Bülbülə gölünün kənarında yerləşən eyniadlı kəndin qədim qəbirstanlığına bitişik hissədə (əvvəllər “Qədir bağı” yeri adlanan sahə) Şəhidlər məzarlığı al-qırmızı güllər içərisində uyuyan Qarabağ müharibəsinin 40 Qəhrəmanını öz qoynuna alıb. Bu müqəddəs məkan həm də 1918-ci ildə hay-daşnak quldurlarının kəndin cənub-qərbindəki, 4-5 km aralıdakı Küyül dağı istiqamətindən hücumlarına tuş olan “Hacı Camal bulağı”, “Naxır bulağı” əhatəsinin bir hissəsidir, həm də o dövrün cəbhə xətti kimi tarixi səhifədə yer tutur.
Əski və keçmiş tarixi mənbələrin (A.A.Bakıxanovun (1794-1847) “Gülüstani-İrəm”, S.B.Aşurbəylinin (1906-2001) “Bakı şəhərinin tarixi” (1962) əsərləri) və səyyahların (Övliya Çələbinin (1611-1682) “Səyahətnamə” kitabının II cildi; H.Z.Şirvanınin (1780-1838) “Səyahət gülzarı” (1833) əsərində; italiyalı səyyah-diplomat M.Polonun (1254-1324) “Marko Polonun kitabı”nda (1298); fransız yazıçısı A.Dümanın (1802-1870) “Qafqaz səfəri” nəşrində (1859); rus taciri-səyyahı A.Nikitinin (1433-1472) “Üç dəniz arxasında” (1469) əsərində...) məlumatlarına görə, neftlə-duzla zəngin Abşeron yarımadasında, Bakı şəhəri yaxınlığındakı (15-16 km) Bülbülə kəndi təbii-coğrafi ərazi baxımından, tarixi, dini-irfani irsinin zənginliyinə görə, qiymətli əkin-örüş və yeraltı su mənbələrinin sıxlığı ilə seçilən yaşayış məntəqəsi kimi təsvir edilir.
Təsadüfi deyil ki, XIX əsrin II yarısında, XX əsrin əvvəllərində İrəvan və Qarabağ mahallarında hay kilsəsinin fətvası və hay sürüsünün qanlı (silahlı) əlilə kökənli müsəlman-türk əhalisinə qarşı törədilən soyqırım-qətliam faciələrini yaşayan ailələrdən Bakı şəhərinə və Bülbülə kəndinə sığınanlar da olub.
İrəvan şəhərinin mərkəzi məhəlləsindəki “Göy gümbəz məscidi” yaxınlığında yaşayan İslam Nəsir oğlu Bağırovun (1913-2000) atası 1914-cü ildə hayların süngüsünə qurban olduqdan sonra 1915-ci ildə çoxsaylı ailələr sırasında onlar da Bakı şəhərinə pənah gətirib (bu ailə sonralar (1982-1988-ci illərdə) Azərbaycan KP MK-nın I katibi olmuş Kamran Məmməd oğlu Bağırovun (1933-2000) əmisinin olub). İndi həmin nəslin xələflərindən olanlar Bülbülə kəndində yaşayır, Qarabağdan köçənlər də laçınlılar məhləsi yaradıblar.
Daha sonra kəndin imkanlı sakini Hacı Xanbalanın (1829-1914) həyətində Cənubi Azərbaycan Milli hökumətinin sədri S.C.Pişəvəri (1892-1947) yaşayıb, 1905-1913-cü illərdə ilk təhsilinə və əmək fəaliyyətinə bu kənddə başlayıb.
Eləcə də, Kərbəlayı Əlifxan Fərman oğlu (1866-1934) 1905-1908-ci illərdə İ.Stalini faytonunda gəzdirib, mühafizə edib. Həttabu kənddə Nağı Bəhram oğlunun (1894-1946) evində 1906-1908-ci illərdə İ.Stalinin gizləndiyi də bildirilir.
