Dünyanın nüvə silahlarının əksər hissəsinə sahiblik edən ABŞ və Rusiya arasında baş verənlər iki dövlətin yeni “soyuq müharibə”yə başlamasının göstəricisi kimi dəyərləndirilir. Xüsusən də ABŞ prezidenti Co Baydenin rus həmkarı Vladimir Putini qatil adlandırması vəziyyəti əhəmiyyətli dərəcədə gərginləşdirib.
Qeyd edək ki, Co Bayden "ABC" telekanalına müsahibəsində prezident Vladimir Putinin ABŞ seçkilərinə müdaxilə etdiyi üçün cavab verəcəyini bildirib. Bayden eyni zamanda Putini qatil adlandırıb. ABŞ prezidenti deyib ki, rusiyalı həmkarı Vladimir Putin qəlbi olmayan qatildir və tezliklə ABŞ-da noyabr seçkisinə müdaxilə etməsinin bədəlini ödəyəcək: "O bunun bədəlini ödəyəcək. Tezliklə görəcəksiniz”. Xatırladaq ki, bu günlərdə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisinin açıqladığı hesabat Moskvanı sabiq prezident Donald Trampı dəstəkləməyə cəhddə, Co Baydeni nüfuzdan salmaqda və ABŞ cəmiyyətinə nifaq toxumu səpməkdə ittiham edib. Seçkilərə təsir göstərməyə çalışdığı iddia edilənlər arasında İran, “Hizbullah” qruplaşması və Kubanın adı çəkilir. Çinin ABŞ seçkilərində aktiv səy göstərmədiyi ehtimal olunur. Kreml hesabatı əsassız və sübutsuz adlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Amerikadakı seçkilərin heç birinə qarışmadığını və belə keyfiyyətsiz materiallardan Rusiyaya sanksiya məsələsini gündəmə gətirmək üçün bəhanə olaraq istifadə edildiyini söyləyib. Yeri gəlmişkən qeyd edək ki, Birləşmiş Ştatlar müxalifətçi Aleksey Navalnının zəhərlənməsinə görə bu ayın əvvəllərində Rusiya rəsmiləri üzərinə qoyulmuş məhdudiyyətləri genişləndirib. ABŞ Ticarət Nazirliyi bildirib ki, martin 18-dən qüvvəyə minən yeni cəza tədbirləri Rusiyaya satışı qadağan edilən malların siyahısını genişləndirir. Söhbət, əsasən yüksək texnologiya, kompüter proqramları və ehtiyat hissələrindən gedir. Nazirliyin bəyanatında deyilir ki, dissidentlərə, öz sərhədinin daxilində və xaricində qanunsuz kimyəvi maddələrlə hücum edən Rusiya hökuməti Kimyəvi Silahların Qadağan Edilməsinə dair Konvensiya üzrə öhdəliklərini kobud şəkildə pozub, öz vətəndaşlarını və başqa ölkələrin vətəndaşlarını ölümcül risq altında qoyub. Bəyanatda bu da qeyd olunur ki, ABŞ Ticarət Nazirliyi bundan sonra da Rusiyanın həssas Amerika texnologiyalarına çıxışını məhdudlaşdırmaq istiqamətində çalışacaq.
Söhbət ilk növbədə kimyəvi silahlarla bağlı ziyanlı fəaliyyətlər üşün istifadə oluna biləcək texnologiyalardan gedir. Martın 2-də elan edilmiş sanksiyalar, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov da daxil, Rusiyanın 7 vəzifəli rəsmisinə tətbiq edilmişdi. Sanksiyalar həmin şəxslərin ABŞ-dakı hər hansı aktivlərini, bank hesablarını dondurur və onların ABŞ-a səfərinə qadağa qoyur. Vaşinqton Rusiyaya kimyəvi silahların hazırlanmasında kömək edən 14 şirkəti də sanksiya siyahısına daxil edib. Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko isə bildirir ki, ABŞ-ın Rusiya ilə silah və müdafiə xidmətlərinin idxalı və ixracına tam qadağa qoyması yalnız simvolik əhəmiyyətə malikdir: "Bu sanksiyalar siyasi və simvolik xarakter daşıyır. Rusiya ABŞ-dan hərbi məhsul almır və ya təmin etmir, bu baxımdan Rusiyaya bunun zərəri ola bilməz. Bu, düşmənçiliyin təsdiqindən başqa bir şey deyil. Bayden rəhbərliyinin Kremlə qarşı bu qərarları praktik baxımdan sıfıra bərabərdir".
Rusiyanın Vaşinqtondakı səfirliyinin bəyanatında isə deyilir ki, ABŞ-da keçirilən seçkilərə Rusiyanın qarışması ilə bağlı bu ölkənin kəşfiyyatının irəli sürdüyü ittihamlar əsassızdır. Diplomatlar onu da bildiriblər ki, ABŞ tərəfindən irəli sürülən növbəti ittiham ikitərəfli münasibətlərin normallaşmasına və Rusiya tərəfindən irəli sürülmüş ən aktual məsələlərin həllinin tapılması üçün ekspertlər arası bərabər və qarşılıqlı hörmətə əsaslanan dialoq təklifinə ziddir. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov Rusiya-ABŞ münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb. Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu xüsusda bildirib: “Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-la münasibətlər kontekstində nə edəcəyimizi və hara hərəkət edəcəyimizi analiz etmək üçün Moskvaya məsləhətləşmələrə dəvət edilib. Amerikanın yeni rəhbərliyi təxminən iki aydır hakimiyyətdədir, simvolik 100 gün mərhələsi çox da uzaqda deyil və bu, Co Baydenin komandasının nə etdiyini və nəyi etmədiyini qiymətləndirmək üçün uyğun bir səbəbdir". Rusiya XİN-in səfirin geri çağrılması ilə bağlı yaydığı məlumatda isə Moskva ilə Vaşinqton arasındakı münasibətlərin çıxılmaz vəziyyətdə olduğu bildirilir: "Amerikalılar bununla bağlı risqləri dərk etsələr, onların geri dönüşü olmayan deqradasiyasının qarşısını almaqda maraqlıyıq". Moskva bəyan edir ki, ABŞ-Rusiya münasibətlərində yaranmış vəziyyət Vaşinqtonun məqsədyönlü və qəsdən yürüdülən siyasətinin nəticəsi olub. O da vurğulanır ki, ABŞ rəhbərlərinin düşünülməmiş bəyanatları Moskva və Vaşinqtonun münasibətini təhlükə altına qoyur. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin isə Baydenin sözlərini ruslara qarşı təhqir kimi dəyərləndirib: “Bayden bu sözləri ilə ölkəmizin vətəndaşlarını təhqir etmiş oldu. Bu, çarəsizlikdən qaynaqlanan isteriyadır. Putin dövlətimizin başçısıdır, ona qarşı hücum ölkəmizə qarşı hücumdur”.
Ekspertlər isə qeyd edir ki, ABŞ-ın mövqeyi, Rusiyanın buna qarşı reaksiyası iki nüvə nəhənginin yeni “soyuq savaşı”nın göstəricisidir.
Nahid SALAYEV