Müzəffər Azərbaycan Ordusunun 30 illik həsrətimizə cəmi 44 günə son qoyması şanlı tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsindəki Zəfərimizdən aylar ötsə də, hələ də bu sevinci paylaşır, paylaşdıqca da qürur hissi keçiririk.
Zəfərimizdən illər ötsə belə, bu şanlı qələbəmiz hər zaman xatırlanacaq. 2020-ci il Azərbaycan xalqının, Azərbaycan dövlətinin tarixində əbədi olaraq Zəfər İli kimi qalacaq.
Ermənistanın terrorçu rəhbərliyi hesab edirdi ki, münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatların yaratdığı cəzasızlıq mühitindən, qondarma “status-kvo”dan sui-istifadə edərək Azərbaycan torpaqlarını illərlə işğal altında saxlaya biləcək. Amma Müzəffər Ali Baş Komandan İlham Əliyev “status-kvo”nu dəyişdi, daha doğrusu, özünün dediyi kimi, cəhənnəmə göndərdi. İllərlə münaqişənin həllini sülh yolu ilə həll etmək siyasəti yürüdən Ali Baş Komandan tarixi ədaləti “Dəmir yumruq”la bərpa etdi. Çünki işğalçı ölkə sülhü yox, terroru seçmişdi.
Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti bir daha özünü göstərdi. Dövlət başçısı həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunda böyük işlər gördü. Ölkə bütün gücünü səfərbər etdi.
Qüdrətli Azərbaycan Ordusu qısa zamanda düşməni torpaqlarımızdan qovmağa başladı. Kəndlərimiz, şəhərlərimiz işğaldan azad olunduqca və yüksəkliklər, zirvələr düşməndən təmizləndikcə, qələbə xəbərlərini qürur, sevinc qarışıq gözyaşı ilə qarşılayırdıq. Çünki bizim müharibə ədalətli müharibə idi, haqqımız olanı geri qazanırdıq. Ermənistan tərəfi isə işğalçılıq müharibəsi aparırdı. Azərbaycan Ordusunun zəfər yürüşü, Azərbaycan əsgərinin ayaq səsləri düşmənin bağrını yardı. Erməni əsgəri silahını da, bayrağını da atıb Qarabağdan, Azərbaycan əsgərinin qarşısından qaçmağa məcbur qaldı.
Azərbaycan gəncliyi sübut etdi ki, bu xalq döyüşkən xalqdır və öz haqqını heç kimə verən deyil. Böyük sərkərdənin mətin iradəsi ilə şanlı ordumuz, cəngavər oğullarımız müasir hərb tarixində vətənpərvərlik, qəhrəmanlıq, cəsarət və rəşadət nümunəsi, yüksək peşəkarlıq, ən müasir texnoloji və taktiki döyüş sənəti nümunəsini yaratdı; qısa zamanda düşməni məğlub edərək dünyanı heyrətləndirməyi bacardı.
İkinci Qarabağ müharibəsinin qalibi Azərbaycan əsgəri oldu. Ali Baş Komandanın əmrlərini layiqincə yerinə yetirən qəhrəman əsgər! O əsgərlər ki, son 30 ildə vətənpərvərlik ruhunda yetişib, Vətəni hər şeydən üstün tutublar. Silaha sarılıb “Vətən sənə canım fəda!” deyərək düşmənin üzərinə qartal kimi şığıdılar, Vətən müharibəsində böyük şücaət nümayiş etdirdilər.
Ali Baş Komandan onların qəhrəmanlığını, şücaətini yüksək dövlət orden və medalları ilə qiymətləndirdi. Onların fədakarlığı hər bir azərbaycanlı, xüsusən də gənc nəsil üçün örnəkdir. Bütün Azərbaycan xalqı, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşmənə göz dağı verdi. Azərbaycan Ordusunun qüdrəti sayəsində Qarabağın işğaldan azad edilməsi ilə xalqımıza bəxş edilən zəfər sevinci, qələbə ovqatı hər birimiz üçün iftixar və qurur mənbəyinə çevrildi. Bu, tarixi hadisədir. Çünki Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Bu, Azərbaycanın bütün dünyaya gücünün, qüdrətinin nümayişi idi.
İkinci Qarabağ müharibəsində hərbi-siyasi qələbəmiz regionda yeni reallıqlar yaratmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini məhz Azərbaycana yönəltdi. İndi dünya Azərbaycanın haqq savaşındakı qələbəsindən, aparılan döyüş əməliyyatlarından, igidlərimizin qəhrəmanlıqlarından danışır.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan İkinci Qarabağ müharibəsi müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biridir. “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın ən yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının sarsılmaz əzminin əyani təsdiqidir.
İndi bir tərəfdə müharibədə qalib gələn məğrur Azərbaycan, digər tərəfdə isə məğlub olaraq tarixinin ən ağır günlərini yaşayan Ermənistan dayanır.
Bu gün doğma Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır. Bu, tarixi qələbəmizin, zəfərimizin nidasıdır. Ali Baş Komandanın illər öncə söz verdiyi kimi, həmin qələbə bayraqları Bakıya gətirildi və möhtəşəm Zəfər paradında vüqarla dalğalandı. Dünya Azərbaycanın gücünə, qüdrətinə bir daha şahidlik etdi.
Bu gün qalib Azərbaycan dövlətinin yaratdığı reallıqlar nəticəsində bölgədə tam yeni və fərqli dövr başlayır. İşğaldan azad olunan bütün şəhər və kəndlərimiz, qəsəbələrimiz yenidən qurulur. Artıq Böyük Qayıdışa hazırlaşırıq. Tezliklə məcburi köçkünlərimiz öz doğma yurdlarına qovuşacaq, Qarabağ yenidən cənnətə dönəcək.
Humay Məmmədova, Dövlət Gömrük Komitəsinin “Könüllü Gömrükçü” dəstəsinin üzvü