Mühüm tarixi hadisələrə malik Bülbülə kəndində yeraltı su qaynaqlarının (çeşmələrinin) daha çox üzə çıxdığı (pülə-pülə qaynayan, pilpiləlik) əski, qədim hissələr əsasən mərkəzi (dini ibadət və ziyarət ocaqları yaxınlığında) və güney sahələrdə (Bülbülə gölü ətrafında) olub. Hidro-orotoponim kimi adının mənşəyi də “daha çox yeraltı su laylarının üzə çıxdığı yer” kimi məna daşıyır. Təsadüfi deyil ki, bu kəndin qərbində, “Hacı Sonqulu” məhəlləsində Pülpülə, cənub hissədə Bülbül, Hacı Camal, Rəcəb, Hacı Məzahir... bulaqları, eləcə də şirin su quyuları tarixən hidroloji mənbə kimi (əksəriyyəti VII-VIII əsrlər yadigarı Muhammad Sadiq İmamzadə məscidi ətrafında olmaqla) həm də qorunub saxlanıb.
Əsasən bu suların toplanmasından yaranan Bülbülə gölü 1952-ci ilədək saf su mənbəyi kimi istifadə edilib, əkin-bostan yerləri suvarılıb, yazda, yayda gölün suyu azalanda təmiz xörək duzu yığıb aparırlarmış, yayda hətta göldən piyada da keçirlərmiş, 1941-1945-ci illərdə.
1905-1906-cı və 1918-1920-ci illərdə bu göl və ətrafı həm də təbii səngər yeri olub hay-daşnak və rus-bolşevik silahlı qüvvələrinin kəndə basqının qarşısının alınmasında. İndiki Bakıxanov qəsəbəsi istiqamətində (kəndin cənub-qərbində), yüksəklikdə, düşmən cəbhəsində quraşdırılmış toplarla Bülbülə kəndi atəşə tutulub. Hay-bolşevik nizami silahlı quldur dəstələri Sabunçu dairəsində qərargah və düşərgə qurmuşdular.
Ona görə də birləşmiş düşmən dəstələri (həm süvari, həm də piyada) əsas zərbəni şimal hissədən, dəmiryolu xətti boyunca daxil olan zirehli qatarlarla da həyata keçirib. Bülbülə kəndinin döyüş mövqeyi-səngər müdafiəsi yerli özünümüdafiə qüvvələrinin, Azərbaycan Milli Ordusunun və 5-ci Qafqaz-Türk ordusunun heyəti hesabına düşmənin Sabunçu və Maştağa-Zabrat istiqamətlərindən edilən hücumlarının qarşısının alınmasına yönəlib. Ona görə də ən ağır döyüşlər, hadisə şahidlərindən Şahzadə Hacı Atamoğlan qızının (1873-1978), Xanımana Əlican qızı Əliyevanın (1872-1964), Teyyub Qəni oğlu Cavadovun (1904-1934), Kərbəlayı Əliyoldaş Məşədi Səlim oğlunun (1844-1964), Ələkbər Məşədi Ələsgər oğlu Quliyevin (1906-2002), Həmzə Zəki oğlunun (1903-2000)... söyləmələrinə görə, bu tərəflərdə olub.
Bir cəhəti də qeyd etmək lazımdır ki, 1905-1906-cı illərdə Şuşa şəhəri və ətraf kəndlərində hay kilsə və daşnak quldurlarının yerli müsəlman-türk əhalisinə qarşı törətdiyi soyqırım faciələrindən qurtulan bir neçə ailə Bülbülə kəndində yaşasa da, 1918-1920-ci illərdə yenidən həmin qətliamlara burada da məruz qalıblar. Belə ki, Şuşa qəzasından köçüb bu kənddə şuşalı xanım Seyid Səkinə (1896-1918) ilə ailə quran Əliş Muxtar oğlu Əliyev (1868-1918) 6 nəfərlik doğmaları ilə birlikdə hay quldurları tərəfindən evində yandırlaraq amansızlıqla qətlə yetirilib. Onların xatirə məzarları hazırda kənd qəbirstanlığındadır. Bu ailədən olan aşıq-şair Cavad da bu qətliamın qurbanı olub, onun zəngin ədəbi-bədii irsi isə yandırılaraq məhv edilib.
Yerli özünümüdafiə qüvvələrinin təşkilində, dinc sakinlərinin ətraf kəndlərə köçürülməsində (camaat kənddən 20 km aralıdakı Buzovna-Maştağa kəndləri arasındakı Təmənis (yerlilər ora “Çiləgər” deyir) bağlarına sığınmışdılar) kənd sakinlərindən Kərbəlayı Sabir Hacı Əhliman oğlu Rəhimovun (1882-1976), Kərbəlayı Əbülhəsən Məşədi Səlim oğlunun (1885-1975) zəhməti böyük olub. Kəndin yüzbaşısı Kərbəlayı Qurbanəli Şıxağa oğlu (1875-1918), Ramazan Hacı Atamoğlan oğlu 18 yaşında bu döyüşlərdə (Suraxanı yolu üstündəki Pirin yanında) şəhid olub.
