunulmazlıq hüququndan öz şəxsi maraqlarının təmin edilməsi üçün sui-istifadə edərək, özlərinə böyük biznes şəbəkəsi qururlar, sahibkarlıqla məşğul olurlar, əksər halda dövlət tərəfindən fermerlərə, kənd təsərrüfatına, müxtəlif biznes sahələrinə və sairə ayrılan subsidiyaları öz təsərrüfatlarına yönəldirlər. Bu rəydə olanlara görə, eyni zamanda, bir çox halda vergi və digər qurumlar deputatların sahibi olduqları biznes sahələrinə toxuna bilmir, orada araşdırma aparmaq istəsələr, maneə ilə üzləşirlər, ya da burada aparılan araşdırmalar formal xarakter daşıyır. İddialara görə, deputatlar öz toxunulmazlıq hüququndan bizneslərini genişləndirmək və sair məqsədlə istifadə edirlər.
Deputat toxunulmazlığının ləğv edilməsinə ekspertlər necə baxırlar?
Şəmsəddin Əliyev: “...bəzi millət vəkilləri toxunulmazlıq hüququndan sui-istifadə edirlər”
“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev hesab edir ki, deputatların toxunulmazlıq hüququ ləğv edilməlidir: “Fikrimcə, deputatların toxunulmazlıq hüququnun ləğv edilməsi lazımdır, çünki bəzi millət vəkilləri toxunulmazlıq hüququndan sui-istifadə edirlər. Bəzən onlar arasında elələri olub ki, toxunulmazlıq mandatı altında müəyyən xoşagəlməz işlər görüb, cəmiyyətin iradəsinə zidd addımlar atıb. Hətta elə millət vəkilləri də olub ki, öz mandatından istifadə edərək müxtəlif çirkin işlər törədib, parlamentdə dava salıblar. Qanun qarşısında bütün vətəndaşlar bərabərdirlər, bu baxımdan da seçici və deputat arasında heç bir fərq olmamalı, deputat da digər vətəndaşlar kimi davranmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, heç kəs özünü toxunulmaz hiss etməməlidir. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, xüsusi imtiyazlı şəxslər yoxdur və hər kəs qanun qarşısında bərabərdir. İşlərini qanun çərçivəsində görürsə və öz missiyasını layiqincə yerinə yetirirsə, cəmiyyətə, seçicisinə, dövlətə sədaqətlidirsə, deputatın toxunulmazlıq hüququ nəyinə lazımdır? Mənim fikrim belədir ki, deputat toxunulmazlığı ləğv olunsun” - deyə Ş.Əliyev qeyd etdi.
Samir Adıgözəlli: “Deputatların toxunulmazlıq hüququ aradan qaldırılmalıdır”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırma Mərkəzinin rəhbəri, siyasi icmalçı Samir Adıgözəlli bizimlə söhbətində bunun olduqca aktual məsələ olduğunu vurğuladı. “Olduqca aktual məsələyə toxunursunuz. Zaman-zaman bu məsələlər qaldırlıb. Buna səbəb isə bəzi millət vəkillərinin deputatlıq mandatından sui-istifadə edərək özbaşnalıq etməsi, yalnız öz bizneslərini genişləndirməklə məşğul olması, eləcə də digər davranışlarıdır. Elə deputat var ki, (keçmişdə də olub - S.A.) o, parlamentin iclasına zorla gətirilir, buna görə İntizam Komissiyası dönə-dönə həmin deputata xəbərdarlıq edir və sair. Son zamanlar bir qədər bu məsələlər azalıb, çünki deputatları sıxışdırırlar ki, parlamentə gəlin, iclaslarda iştirak edin. Bəzi adamlar deputat seçilir və deputatlıq mandatını götürür, deputat nişanını yaxasına vurur və bundan sonra ancaq öz biznesi ilə məşğul olur, şirkətini genişləndirir, oğlunu, qızını, qohum-əqrəbasını vəzifələrə qoymaqla, öz var-dövlətini, varidatını artırmaqla məşğul olur. Millət vəkili mandatı daşıyan belə adamlar dövlətə və xalqa lazım deyil. Millət vəkili millətin vəkilliyini etməli, onun dərdini-sərini parlamentdə qaldırmalıdır. Ona görə də deputatların toxunulmazlıq hüququ aradan qaldırılmalıdır, onların şirkətləri, biznes strukturları da yoxlanılmalıdır. Elə millət vəkili var ki, bəzi iri məmurlardan da oliqarxlaşmış, iriləşmişdir. Bu ölkədə heç kəs özünü toxunulmaz hiss etməməlidir.
İkinci Qarabağ müharibəsi dövründə cənab Prezident həm ön cəbhədə ordunun, həm də burada cəmiyyətin, medianın başında dayandı, eyni zamanda, xaricdən Azərbaycana iftira atanlara layiqli cavab verdi, bu zaman toxunulmazlıq hüququndan gen-bol istifadə edən bu millət vəkillərinin çoxu harada idi?”.
S.Adıgözəlli qeyd etdi ki, hətta millət vəkillərinin çoxu şəhid dəfnlərinə getmirdi, onların çoxu heç qazilərlə görüşmürdü. Müsahibimiz hesab edir ki, o insanların yalnız maddi, sosial-iqtisadi dəstəyə deyil, həmçinin, mənəvi dəstəyə də çox böyük ehtiyacları var, amma deputatların çoxu bunu etmir: “Millət vəkillərinin çoxu elə bilir ki, seçicilər bunlarla görüşmək istəyirsə, onlardan pul istəyəcəklər. Təbii, səndən pul istəyənlər də olacaq. Deputat gedib bir kənddə bir imkansız ailə ilə, şəhid ailəsi ilə, qazilərlə görüşürsə, həm də onlara bir mənəvi stimul verir. Ona görə deputat toxunulmazlığı onlarda belə rəy yaratmasın ki, onlar toxunulmazdırlar, belə deyil. Hesab edirəm ki, bəzi millət vəkillərinin deputat mandatı ilə qurduğu şirkətləri, biznes imperiyaları dərindən araşdırılmalıdır” - deyə S.Adıgözəlli bildirdi.
İradə SARIYEVA