"Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır".
Bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdıqdan sonra çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq: “O ki qaldı mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi".
Göründüyü kimi, ölkə başçısı hərbi əməliyyatların gedişi zamanı erməni mülki əhalisinə ziyanın dəymədiyini bildirib. Ancaq müqayisədə deyə bilərik ki, münaqişənin mövcud olduğu tarix boyunca ermənilər bizim mülki əhalimizə qarşı kifayət qədər qətliamlar törədiblər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər tarix boyu xalqımıza qarşı açıq terror aparıblar: “Biz bunu istər tarixi faktlara söykənərək deyə bilərik, istərsə də son münaqişənin mövcud tarixə ekskurs edərək. Tarixdə bizim başımıza açılan 31 mart soyqırımı var. Müxtəlif illərdə əzəli torpaqlarından deportasiyaya məruz qalan soydaşlarımıza qarşı ermənilər hər zaman soyqırım törədiblər. Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu zaman ərzində də ermənilər daima bizim mülki əhalimizə qarşı bilərəkdən ən qədar üsulları tətbiq edib, onları məhv ediblər. Bura istər açıq terror hadisələrini, istərsə də hərbi münaqişə ərazisindəki qətliamları aid edə bilərik. Münaqişənin yeni alovlandığı vaxtlarda ermənilər bir neçə dəfə mülki şəxslərin olduğu avtobusları və qatarları partladıblar. O vaxtkı Azərbaycan siyasi elitasının Qarabağ üzərində uçduğu mülki helikopteri 1991-ci il noyabrın 20-də Qarakənd üzərində vurublar. 90-cı illərin əvvəlində Qaradağlı, Xocalı kimi faciələri törədib, dinc əhalimizi qırıblar. Sonrakı atəşkəs adlanan dönəmdə də, hətta sıralarında azyaşlı uşaqların həlak olduğu faiciələrə imza atıblar. 44 günlük müharibə ərzində də onlar Gəncə, Bərdə və digər şəhərlərimizi ağır raketlərlə atəşə tutublar. Müharibənin getdiyi ərazilərdən 100 kilometrlərlə uzaqlıqda olan şəhərləri belə hədəf seçmək erməni vəhşiliyindən başqa nəsə deyil. Ermənistanın və qondarma qurumun siyasi rəhbərliyi həmin qətliamların məsuliyyətlərini açıq şəkildə öz üzərlərinə götürüblər. Əksər hallarda isə ermənilər mülki insanların yatdığı vaxtda şəhərlərimizi raket atəşinə tutublar. Bizim addımlarımız barədə isə Prezident ətraflı məlumat verdi. Bu kiçik müqayisə bir çox mətləblərdən xəbər verir və Ermənistanın barbar mahiyyətini bir daha açıb ortya qoyur”.
Məhəmmədəli QƏRİBLİ