Postmüharibə dövründə Ermənistanda bütün sahələr üzrə özünü qabarıq şəkildə göstərən böhran bu ölkədə yeni miqrasiya dalğasına rəvac verməkdədir. Artıq heç bir qüvvəyə etimad etməyən cəmiyyət üzləşdiyi problemlərdən xilas yolunu ölkə xaricində axtarır və sözügedən kontekstdə Ermənistanda emiqrasiyanın yeni dalğasının başlanacağı haqda çoxsaylı xəbərdarlıqlar edilir. Xüsusən də postmüharibə dövründə qeydə alınan ağır sosial-iqtisadi vəziyyət fonunda xarici ölkələrə miqrasiya əhalinin böyük əksəriyyəti üçün yeganə ümid yeri sayılır.
Elə “Sputnik Armeniya” portalı da bu kontekstdə yazır ki, əhalisi cəmi 2,9 milyon nəfər, əhali artımı əmsalı 1,7-ə bərabər ölkə yox olmaq üzrə olan ölkə deməkdir: “Bu rəqəmlər Ermənistana aiddir. Özü də müharibənin və pandemiyanın bu məsələdə rolu bir o qədər də çox deyil. Son illər bu ölkədə demoqrafik göstəricilər xeyli aşağı düşüb. Əhalinin artım əmsalı 1,7-ə qədər azalıb ki, bu da ailələrdə ikinci uşağın belə doğulmadığını göstərir”. Yazıda bildirilir ki, hazırda əsasən 1990-cı illərdə anadan olmuş gənclər ailə qurmalıdır, ancaq Ermənistanda yaşanan iqtisadi böhran səbəbindən həmin yaşda olan insanlar kütləvi şəkildə ölkəni tərk edib. Odur ki, 2020-ci ildə dünyaya gələn uşaqların sayı kəskin şəkildə aşağı düşüb.
Bununla belə, ermənilərin sayının azalmasına daha çox ölkədə doğum səviyyəsinin aşağı düşməsi səbəb olub. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu rəqəm 36 448-ə qədər azalıb: “Demoqrafik vəziyyətə ermənilərin kütləvi şəkildə xaricə miqrasiya etməsi də öz təsirini göstərir. Ermənistan müstəqillik qazanandan bugünə kimi bu ölkəyə gələnlərlə xaricə üz tutanların sayı arasındakı fərq 1 milyon 120 min nəfər təşkil edib. 2020-ci ildə Ermənistandan miqrasiya edənlərin 90%-i Rusiyaya üz tutub. Beləliklə, əgər 1992-ci ildə Ermənistanın əhalisi 3 milyon 633,3 min nəfər idisə, 2020-ci ilin son rübündə bu rəqəm 2 milyon 967,9 min nəfər təşkil edib”. Müqayisə üçün qeyd edək ki, son iki il ərzində Azərbaycanda əhalisinin sayı 122 min nəfər artıb. 2021-ci ilin fevral ayının 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı 3015 nəfər və ya 0.03% artaraq 10 milyon 122 148 təşkil edib. Əhalinin 49,9%-ni kişilər, 50.1%-i isə qadınlar təşkil edir. Hesabat dövründə ölkə ərazisində 10812 uşaq dünyaya gəlib ki, bu da hər 1000 nəfərə 12.7 körpə deməkdir. Azərbaycanda demoqrafik vəziyyət istənilən halda Ermənistanla müqayisədə olduqca yüksəkdir. Ermənistanda isə müşahidə olunan real vəziyyət bu ölkədən Rusiyaya yeni emiqrasiya fonunda demoqrafik problemin daha da kəskinləşəcəyini göstərir. Bu ölkədə əhalinin sayı rəsmi rəqəmlərdə 3 milyona yaxın göstərilsə də, reallıqda 1,5 milyona belə çatmır. Qalan əhalinin də böyük əksəriyyətinin ölkəni tərk etməyə hazırlaşması demoqrafik baxımdan Ermənistanı yeni fəlakətə sürükləyir. Hazırda Ermənistanı tərk edənlərin mütləq əksəriyyəti əmək qabiliyyətli kişilər, nəsilartırma yaşına çatan gənclərdir. Ümumiyyətlə, ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaşdadır. Bu da ölkədə demoqrafik durumu pisləşdirən əsas səbəblər sırasında yer alır. 44 günlük müharibə zamanı xeyli sayda gəncin qurban verilməsi də vəziyyəti pisləşdirib. Statistik məlumatlardan belə aydın olur ki, Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Cins quruluşu arasındakı fərq getdikcə artır və bu da demoqrafik problemi daha kəskin hala gətirir. Belə disbalansın əsas səbəblərindən biri məhz miqrasiyadır. Miqrasiya axını artıq təbii artımı üstələyib. Sovet dövründə Ermənistanda ildə 75-80 min uşaq dünyaya gəlirdisə, indi bu göstərici, yuxarıda qeyd olunduğu kimi, 40 mindən də aşağı düşüb və yeni miqrasiya dalğası fonunda daha da azalacaq. Bu şəraitdə əhalinin demoqrafik qocalması daha sürətli xarakter alacaq. Hazırda Ermənistanda demoqrafik qocalma əmsalı 13 faizdir. Bu da dünyada ən yüksək rəqəmlərdən biri hesab edilir. Ermənistanda mühacirətin davamlı xarakter alması sosial-demoqrafik vəziyyəti daha da ağırlaşdırır. Ölkədən miqrasiya axını yaş qruplarının tərkibində nisbəti əhəmiyyətli dərəcədə dəyişdirir. Bu şəraitdə iqtisadi tərəqqi, xüsusən də əməktutumlu sahələrin inkişafı daha çətin hala gəlir. Belə çıxılmaz vəziyyətdə Ermənistanın demoqrafik, iqtisadi böhrandan qaçmaq imkanları yoxdur. Dünya miqyasında koronavirus pandemiyası ilə bağlı səyahət qadağalarının tədricən yumşalması da Ermənistanı tərk edənlərinin sayında dinamik artımla müşahidə edilir. Ermənilərin bu fonda Rusiyaya axını əhəmiyyətli dərəcədə intensivləşib. Rusiyaya pənah aparanların bir qismi isə buradan digər ölkələrə üz tutur. Xaricə gedənlərin böyük əksəriyyəti Ermənistanı birdəfəlik tərk edənlərdir. Bu da demoqrafik problemi kəskinləşdirən əsas faktorlardan hesab edilir.
Ekspertlər qeyd edir ki, Ermənistanın regionda Azərbaycan, Türkiyə kimi mühüm qonşuları ilə münasibətlərini normallaşdırmadan inkişaf yoluna çıxması mümkün deyil. Belə inkişaf olmadan Ermənistanda əhalinin xaricə köçü dayandırıla bilməz. Elə bu səbəbdən Ermənistanın üzləşdiyi bu və digər problemlərinin həllinə gedən yol Azərbaycanla, Türkiyə ilə müvafiq əlaqələrin qurulmasından keçir. Cənubi Qafqazda kommunikasiya əlaqələrinin bərpası, yenilərinin yaradılması haqda Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar bəyanatlarından irəli gələn öhdəliklərin icrası isə Ermənistanın ölkəmizlə, Türkiyə ilə normal əlaqələr qurmasının ilk əsas şərtidir. Bu səbəbdən Ermənistanın həmin bəyanatlardan irəli gələn öhdəliklərini yerinə yetirməsi bu ölkənin öz gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir.
Ramil QULİYEV