Döyüş-səngər yerlərindən biri də kəndin cənubundakı “Qədir bağı” (Qədir kişi Kərbəlayı Xanların ata babası idi) yerində olub. Burdan sonra quldurlar kəndin Qəhrəmanlılar tayfasının yaşadığı məhləyə daxil olaraq evləri qarət edib, od qalayıb, 15 nəfər dinc sakini süngüdən keçiriblər (çoxusu yorğan-döşəkdə gizlənmişdir), nəslin ağsaqqalı Qəhrəman kişi başda olmaqla.
Birləşmiş düşmən qüvvələrinin əsas hücumu həm də Suraxanı kəndi istiqamətindəki ziyarətgahın üstündəki yüksəklikdən, Mərdəkan kəndinə gedən “Qəmbərlik” yolundan, dəmiryolunda yığdıqları silah-sursat mənbəyindən edilib.
Düşmən qüvvələri Bülbülə kəndindən sonra Əmircan, Suraxanı kəndlərinə hücum ediblər. Köməyə gələn Türk-Qafqaz ordusunun bir neçə tağımı Balaxanı kəndində düşərgə qurub (cəbhə xəttindən 4-5 km aralı). Onlara qarşı əli silah tutan dəstə üzvlərindən, eləcə də Əbdürrəhim Xəlifəqulu oğlu, Məşədi Əhliman, Hacı Sahib, Ramazan Hacı Ağamoğlan oğlu, Sultan Qeysbəy Kərbəlayı Ağalarbəy oğlu, Balakərim Kərimov bu döyüşlərdə iştirak ediblər. Ərzaq təchizatını Balaqardaş Seyidəli oğlu (1881-1966) ödəyib, öz təsərrüfatından gündə bir qoyun kəsib göndərirmiş, Məşədi Ağakərim Kərbəlayı Kazım oğlu (1876-1962) saxladığı naxırın südü-qatığı ilə təmin edib əsgərləri. Bu maddi köməklik 5-ci Qafqaz İslam Ordusunun Balaxanı kəndində qərargah-düşərgəsi fəaliyyət göstərdiyi dövrdə də davam edib.
Elə bu köməkliyə görə sonradan hakimiyyətdə yerləşən hay-daşnak qüvvələri 1937-ci ildə Məşədi Ağakərim Kərbəlayı Kazım oğlunu repressiya olunanlar siyahısına daxil və həbs etdikdə Suraxanı rayon xəsətəxanasının baş həkimi Dövlət Təhlükəsizlik Komitəsinə rəsmi bildirib ki, xəstələrin ağartı məhsulları ilə təmənnasız təminatını bu adam ödəyir, ondan sonra o, həbsdən azad edilib.
1918-ci ilin avqust ayında boşalan kəndə, evlərinə baxmağa gələn Əbdürrəhim Xəlfəqulu oğlu (1895-1918) pusquda duran silahlı hayların əlinə keçir, onun kürəyinə qaynar camovar bağlayaraq işgəncə ilə qətlə yetirirlər.
Ümumiyyətlə, bir cəhəti qeyd edək ki, birləşmiş düşmən qüvvələri (Bakı Xalq Komissarları və XI Ordunun yerli nökərləri) Abşeron yarımadasını ələ keçirmək və yerli əhalini dənizə tökmək, məhv etmək kimi mürtəce hərbi-siyasi məqsədinə çatmaq üçün Bakı şəhərindən açılan 3 cəbhə xətti-istiqamətdən, əsas hədəfdən biri Bülbülə-Əmircan kəndləri olub.
Bu kəndlər bir növ Abşeron yarımadasının şimal-şərqindəki Sabunçu, Mərdəkan, Maştağa, Buzovna, Qala... kəndlərinin qorunub-saxlanması üçün sipər rolunu oynayıb.
Qısmət YUNUSOĞLU Bakı Dövlət Universitetinin müəllimi
P.S. Yazının hazırlanmasında həm də Bakı şəhəri, Suraxanı rayonunun Bülbülə qəsəbə sakinləri Təranə Kommuna qızı Cəbiyevanın (1968), Qubat Bəhrəli oğlu Bağırovun (1941), Əbdüləzim Əvəz oğlunun (1956) məlumatlarından istifadə edilib.